Hərbi sahəyə böyük diqqət yetirilir

28 Dekabr 2021 13:03    414 Baxış   
Hərbi sahəyə böyük diqqət yetirilir

Vətən müharibəsinin bitməsinə rəğmən, ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi, modernləşdirilməsi ən ümdə vəzifə kimi daim diqqət mərkəzində saxlanılır. Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğı, döyüş hazırlığı, maddi-texniki bazanın daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır. Çünki Vətən müharibəsi göstərdi ki, güclü ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm qələbənin kökündə dayanan reallıqlardır. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə hazırkı dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirib.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və onlar ən müasir hərbi texnikalarla təchiz edilir. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Qarşıda dayanan əsas vəzifələrdən biri ordunun daha da gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır. Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Vətən müharibəsindən 1 ildən çox vaxt ötməsinə baxmayaraq, dünyanın inkişaf etmiş ölkələrinin hərbi ekspertləri hələ də Azərbaycan Ordusunun müasir döyüş taktikasından, Şuşa əməliyyatlarından danışırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır, Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillərlə təmin olunur. Bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev ailəsi ilə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşaya səfər etdilər. Ümumiyyətlə ad günlərində Prezident cənab İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu ildə də 60 illiyini ailə üzvləri ilə birlikdə Qarabağda - Şuşada keçirdi. Səfər çərçivəsində Hadrut qəsəbəsində hərbi hissənin açılışında da iştirak etdilər. Nəticə etibarilə, bütün bunların hamısı qeyd olunan uğurlu işlərin davamıdır. Onu da vurğulamaq istəyirəm ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Bunun nəticəsində Şuşaya gedən yol açıldı. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.
Sonda xüsusi vurğulamaq istəyirəm ki, qazanılan uğurlar və görülən işlər onu göstərir ki, müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla və uğurla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini daha da artırır. Bütün bunlar isə İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Ona görə də Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə inanır, hər bir işdə ona güvənir.



Əli Musayev, Qarabağ müharibəsi veteranı, 299 nömrəli məktəb-liseyin hərbi rəhbəri




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar