İslam irsimizi tanıyaq

13 İyul 2021 12:41    1609 Baxış   
İslam irsimizi tanıyaq

Məscidlər, pirlər, ziyarətgahlar hər zaman insanların ümid yeri olub və bu gün də insanlar bu dini yerləri ziyarət edir.

Bibiheybət məscidi Bakının Bibiheybət kəndində yerləşir. Məscid Şirvanşah II Fərruxzad ibn Axsitanın əmri ilə tikilib(1281-1282-ci illərdə).

Məscid yeddinci şiə imamı Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanım İmam Əli və Fatimənin nəslindən idi, və onu incidən xəlifələrdən Bakıya qaçmışdı. Həkimə xanımın Heybət adlı qulluqçusu türbənin mərkəzində dəfn olunub, ona görə məscidin adı — "Heybətin bibisi" adlanır.

Deyilənlərə görə, uzun müddət övlad həsrəti ilə yaşayan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan Həkimə xanımın məzarını ziyarət etdikdən sonra arzusuna çatır və əhdinə vəfa edərək ziyarətgaha yol çəkdirir.

Bibiheybət ziyarətgahı sovetlərin ilk illərində repressiyaya məruz qalıb, 1934-ci ildə tamamilə dağıdılıb. Ulu Öndər Heydər Əliyev 1997-ci il iyulun 23-də - Məhəmməd Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub.

Prezident İlham Əliyevin təşəbbüsü, diqqət və qayğısı sayəsində Bibiheybət məscid-ziyarətgah kompleksinin genişləndirilməsi və yenidən qurulması işi davam etdirilib. Hal-hazırda məsciddə eyni vaxtda təxminən üç min nəfərin namaz qılması mümkündür.

Məscidin birinci və ikinci mərtəbələrində, mərkəzi salonda, foyenin tavanında, zirzəminin divarlarında incə memarlıq ornamentləri öz əksini tapıb.

Məhəmməd Sadiq İmamzadə türbəsi Bülbülə kəndində yerləşir.

Keçmişdə İmamzadə kompleksi 4 binadan ibarət olub, müqəddəs imam övladının dəfn olunduğu düzbucaqlı plana malik türbə binasının tavanı qismən çatma, qismən isə günbəzlə örtülüb. Burada 3 qəbir var - Sadiq İmamzadənin qəbri, xanımının ve nökərinin qəbri . Bülbülə imamzadəsinin türbə binasının əsası 12-13-cü əsrlərdə qoyulub. İmamzadə kompleksi 1937-ci ildə dağıdılıb.Təmirdən sonra, 1993-cü ildə Bülbülə İmamzadəsi "Mühəmməd Sadiq İmamzadəsi" kimi rəsmi fəaliyyət göstərməyə başlayıb. İndi Bülbülə İmamzadəsinin əvvəlki vəziyyətinə qayıtması üçün böyük maliyyə vəsaitinə ehtiyac var.

"Mir Mövsüm Ağa" məscid- ziyarətgah kompleksi Bakının Şüvəlan qəsəbəsində “qədim qəbiristanlıq” deyilən ərazidə yerləşir. Kompleksin mərkəzində Ağa Seyidəli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi yerləşir.

Xalq arasında “Ətağa” adı ilə məşhurlaşan Ağa Seyidəli Mir Mövsümzadə hələ sağlığında əfsanəvi nüfuza malik olub, insanlara təskinlik, inam, mənəvi qüvvə təlqin edib və xeyirxahlığı ilə tanınırdı. Ağa Seyidəli Mir Mövsümzadə 1883-cü ildə doğulub, uzun illər İçərişəhərdə yaşayıb, 1950-ci ildə vəfat edib və Şüvəlanda dəfn olunub. Həmin dövrdə Sovet rejiminin qadağalarına baxmayaraq, xalq onu böyük izdihamla dəfn edib.

Mir Mövsüm Ağanın məzarı üstündə 1992-ci ildə əvvəlcə kiçik məqbərə inşa edilib, daha sonra onun yerində möhtəşəm və əzəmətli abidə ucaldılıb.

Pir Həsən Bakının Mərdəkan qəsəbəsində yerləşir. Bəzən Pir Həsən ziyarətgahı insanlar arasında "Çildağ" da adlanır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Türbə memarlıq abidəsidir və dövlət tərəfindən mühafizə olunur.

Burada məşhur Azərbaycan milyonçusu Zeynalabdin Tağıyevin heykəlini görmək olar . Heykəlin yanında türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Axundun qəbri üstündəki türbəni Bakı milyonçusu və xeyriyyəçisi Murtuza Muxtarov tikdirib. 1924-cü ildə vəfat etmiş məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev vəsiyyətinə görə Axundun qəbrinin ayaq tərəfində dəfn olunub. Bununla bağlı bir maraqlı əhvalat danışılır. Deyilənlərə görə, bir gün Axund milyonçu ilə söhbət zamanı deyir ki, bir gün elə ola bilər ki, sənin bütün var dövlətin əlindən çıxa billər və əvvəlki milyonlarından heç bir əsər-əlamət qalmaz. Doğrudan da, Azərbaycanda bolşevik hakimiyyəti qurulur və hacı bir günün içində müflis olur. Məhz bu hadisədən sonra Axundun uzaqgörənliyinə heyrətlənən Hacı Zeynalabdin Tağıyev belə bir vəsiyyət edir.

Pir Həsən ziyarətgahında iki müqəddəs türbə yerləşir. Bunlardan biri üzərində qədim gümbəz olan Pir Həsənə məxsusdur. Deyilənlərə görə, əsli-nəcabəti imamlara gedib çıxan Pir Həsən XVII əsrdə yaşayıb, çıldağçı olub. Ziyarətgahda ikinci müqəddəs türbə İslamın yeddinci İmamı Musa əl-Kaziminin qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbədir. O da digər bacıları, Həzrəti Həkimə, Həzrəti Rəhimə və Həzrəti Leyla kimi, qardaşları imam Rza Məşhəd şəhərində şəhid olduqdan sonra, təzyiqlərdən canını qurtarmaq üçün Azərbaycana üz tutub. Təmir-bərpa işləri zamanı ziyarətgaha gələn insanların namaz qılması, dua etməsi və qurban kəsmələri üçün şərait yaradılıb, məscid tikilib.

​Qədim tarixə malik olan “Həzrət Əli qədəmgahı” hesab edilən "Əli-ayağı" ziyarətgahı Buzovna kəndində yerləşir.

Mütəxəssislərin fikrincə, vaxtilə burada dindarların namaz və başqa dini ayinləri icra etmələri üçün məscid və gələn zəvvarlar üçün karvansaralar fəaliyyət göstərib.

Buzovnadakı bu pir uzun illər ərzində tikilib. Pir peyğəmbərimiz Məhəmmədin yaxın silahdaşı, əmisi oğlu və kürəkəni olan Həzrət Əlinin adı ilə bağlıdı.

Buzovna sakinləri Sadıq Hacıdadaş oğlu və Zeynal Balaqardaş oğlu pirin tarixi ilə bağlı maraqlı bir hadisə danışıblar. Belə ki, onların ulu babası Əliyar evlənəndən bir həftə sonra yuxu görüb. Yuxuda at üstündə oturan nurani bir qoca onu dəniz kənarına dəvət edib. O dəniz kənarına gedib və orada qonaq görüb. Nurani qoca həzrət Əlinin ayağının ləpirini və atının ayaqlarının izini göstərib, ona qədəmgaha sahib olmağı və paklığı qorumağı tapşırıb.

Şeyx Əliyar yuxudan sonra hər gün bu qayanın üstündə azan çəkər və namaz qılarmış. Şeyx Əliyar dünyasını dəyişdikdən sonra onun oğlu qədəmgah içəridə qalmaqla, burada məscid və zəvvarlar üçün karvansaralar tikdirir.

Qədəmgah 1861-ci ildə çar canişinliyi tərəfindən rəsmi qeydə alınıb.

Həmin dövrdə qədəmgahın şöhrəti hər yerə yayılır. 1924-cü ildə şeyx dünyasını dəyişir və elə oradaca dəfn olunur.

SSRİ dövründə dinə, xüsusən də İslama mənfi münasibət olduğundan, bu ziyarətgahın sökülməsi üçün çalışanlar olsa da, heç kim buna nail ola bilməyib.

Pir yenidən 1987-ci ildə qəsəbə sakinlərinin sayəsində z bərpa edilib.

​Leyla Xanım ziyarətgahı Bilgəh qəsəbəsində yerləşir. VII İmamımız Həzrət Museyi Kazım əleyhissəlamın qızı Leyla xanım ziyərətgahının memarı Mahmud İbn Səidi olub. II Fərruxzaad İbn Əxsitan VIII əsrdə Şirvan şah tərəfindən 1281-1282-ci illərdə inşa edilib. Sovetlər dövründə ziyarətgah bağlanaraq anbar kimi istitadə olunub. 1989-cu ildə fəaliyyəti bərpa edilib.

Maştağada ən çox ziyarət olunan - "8 qapı" piri "Seyidlər qəbristanlığı"nda yerləşir. "8 qapı" rəmzi olaraq cənnət qapılarını ifadə edir.

Deyilənə görə, orada Aqil baba adlı seyidin doğuş zamanı dünyasını dəyişən qızı dəfn edilib. İnanclara görə, doğuş zamanı dünyasını dəyişən qadın şəhid hesab edilir, cənnətə düşür. Sonradan məzarın üzərində cənnət qapılarını əks etdirən "8 qapı" tikilib.

Çətinə düşənlər, sıxıntısı olanlar, qorxu yaşayanlar, hamilələr, uşağı ola bilməyənlər bu pirə pənah gətirirlər.

Bundan başqa, qəbristanlıqda seyidlərin dəfn edildiyi "Göy Günbəz", "Seyidibadağa" ocağı adlanan türbələr də var.
Bizə bu turu təşkil elədiyinə göre başda Hacı İntiqam olmaqla, Müctəba tura öz təşəkkürümüzü bildiririk (watsapp (055) 5888838). Allah hər kəsin ziyarətini qəbul etsin!

Günel Həsənova






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar