İnsanlığın sinifdə qaldığı növbəti tarix - Kərkük qətliamı

14 İyul 2021 23:36    4762 Baxış   
İnsanlığın sinifdə qaldığı növbəti tarix -  Kərkük qətliamı

14 iyul 1959-cu il. İnsanlığın sinifdə qaldığı növbəti tarix. Türkmən elinin qan ağladığı gün. İraqda, türkmənlərin paytaxtı olan Kərkükdə türkmən qardaşlarımıza qarşı törədilən soyqırımdan 62 il ötür.

İnsanlığa qarşı misli görünməmiş vəhşiliyin həyata keçirildiyi Kərkük qətliamı təəssüf ki, dünyada tanınmır. Türkmənlər həmin tarixdə yaşlı, cavan, uşaq, qadın fərqi qoyulmadan soyqırıma məruz qaldı. Günahları sadəcə türk olmaqları idi. İraqda üçüncü böyük xalq olan türkmənlərə qarşı bu qətliam ilk deyildi. 1924, 1939, 1946, 1959, 1980, 1991-ci illərdə onlara qarşı dəhşətli qətliamlar, soyqırımlar törədilmişdi.

1959-cu ilin bu günü baş verən qətliam İraqın müstəqilliyinin birinci il dönümünə təsadüf edirdi. Ancaq baş verənlər təsadüf deyildi...

Əsrlərdir Osmanlı imperiyasının tərkibində olan İraq və Misak-ı Milli adlandırılan torpaqların bir qismi sayılan Türkmən əyalətləri də Paris Sülh Konfransının qərarlarına əsasən, 1920-ci ildən etibarən İngiltərənin idarəçiliyinə verilərək, yeni formal monarxiya qurulmuşdu. Bu monarxiya 1958-ci il 14 iyulda həm xalqın, həm də Sovet İttifaqının dəstəyi nəticəsində hərbi çevrilişlə tarixə qovuşdu. Həmin hadisənin birinci ildönümündə milli geyimlərdə müstəqilliyini qeyd edən əliyalın türkmənlərə dəhşətli divan tutuldu. Yüzlərlə əli silahsız türkmən oradaca yaralandı, öldürüldü. Bu azmış kimi, evlərə, dükanlara basqın edildi, hər tərəf dağıdılaraq yandırıldı. 60-a yaxın insan diri-diri boş quyulara atıldı, üzəri torpaqlanaraq öldürüldü.

Həyatını İraq ordusuna həsr edən, Kərkükü, Türkmənelini çox sevən türkmən xalqının igid oğlu Ata Hayrullah 14 iyul soyqırımı baş verən geçə evində ailəsinə, uşaqlarına türk tarixindən bəhs edirmiş. Elə həmin vaxt kommunistlər onun qapısını döyür. Ata Hayrullahı türkləri topladıqları ölüm meydanına aparırlar. Onu ağaca bağlayıb, diri-diri ətini kəsərək – “turançıların, türkçülərin lideri Ata Hayrullahın ətinin kilosu 10 fuluşa (quruş) alan varmı” – deyib, ətini ətrafda olan heyvanların qabağına atmağa başlayırlar.

Bütün bu vəhşilikləri icra edənlər o zaman İraqda əsasən kürdlərdən təşkil edilən İraq Kommunist Partiyasının peşəkar silahlı üzvləri idilər. Onlar kürd və ərəb qrupları olmaqla vaxtilə SSRİ tərəfindən Rusiyada yetişdirilmişdilər. Soyqırımda birbaşa iştirak edənlərin böyük əksəriyyəti cinayətkar olduqları halda sərbəst buraxıldılar. Edama məhkum edilənlərin edamını isə heç kim görmədi. Kərkük türkmənlərinin qanına susayan cinayətkarların sərbəst buraxılması İraqın türk insanlarına qarşı böyük zərbə idi.

Dünyanın gözü qarşısında baş verən, qəzetlərin manşetinə çevrilən bu qətliama İraq höküməti susurdu. Bir çox yerlərdən təpki gəlsə də, böyük dövlətlər də susmuşdu. 33 il sonra Xocalıda, 35 il sonra Srebrenitsada olanlara susduqları kimi. Türkmənlər kimsəsiz və çarəsiz qalmışdılar. Bu qırğın XX əsr tarixində türklərə qarşı edilən böyük soyqırımlardan biridir.

Məqsəd isə bəlli idi.

Bölgədə türklərin güclənməsindən, gələcəkdə Türkiyə cümhuriyyəti ilə əlaqə qura biləcəklərindən çəkinən SSRİ rəhbərliyi bu qətliamı kürdlərin əli ilə həyata keçirdi. Necə ki, 150 il öncə eyni məqsədlə erməniləri Azərbaycanın tarixi ərazilərinə köçürmüşdülər. Beləcə, Erməni-türk qarşıdurmasından sonra, bölgədə kürd-türk düşmənçiliyinin də əsası qoyuldu.

Türkmənlər bu gün də İraqda eyni diskriminasiyaya məruz qalırlar. Əhalinin 10 faizini təşkil etmələrinə baxmayaraq, siyasi iradələri hökumət səviyyəsində ifadə edilmir, parlamentdə təmsilçiləri yer almır, hökumət üzvləri və digər önəmli vəzifələrdə 1 nəfər belə olsa, türkmən təmsil olunmur. 4 milyonluq türkmən əhalinin yaşadığı Türkmənelinin nəinki özünüidarə statusu, kompakt yaşadıqları ərazidə rəhbərlik sisteminində layiqli vəzifələri belə yoxdur.

İraq türkmənləri Türkmənistan türkmənlərindən fərqlidir. Türkmənlərin dili azərbaycancaya çox yaxındır, lakin Kərkük türkmənlərinin dili Anadolu türklərinin dilinə bənzəyir. Türkmənlər türklər, azərbaycanlılar və Türkmənistan türkmənləri ilə birlikdə türk dilləri ailəsinin cənub-qərb qrupuna aiddirlər. Dilimizdəki sözlərin çoxu, şivələr, adət-ənənələr eyni olduğu üçün Türkmənelidə insanlar özlərini azərbaycanlı sayırlar. Təəssüf ki, tarix boyunca bəxtləri də azərbaycanlılarınkı kimi olub. Onlara zərbəni həmişə kürdlər vurub, azərbaycanlılara isə ermənilər. Kürdlər də rusların maşa aləti olub, ermənilər də.

Soyqırım unudularsa təkrarlanar. Günahsızlar qətl edilməsin deyə, qadınlara zülm edilməsin deyə, körpələr fəryad etməsin deyə, soyqırımını unutmayaq. Unutdurmayaq.

Ruhunuz şad olsun, qanı bir canı bir türkmən soydaşlarımız. Sizləri unutmadıq.

Anar Əsədli, AY Partiya başqanı




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar