Kaş yenə də "daş" yığılmış o çantaları daşıyardıq, amma virtual dərslərin əsarətində qalmazdıq

13 Sentyabr 2020 10:19    402 Baxış   
Kaş yenə də "daş" yığılmış o çantaları daşıyardıq, amma virtual dərslərin əsarətində qalmazdıq
Bir ailədə 5 məktəbli varsa və onların telefonu, "notebook"u, kompüteri yoxdursa, bəs virtual dərslərə necə qatılacaqlar? Təhsilin səviyyəsi hansı qaydada olacaq? Qərar verənlər bunu düşünüblərmi?

Biz evdə 2 uşağın öhdəsindən gələ bilmirik. Böyük uşağın telefonu var və "Teams", "Zoom", "Whatsapp", "Telegram", "Youtube" proqramları yükləmişik ki, virtual dərsləri asanlıqla öyrənə bilsin. Balacaya da öz "notebook"umu vermişdim ki, istifadə etsin. Gözünə döndüyüm də keçən dəfə yarım stəkan şirinçayı töküb klavyaturanın üstünə və onu sıradan çıxarıb. İndi o, ara- sıra mənim telefonumdan istifadə etməyə məcburdur. Mən isə məcburam ki, uşağa yeni telefon alım. Hələ üstəlik də nəzarət etməliyəm ki, "iqra" oynamasın.

Virtual dərslər ailələrə maddi və psixoloji gərginlik gətirir. Bir yandan da zəif internet adamı hövsələdən çıxarır. Hər şey virtuallaşandan sonra zayı çıxıb. Evdə uşaqlara qoyduğum qadağalarım da dəyişib. Lupa boyda eynəklərdən istifadə etdiklərinə görə onlara telefona barmaq toxundurmağı da qadağan etmişdim. Şüadır, filandır, gözləriniz çıxacaq və s. sözlər ilə həmişə onları telefondan uzaq tutmağa çalışmışam. İndi isə əksinə. Telefonu onlara verib deyirəm, gedin, gözünüz çıxsa da, dərslərinizi oxuyun!

Dərd məni götürüb, uşaqların göz həkiminə nə cavab verəcəm. Əminəm ki, yüzlərlə valideyn mənim günümdədir.

Ötən il məktəbli çantasının ağırlığından gileyləndiyim üçün özümü bağışlamıram. Kaş yenə də "daş" yığılmış o çantaları daşıyardıq, məktəblə evin arasında əsir qalardıq. Amma evdə virtual dərslərin əsarətində qalmazdıq.

Fəridə Rüstəmova



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar