Hökumət qarşısında tələb: Maskalar pulsuz paylanmalıdır

06 İyun 2020 17:50    356 Baxış   
Hökumət qarşısında tələb:  Maskalar pulsuz paylanmalıdır
Həm məcburiyyət, həm ticarət: Belə olmur, ay hökumət!

Milli Məclisin plenar iclasında nəhayət ki, millət vəkilləri koronavirusdan qorunmaq üçün maska taxmayan insanlara kəsiləcək cərimələrin məbləğini müəyyənləşdirə bildilər. Mülki Məcəlləyə edilən dəyişikliyə görə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimələnəcəklər. Eyni səbəbdən ikinci dəfə qanuna əməl etməyən fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isəı 400 manat cərimə ödəməli olacaqlar.

Mülki Məcəlləyə dəyişikliklər müzakirə olunan zaman bəzi millət vəkilləri fiziki şəxslərin ödəməli olduğu cərimənin məbləğinin aşağı salınmasının, 20-25 manatın daha münasib olduğunu bildirdilər. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış qeyd etdi ki, adi insanlar üçün cərimə məbləğini 50 manat etmək ədalətli deyil. Onun fikrincə, bu məbləğ ən azı iki dəfə azaldılmalıdır, çünki ən çox cərimələnənlər aztəminatlı insanlardır. Amma qəbul edilən qərardan görünür ki, deputatın təklifi nəzərə alınmayıb.

Cərimə qərarı ictimaiyyətin də böyük narazılığına səbəb olub. Vətəndaş cəmiyyətinin üzvləri və ümumilikdə sadə vətəndaşlar hesab edirlər ki, bu qərarı verərkən hökumət maskaların ya pulsuz paylanmasını təşkil etməli, ya da heç olmasa, qiymətinin aşağı salınması barədə göstəriş verməliydi. Etiraf edək ki, Sumqayıtda yeni zavod açılandan və “Gilan Tekstil”in nəzdində yeni sex yaranandan sonra ölkədə tibbi maska qıtlığı tam aradan qalxıb.

Dominant.az xəbər verir ki, iqtisadçı-ekspert Nemət Əliyev AYNA-ya açıqlamasında deyib ki, məntiqlə yerli istehsalın artması maskaların qiymətini aşağı salmalıydı.

Lakin o, hazırda əks prosesin müşahidə edildiyini bildirib: “Koronavirusdan əvvəl 3-4 qəpiyə satılan maskanın qiyməti sonradan 30 qəpiyə qalxdı. İndi yerli istehsal ola-ola, qiymət enmir. Yəni zavodun açılışı zamanı biznesmenlər yaranmış situasiyadan istifadə edərək, qiyməti qaldırdılar. O zaman əhali elə də güclü reaksiya vermədi, amma maska taxmaq məcburi qaydaya çevriləndən sonra (və nəzərə alsaq ki, 30 qəpiklik maska hər iki saatdan bir dəyişilməlidir) bir ailə üçün əhəmiyyətli bir məbləğ alınır. Odur ki, bəzi vətəndaşlar qayda-qanuna əməl etmək istəsələr belə, bunu edə bilməyəcəklər. Çünki, maskaya ayda 100 manat vermək imkanları yoxdur. Maskasız gəzmək isə risklidir: həm virusa yoluxa bilərsən, həm də cərimə oluna bilərsən”.

Qeyd edək ki, bir müddət əvvəl hökumət tibbi maskaların taxılması məcburi olduğu ictimai yerlərin siyahısını təsdiqləmişdi. Bu siyahıya nəqliyyat, bazarlar, iaşə, ticarət və xidmət müəssisələri, habelə dövlət orqanlarının binalarında vətəndaşların qəbulu və xidməti üçün nəzərdə tutulmuş ərazilər daxildir.

Bundan əlavə, siyahıda müştərilərə xidmət etmək üçün istifadə olunan fiziki və hüquqi şəxslərə məxsus binalarda tibbi maska və respirator geyinmək məcburidir; ofislər və açıq istehsal sahələri; tarixi və mədəniyyət abidələri sayılan qapalı məkanlar, dini ibadət yerləri, elmi və tibbi müəssisələr, sosial, mədəni və digər oxşar qapalı yerlər; ictimai nəqliyyat dayanacaqları, bilet kassaları, bankomatlar və ödəniş terminalları, ticarət obyektləri qarşısında növbələr də yer alıb. Buraya ictimai yerlərdə insanlar arasında sosial məsafəni saxlamaq mümkün olmadıqda, digər hallar da daxildir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar