İntiharların səbəbi nədir: Valideyn məsuliyyətsizliyi, yoxsa iqtisadi problemlər?

12 Martt 2021 19:25    1207 Baxış   
İntiharların səbəbi nədir:  Valideyn məsuliyyətsizliyi, yoxsa iqtisadi problemlər?

Son günlər baş verən azyaşlı intiharları və məlum aksiya fonunda danışılan söhbətlərə əsasən, valideynlərin diqqətsizliyi ilə bağlı məsələlər də müzakirə edilir və mövzuya yaxşı və pis valideyn prizmasından yanaşılır.

Bəs, bu kimi məsələlərdə valideynlər nə qədər rol oynayır? Ümumiyyətlə, valideynlərin belə məqamlarda nəzarəti nə qədər önəmlidir?

Busaat.az mövzu ilə əlaqədar olaraq sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Həsən Həsənli: Bir çox valideyn övladına telefon verir, başından edir, tərbiyə məsələləri ilə maraqlanmır. Axırı da faciə ilə bitir. Qısacası, pis valideyn daha çoxdur. Təbii ki, valideynin belə məsələlərdə çox önəmli rolu var. İkinci dərəcədə önəmli olan isə mühitdir.

Qəmzə Nəcəfova: Yaxşı və ya pis valideyn anlayışı necə anlaşılır? Düşüncələr bu yanaşmaya əsasən formalaşır. Birçox valideyn bu vəzifəni uşağının qarnını doydurması ilə bitmiş hesab edir. Uşaqlara dostcasına yanaşmaq ənənəsi bizdə yoxdur.

Röyal Əliyev: Narkotika öz işini görür. Əsas xətt budur. O həblərin qəbulundan sonra gənclərin ölümü qaçılmazdı. Onlar intihar etmirlər, sadəcə olaraq balkondan irəli addım atırlar.

Şəfa Əliyeva: Sevgisizlik, diqqətsizlik və qayğısızlıq. Demək olar ki, valideynlərin yarısı uşaqları ilə maraqlanmırlar.

Nur Ağazadə: Yaşam şərtlərinin ağır olduğu bir zamanda övladına vaxt ayıra bilməyən valideynlərin onlara sevgi və diqqət göstərməməsi, övladı ilə dost ola bilməməsi bu məsələləri mənfiyə doğru inkişaf etdirir. Həm də internet əsridir, hər şey uşaqların əlinin altındadır və onlar görüb, bəyəndikləri şeylərin onlarda da olmasını istəyirlər. İstəkləri həyata keçməyəndə isə nəticəsi ağır olur. Təəssüf ki, valideynlər də övladlarının hər istəyini həyata keçirə bilmirlər. Çünki ancaq dolanışıq dərdindədirlər. Belə bir vəziyyətdə də övlad valideyndən nəsə tələb edəndə valideyn artıq yorulmuş olur, övladına vaxt və sevgi ayıra bilmir. Yəqin ki, bunlar olsaydı, intiharlar da olmazdı.

image-iqtsiadi-problemlr

Allaha Təvəkkül: Yaxşı, pis deyil, zəmanəyə uyğun baxışları olmayan valideynlər çoxdur. Ya çox qabağa qaçıblar, ya da çox geri qalıblar. İntihara gəlincə, əksər hallarda bunun səbəbkarı valideyinlər yox, intihar edənin ətrafıdır. Məcazi mənada desək, intihar edənin ətrafı kəndiri onun boğazına dolayır, amma boğmur, yazıq valideyn də övladını geri çəkmək istəyəndə ilk əlinə keçən kəndirin ilməsi olur. Dartır, o da boğulur. Sonda günahkar valideyn, qurban isə övlad olur. Ətraf isə yeni qurban dalınca gedir.

Kanan Nasirli: Mənə görə qayğıkeş valideynlər daha çoxdur.

Fərid Məmmədov: Valideyn qorxusu və psixoloji təzyiq bu məsələlərə təsir edir. Lakin son günlər artan intiharlar düşünürəm ki, daha çox psixoloji səbəblərlə bağlıdır.

Nail Bayramov: Valideynlər övladlarına ən yaxşısını etməyə çalışırlar. Burada məsələ telefon və digər şeylərdə deyil, yəni, bunlar olmasa da intihar ola bilər. Sadəcə, mütləq əksəriyyət övladın mədəsini doldurmaqla kifayətlənir. Mənəviyyatı isə ac qalır. Verilən tərbiyə də bu günun tələbinə cavab vermir. Beləliklə, uşaq şikəst olur. Düzgün qərarvermə bacarığı olmur. Cəmiyyətə çıxışında nə edəcəyini bilmir və gəlir valideynin üstünə. Valideyn də qadağa qoyur, danlayır, hətta, bəzən şiddət göstərir. Ən asan yol kimi isə cəmiyyətdən təcrid etməyi seçir. Bu da ən nəhayət, belə acı nəticələrə gətirib çıxarır. Həzrət Əli buyurub ki, övladlarınızı öz tərbiyənizlə deyil, zəmanənin tələbinə uyğun tərbiyə edin.
Eyyub Məmmədov: Birmənalı olaraq intiharlarda valideynləri səbəbkar kimi görmək, yaxud da ki, valideynlər üzərindən intihar məsələsinə yanaşmaq, məncə düzgün deyil. Çünki tərbiyə kompleks anlayışdır, bura da ailə tərbiyəsi, cəmiyyət tərbiyəsi, məktəb tərbiyəsi və s. daxildir. Mənim fikrimcə ölkədəki intiharların kökü daha çox iqtisadi səbəblərlə bağlıdır. Hətta, intiharların kökündə valideynin məsuliyyətsizliyi dayanırsa, bunun da kökü yenə iqtisadi problemlərə dayanır ki, cəmiyyətdə iqtisadi vəziyyət və insanların güzəranı qaydasında olsaydı, hadislər daha fərqli formatda cərəyan edərdi. Lakin əksi olduğu üçün bu problemlər intihar, qətl, insanların bir-birinə nifrəti və s. formada təzahür edir. İnsanların gələcəyə baxışı və yaşamağa heç bir inamının qalmadığı vəziyyətdə təbii ki, uşaqların da düşüncəsi pozulur və onların gələcəklə bağlı heç bir gözləntisi qalmır.

Müəllif: Mərahim Nəsib
Busaat.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar