"Hökumət dəstək mexanizmləri barədə düşünməlidir" - İqtisadçıdan SOS

13 İyun 2020 10:14    404 Baxış   
"Hökumət dəstək mexanizmləri barədə düşünməlidir" -  İqtisadçıdan SOS
"Operativ Qərargahdan bəyan ediblər ki, uzunmüddətli sərt karantin rejimi bərpa edilə bilər. Aprel-may aylarını əhatə edən məhdudiyyətlər əsasən turizm, ictimai-iaşə, topdansatış və qeyri-ərzaq ticarətinə ağır zərbə oldu. Artıq karantin rejiminin uzanması aqrar sektora öz zərbələrini vurmağa başlayır".


Dominant.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev "Facebook" hesabında qeyd edib.


Ekspert qeyd edib ki, aqarar sektor daha böyük sayda əhali kütləsi üçün dolanışıq və həyatda qalma mənbəyidir: "Əgər hökumət sərtləşdirməyə gedirsə, bu sektorun itkilərinin azaldılması və dəstək mexanizmləri barədə düşünməlidir. Məsələn, indiki təcrübədə 2 günlük sərt rejim tətbiq olunursa, bu, o deməkdir ki, fermerlər, ən azından, 3 gün böyük bazarlara məhsul göndərə bilmirlər. Kənd təsərrüfatı məhsullarının əsas istehlakçısı isə giriş-çıxışı tam bağlanan iri şəhərlərdir. Xüsusilə də meyvə-tərəvəz məhsulları gündəlik dərilib bazara çıxarılmadıqda itkilər baş verir".


"Hələlik hökumətin davranışından belə görünür ki, sanki virusun təsirləri elə 2 aylıq imiş və birbaşa maliyyə dəstəyi mexanizmləri də elə 2 ayla yekunlaşdı. Əgər TƏBİB uzunmüddətli sərt karantin rejimi haqda danışırsa, iqtisadi strukturlar da uzunmüddətli iqtisadi dəstək mexanizmləri, potensial risk sektorları ilə bağlı özlərinin yeni planlarını ortaya qoymalıdırlar", - deyə, iqtisadçı qeyd edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar