“Həyətdə, azı 200 polis vardı, elə bildik, müharibə başlayır” – Gündəmi zəbt etmiş ünvandan REPORTAJ

09 İyun 2020 11:24    1909 Baxış   
“Həyətdə, azı 200 polis vardı, elə bildik, müharibə başlayır” – Gündəmi zəbt etmiş ünvandan  REPORTAJ
"Burada insanlarda birlik yoxdur, dünən oğlana görə çığır-bağır edənlərin heç biri bu gün həyətə çıxmadı, polislə anlaşmağa çalışmadı"

Dünən Yeni Yasamalda baş verən hadisələr cəmiyyəti iki hissəyə ayırdı. Bir hissə polisə, digəri sakinlərə haqq qazandırdı. Həmçinin hər iki tərəfi qınayanlar da oldu. Ancaq cəmiyyətin daha böyük kəsimi hesab edir ki, polis bu məsələdə ona təzyiq göstərən vətəndaşlardan heç də geri qalmayıb, əksinə daha xoşagəlməz davranış sərgiləyib. Halbuki polis öz vəzifələrini yerinə yetirərkən qanunun ona yol verdiyi çərçivədə davranmalıydı.

Hadislər zamanı elə polisin özü tərəfindən qeydə alınmış və sosial mediada yayılmış görüntülər də bunu sübut edir. Videolardan aydın görünür ki, dünən baş verənlər zamanı "Polis haqqında" Azərbaycan Respublikası Qanununun I və II maddələri pozulub. Qanunda, hətta qatı cinayətkara qarşı belə, polisin hərəkət sərhədləri müəyyənləşdirilib.

Təbii ki, bu, sadəcə cəmiyyətin bir hissəsinin fikridir. Maraqlıdır, həmin ərazidə yaşayanlar bu barədə necə düşünür? Ümumiyyətlə hadisə nədən qaynaqlanıb, bilmədiyimiz hansı səbəb sakinləri polisə qarşı belə aqressiv davranmağa sövq edib?

Suallarımıza cavab tapmaq məqsədilə üz tutduq hadisələrin cərəyan etdiyi ünvana – Yeni Yasamal, Dadaş Bünyadzadə 15-ə. Həyətə yığılmış bir neçə yaşlı qadınla danışmağa cəhd etdik. Baş verən hadisə bina sakinlərinə o qədər pis təsir etmişdi ki, heç kim danışmaq istəmirdi, danışmaq istəyənlər də nəinki video, foto çəkiliş etməyimizə, adlarını açıqlamağımıza belə, razı olmadılar.

Sakinlərdən biri, çətinliklə də olsa, baş verənlər barəsində bunları danışdı: “Səhər 6-da səs-küyə oyandıq, həyətdə həm polis uniformasında, həm də sıravi geyimdə, azı, 200 polis vardı. Elə bildik ki, müharibə başlayıb, Qarabağa hücuma hazırlaşırlar. Balkona qaçdıq, həyətə düşmək istədik, görək yenə nə baş verir, polislər qışqırmağa başladılar ki, “həyətə düşməyin, balkona çıxmayın, girin evə”. Ancaq axşamdan bir-neçə polis əlində siyahı həyətdə gəzirdi, bildik ki, qabaq həyətə balkonu olan mənzilləri sayırlar, polisə zibil atanları dəqiqləşdirirlər”.

Məqam düşmüşkən, yaşlı qadının sözünü kəsməyə məcbur qalıb, bir gün öncə - polisin başına zibil atılan gün nə baş verdiyinə aydınlıq gətirməsini xahiş etdik: “Polisə zibil atılan gün tutulan taksi sürücüsü Turqay idi. Turqay blokun ağzında siqaret çəkirmiş, polis ona yaxınlaşıb ki, evinə getsin. O da məhləsi olduğunu bildirərək polisin göstərişinə əməl etmək istəməyib. Buna görə də aralarında mübahisə yaranıb. Sonra Turqay qaçmağa cəhd göstərib və məlum hadisə baş verib. Həmin qonşular da hadisədən əvvəl yaşananları görməyiblər, polis Turqayı maşına basanda balkonlardan hay-küy qopdu, yuxarıdan zibil atmağa başladılar”.

Söhbətimizin bu məqamında digər bir sakin müdaxilə etdi: “Elə həmin gün gecəyə kimi həyət polislə dolu oldu, bu gün də (reportaj dünən axşam hazırlanıb – red.) səhər 6-nın yarısından qvardiya kimi həyətə yığışmışdılar. Bu yaşıma qədər belə hadisə görməmişdim, rəsmən dəhşət yaşadıq. Hələ də həyəcan içindəyik, uşaqlar qorxub, xəstələrin səhhəti ağırlaşıb, dünəndən bəri binada neçə evə ambulans gəlib. Başağrısından dayana bilmirəm, gözümü yuman kimi həmin səslər qulağıma dolur”.

Sakinlərdən öyrəndiyimizə görə, polis, ümumilikdə 11 nəfəri aparıb: “Deyəsən, aralarında bir nəfər qadın da var idi. Zibili ikinci blokdan atmışdılar, ən çox da o blokdan apardılar, bir nəfər də 3-cü blokdan bərbəri tutub apardılar. Bərbərin həyat yoldaşı xərçəng xəstəsidir, azyaşlı uşağı var, anası oğlunun arxasınca ağlaya-ağlaya qaldı. Binanın komendantı qadındı, polislər ondan soruşdu ki, “zibil atanlar kimlər idi”, o da sakinləri təhqir etdi. Qonşulardan yaşlı biri komendanta etiraz elədi ki, “bu necə qadına yaraşmayan danışıqdır, niyə hamını təhqir edirsən?” Polis həmin kişini də tutub apardı. Polislər gedəndə də deyirdilər ki, “qışqırın da dünənki kimi, fit çalın da, söyün də bizi, niyə səsiniz çıxmır?”

Sakinlər polislərin onlarla necə davranması ilə bağlı sualımızı belə cavablandırdılar: “Yayılmış videolarda hər şey aydın görünür zatən, başqa nə deyək?! Bir-bir evlərə soxuldular, günahı olmayan sakinləri belə, gecə geyimində yataqlarında çəkdilər, sonra da həmin görüntüləri internetdə yayımladılar. Polislə bərabər üzərində “PRESS” yazılmış geyimdə olanlar da var idi, bəlkə də onlar çəkirdilər, dəqiq bilmədik. Adamlara heç paltar geyinməyə imkan vermədilər, at paltarında həyətə düşürüb maşına mindirdilər. Ürəyinə təzəlikcə stend qoyulmuş yaşlı qonuşumuzu belə, arvadının yalvarışlarına baxmayaraq, apardılar”.

Xanımlarla söhbətimizə Türkiyə türkcəsində danışan bir gənc də qoşulur. Əslən İzmirdən olan gənc karantinə görə Bakıda qaldığını və həmin binada kirayə yaşadığını qeyd edəndən sonra şahidi olduğu hadisə barəsində bunları deyir: “Nə baş verir, anlamadıq. Türkiyədə polis terrorçunu belə, alt geyimində evindən götürməz. Burada insanlarda birlik yoxdur, dünən oğlana görə çığır-bağır edənlərin heç biri bu gün həyətə çıxmadı, polislə anlaşmağa çalışmadı. Elə həmin oğlanı tutub aparanda belə, insanlar düşüb polislə mülayim danışsaydılar, xahiş etsəydilər, bəlkə də polis buraxardı o oğlanı. Amma heç kim düşmədi, yanlış etdilər, polisə zibil atdılar. Polis də bu gün yaşlı, uşaq, qadın demədən, çox pis davrandı insanlarla. Həmin polislər Qarabağı ermənidən bir saat içində ala bilərlər”.

Həmsöhbətimiz Azərbaycandakı karantin qaydlarını Türkiyə ilə müqayisə də etdi: “Ailəmlə hər gün danışıram, Türkiyədə də neçə müddətdi belə karantin idi, ancaq insanlara çörək almağa, zibil atmağa, kandarda durmağa icazə veridilər. Polis küçədə vətəndaşı görəndə anlayışla başa salırdı ki, yaxşı olar, evdə qalasınız. Daha buradakı kimi küçədə adamı təpiklə, dəyənəklə maşına basıb aparmırlar. Türkiyədə prezidenti söyənlə belə, polis vəhşicəsinə davranmır. Hələ Türkiyə o qədər də inkişaf etmiş ölkə deyil”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatın görə, dünən aparılan şəxslər Yasamal rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535-ci - Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham olunub. 11 nəfər barəsində 10,15,30 sutka inzibati həbs cəzası kəsilib.

Dominant.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar