Hazırda ön cəbhədə şiddətli döyüşlər gedir - Müdafiə Nazirliyi

14 İyul 2020 14:30    1938 Baxış   
Hazırda ön cəbhədə şiddətli döyüşlər gedir -  Müdafiə Nazirliyi
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Dominant.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə əlaqədar bəyanat yayıb:

"Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Həşimov Polad İsrayıl oğlu və polkovnik Mirzəyev İlqar Anzor oğlu, həmçinin düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun mayor Əhmədov Namiq Hajan oğlu; mayor Novruzov Anar Gülverdi oğlu; gizir Zeynallı İlqar Ayaz oğlu; gizir Babayev Yaşar Vasif oğlu; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur.

Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.

Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar