"İsa və başının dəstəsi nə qədər ki, ordadı, Xalq Cəbhəsi çirkab yuvası olaraq qalacaq"

07 İyun 2021 13:55    17907 Baxış   
"İsa və başının dəstəsi nə qədər ki, ordadı, Xalq Cəbhəsi çirkab yuvası olaraq qalacaq"

Dominant.az qocaman jurnalist Ərşad Əzimzadənin
DURNA BULAĞI romanından bir parçanı təqdim edir.

"İçəri xoş ovqatla, gülə-gülə girdi, “Azərbaycan” qəzetinin təzə nömrəsini Mehriyə uzadıb, zövcəsini muştuluqladı:

- Gözün aydın, “yırtıcını” atdılar bayıra! - Barmağını son səhifədəki “redaktor” sözünün üstünə qoydu. Orda başqa adamın soyadı yazılmışdı: “Mehman Camalov”. Mehri ərinin sevincini şərik çıxdı və soruşdu: “Tanıyırsan?”. - Yadındadı, mən “Müxalifət” adlı qəzetdə KQB sədri Çapay Zalovun bəd əməlləri haqda iki məqalə yzamışdım? Birinin adı beləydi: “Dünən demokratiyanı boğan, bu gün onu qoruyacaqmı?”. O vaxt həmin qəzetin redaktoru Mehman bəy idi. Deyilənə görə, İsa Qəmbərin yaxın adamıdı. Heylə olsa, vay halımıza! Hər halda, Fəqandan pis olmaz. - Arvadına, ondan da çox özünə təsəlli verdi.

- Sən mənə şad xəbər gətirdin, əvəzində bəd xəbər eşidəcəksən. İndicə Az.TV xəbər verdi ki, Mırtını Zəngəzur rayon İcra Hakimiyyətinin başçısı qoyublar...

- Bütün vacib postlara Qəmbər öz adamını qoyur. - Cəsarətin üzü turşudu. - İndi başa düşdüm ki, o vaxt Yusif Səmədoğlu məni ona təqdim edəndə nə üçün “bizim adamdı” dedi. Görünü, hələ Xalq Cəbhəsinin təməli qoyulanda, “sənin”, “mənim” prinsipi işə düşübmüş. Sirus Təbrizli mənə deyirdi ki, Əbülfəz mənə təkid edirdi: “Gəl gir İdarə Heyətinə, əl-ələ verək, bu milləti bir yana çıxardaq. İsa Qəmbər var gücünən çalışırdı ki, bu iş baş tutmamasın. Düzünü axtarsan, mən özüm də “cəbhəyə” girmək istəmirdim. Bir mən ora girməynən nə dəyişəcəkdi? Nə qədər ki, İsa və başının dəstəsi ordadı, Xalq Cəbhəsi alverxana, çirkab yuvası olaraq qalacaq. - Cəsarət azca ara verdi. - Yüz faiz haqlıdı Sirus: xalq üçün əlləşən əqidəli adam nə iqtidara lazımdı, nə də müxalifətə. Aqillərdən biri çox gözəl deyib: “İnqilab ideyasını müdriklər irəli sürür, onu fanatlar həyata keçirir, bəhrəsini isə dələduzlar görür”.

-İsa Qənbərin adamı olsaydın, indi sənə də yüksək vəzifə verərdilər, kasıblığın daşını atardın - Mehri ərini qınamadı, sadəcə, bir reallığı onun yadına saldı.

-Mənim aləmimdə, jurnalist kimi fəaliyyət göstərməkdən yüksək vəzifə yoxdur. Sadəcə, yaxşı jurnalist olmaq üçün sağlam cəmiyyət lazımdır. Görürsən, ABŞ kimi nəhəng dövlətin prezidenti jurnalistdən necə çəkinir? Demirəm, kim isə məndən qorxsun. Mən sağlam mühitdə sözün nə qədər kəsərli olduğunu vurğulamaq istəyirəm. Düzü, özümü heç cürə məmur libasında görə bilmirəm. Əgər mən yada düşsəydim və AXC-Müavat hakimiyyəti mənə yüksək vəzifə versəydi, bir-iki aydan sonra tutub qulağımdan atacaqdılar bayıra. Çünki mən iki vacib işi bacarmıram: kiminsə “adamı” olmaq, bıçağı onun-bunun boğazına dirəyib, rüşvət almaq. Bunları bacarmadığım üçün azərbaycan dilində çıxan qəzetdən keçdim, rus dilli qəzetə. Doğrudur, orda da həqiqəti yaza bilmirdim, amma, hər halda, heç kəs, insaf üçün deyim ki, hətta, əclaf Qluşkov da məni rüşvət almağa və rüşvət verməyə məcbur etmirdi.

-Əgər Mehman bəy səni rüşvət almağa təhrik etsə, onda necə olacaq? - Mehri ərinin ağlına gəlməyən sualı verdi.

-Deyəcəm, bəy, mən sənə əxlaq-əqidə dərsi keçmək niyətində dəyiləm. Əgər “haqq” almaq və “haqq” vermək dövlət səviyyəsinə yüksəldilmiş zəruridirsə, onda başqalarından al, amma məni pinti işlərə qatma.

-O da deyəcək: “Onda ərizəni yaz, get palçıq qat, divar hör, yer şumla, yol çək”. Onda necə olacaq?
-Onda, - Jurnalist ər fikirə getdi. Handan hana “baxarıq” dedi".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar