Jurnalistlər əsgər ölümləri məsələsində 3-cü şəxslərin hüquq və mənafelərini də nəzərə almalıdırlar

29 Sentyabr 2020 13:10    276 Baxış   
Jurnalistlər əsgər ölümləri məsələsində 3-cü şəxslərin hüquq və mənafelərini də nəzərə almalıdırlar
Ölkədə Hərbi vəziyyət elan edilib və bəzi yerlərdə komendant saatı tətbiq edilir. Hərbi vəziyyət rejimi xüsusi rejimdir və bu zaman təməl hüquq və azadlıqlara məhdudliyyət gətirilməsi mümkündür.

Azərbaycan Respublikasının Konstitusiyanının 71-ci maddəsinin 3-cü bəndində bildirilir ki:

" III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir"

Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində hərbi vəziyyətin anlayışı yer alıb.

1.0.1. hərbi vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejim;

Qanunun 10-cu maddəsində Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirləri Qanunverici orqan 27 bənddə göstərib. Bunlara bir çox fəaliyyət daxildir. Maddənin 22 və 23-cü bəndi media fəaliyyətinə yönəlik tədbirləri nəzərdə tutub.

10.1.22. kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;
10.1.23. hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi;

"Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin Siyahısı"na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavənin 7-ci bəndinə əsasən Kütləvi İnformasiya Vasitələrinin komendant saatı zamanı da fəaliyyətinə icazə verilib.

Hərbi vəziyyət zamanı kütləvi informasiya vasitələrinin əməl etməli olduğu hüquqi normalar sahəvi qanunlarda da mövcuddur.

Kiv haqqında Qanunun 7-ci maddəsinə 2018-ci il 1 may tarixli əlavə olunan müddəya əsasən "Hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq kütləvi informasiya vasitələrinin məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər."

Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikası Qanununa 2018-ci il 1 may tarixli əlavə olunan müddəya əsasən:

2.2-1. Hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.

Lakin hərbi senzuranın tətbiq edilməsinə dair hələlik konkret qərar və təlimat mövcud deyil. Yəqin ki, qısa müddətdə bununla bağlı da hansısa sənəd mediaya təqdim ediləcək.

Buna qədər jurnalistlərin hər zaman əməl etməli olduğu peşə etik qaydaları onların köməyinə gələcək. Jurnalistlər bu həssas dövrdə dezinformasiyalar yaymamalı, ilkin etibarlı mənbələrdən istifadə etməli və rəsmi məlumatlara isnad etməlidirlər. Xüsusilə, propoqanda aparmamamlı, obyektiv davranmalıdırlar. Əsgər ölümləri məsələsində xəbərləmə funksiyalarını icra edərkən 3-cü şəxslərin hüquq və mənafelərini də nəzərə almalıdırlar.

Qeyd etməliyəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində dövlət senzurası qadağan edilib. Lakin, qanunverici orqan böyük ehtimlla 71-ci maddənin tələblərini əsas götürərək Hərbi vəziyyət haqqında qanuna senzura məsələsini əlavə edib. Buna baxmayaraq, hərbi senzuranın tətbiqinə start verilməyib. Bu məhz Konstitusiyanın 50-ci maddəsinin və 71-ci maddəsinin 5-ci bəndinin "Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz"- müddəasına uyğun düşür. Media öz peşəkar standartlarında qaldığı müddətdə senzuranın tətbiq olunmaması arzu olunandır və hüquqa uyğundur.

Ələsgər Əhmədoğlu, hüquqşünas



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar