Kərbəlada oxunan ayələr - I YAZI

01 Sentyabr 2020 10:00    995 Baxış   
Kərbəlada oxunan ayələr -  I YAZI
“Əgər mənim mövqeyim və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən ancaq Allaha güvənirəm.” (Yunus, 10/71)

Kərbəla hadisəsi İslam tarixində yaşanmış çox ağrılı hadisədir. Bu hadisə İslam tarixinin qanayan yaralarından biridir. Ona görədir ki, Kərbəla hadisəsi deyəndə insan hüznlənir və ürəyi qan ağlayır. Bununla birlikdə inananların bu hadisədən çıxaracağı önəmli dərslər də var.

Tarixi mənbələrdə qeyd edildiyinə görə bu hadisə boyunca Hz. Hüseyn (ə), onun qarşısındakı məlun Yezid və hadisənin bəzi iştirakçıları bəzi Quran ayələrinə müraciət etmişlər. Bu ayələrin çoxu Hz. Hüseyn (ə) tərəfindən oxunmuşdur. İmam və tərəfdarlarının oxuduğu ayələr daha çox Allaha imanı və Ona (c.c.) bağlılığı vurğulayan ayələrdir. Yezid və tərəfdarları isə oxuduqları ayələri həqiqi mənalarından fərqli bir məcraya çəkməyə cəhd etmişlər.

Biz bu yazıda Kərbəla hadisəsindəki tərəflərin hansı ayələri hansı məqsədlər üçün oxuduqlarından danışacaq, eyni zamanda oxunan ayələrin həqiqi məna və izahı üzərində durmağa çalışacağıq. Bu hadisədə kimin hansı ayələri oxuduğuna dair bəzi nümunələr belədir:

Hz. Hüseynin (ə) oxuduğu ayələr

İmam Hüseyn (ə) İraqa tərəf getmək məqsədilə Məkkədən yola çıxanda onunla onu fikrindən daşındırmağa çalışanlar arasında xeyli mübahisə yaşanır, ancaq o, qərarından dönmür və yoluna davam edir. Ona xəbərdarlıq edənlərə onlardan uzaq olduğunu, onların da ondan uzaq olduqlarını, hər kəsin öz əməlinə cavabdeh olduğunu bu ayəni oxuyaraq cavab verir:

“Mənim əməlim mənə, sizin əməliniz də sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam!” (Yunus, 10/41)

Bu ayədə hər insanın öz əməlinə görə cavabdehlik daşıdığı vurğulanır. Hz. Hüseyn də demək istəmişdir ki, nə onlar onun etdiklərinə, nə də o, onların etdiklərinə cavabdehdir. Buradan o da aydın olur ki, Hz. Hüseyn (ə) bu ayəni oxuyaraq onunla birlikdə getməyən və getməsinə mane olmağa çalışanlara onun yanında yer almadıqlarına və ona dəstək vermədiklərinə görə narazılığını bildirmişdir.

İmam Hüseynin (ə) daha sonra qarşılaşdığı, ona beyət etdikləri halda onunla birlikdə hərəkət etməkdən imtina edən insanlara söylədiyi sözlər də təsirlidir: “Əgər mənə etdiyiniz beyəti yerinə yetirsəniz kamilliyinizi göstərmiş, doğru və yerində bir addım atmış olarsınız. Mən Əlinin oğlu Hüseynəm və Hz. Məhəmmədin qızı Fatimənin oğluyam. Mənə verdiyiniz sözü tutmağınızı, əhdinizi pozmamağınızı diləyirəm. Ancaq siz əhdinizi pozur, səhv yol tutursunuz. Siz daha əvvəl atama, qardaşıma və əmimin oğlu Müslimə də bunu etdiniz.
Halbuki əsl aldanan, sizi aldadandır!” deyən Hz. Hüseyn (ə) sözlərinin ardından bu ayəni oxuyur:

“Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalsa, Allah ona böyük bir mükafat verəcəkdir.” (Fəth, 48/10)

Hz. Hüseyn (ə) bu ayəni oxuduqdan sonra “Allah məni sizdən müstəğni qılacaq və sizin yardımınıza möhtac etməyəcəkdir”, - deyərək sözlərini bitirir.

Bu ayədə beyət haqqında mühüm bilgilər verilir. Beyət, “insanın lider olaraq qebul etdiyi birinə bağlılıq göstərəcəyinə və bu məsələdəki öhdəliyini yerinə yetirəcəyinə dair qəti söz verməsi” deməkdir.

Uca Allah bu ayədə Peyğəmbərə beyət edənlərin Allaha beyət etmiş sayıldıqlarını, beyət edib sözündə duranları böyük bir mükafatın gözlədiyini xəbər verir. Peyğəmbər Allahın elçisi olduğu üçün beyətlə ona itaət edənlər Allaha itaət etmiş sayılırlar. Ona görədir ki, Quranın başqa bir yerində “Kim Rəsula itaət edərsə, Allaha itaət etmiş olar” buyrulur (Nisa, 4/80).

Hz. Məhəmmədə (s) edilən beyəti pozmaq təkcə Peyğəmbərə (s) yox, eyni zamanda Allaha qarşı çıxmaq, Ona (c.c.) verilən sözü pozmaq deməkdir. Hz. Hüseyn də bunu nəzərdə tutmuş, ona beyət etdikdən sonra müxtəlif bəhanələrlə beyətlərini pozanların eyni xətaya düşdüklərini görərək onlara bu ayəni oxuyub həqiqəti xatırlatmışdır.


(Kərbəla, İmam Hüseyn ziyarətgahı və ətrafındakı digər ziyarətgahlar)

Hz. Hüseyn (ə) kufəli əsgərlərə son xitabında əllərini göyə qaldıraraq dua etmiş, onlara öyüd-nəsihət verdikdən sonra da bu ayəni oxumuşdur: “Onlara Nuhun xəbərini oxu! Vaxtilə o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər mənim mövqeyim və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən ancaq Allaha güvənirəm. Siz də Allaha ortaq saydığınız hamilərinizlə birlikdə toplanıb planınızı qərarlaşdırın. Baxın, planınız başınıza dərd olmasın. Sonra da mənə qarşı bacardığınızı edin və mənə heç möhlət də verməyin!” (Yunus, 10/71)

Hz. Məhəmmədə (s) inanmayanlara xəbərdarlıq üçün göndərilən bu ayədə Nuhun (ə) qissəsi xatırladılır. Bu ayədə, eləcə də sonrakı ayələrdə xəbər verildiyi kimi Nuh (ə) bir peyğəmbər olaraq öz qövmünə xəbərdarlıq edir, onlara öyüd-nəsihət verir. Ancaq ona inanmayanlar onu yalanlayırlar. Uca Allah da Nuhu (ə) və ona inananları xilas edir, inanmayanlar isə tufan sularında boğulurlar. Hz. Hüseyn də bu ayəni xatırladaraq həqiqəti inkar edənlərin aqibətinin heç vaxt yaxşı olmadığını vurğulayır.

Hz. Hüseyn (ə) bu ayəni oxuduqdan sonra “Babam Hz. Məhəmmədin (s) qövmünə söylədiyi kimi mənim də sizə sözüm budur” deyib aşağıdakı ayəni oxuyur: “Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, dürüst olanları himayə edər.” (Əraf, 7/196)

Uca Allah bu ayədə peyğəmbərinin dilindən səslənir, Allahdan başqasına bel bağlayan, Allahı qoyub başqalarına sığınan, onlardan yardım uman zavallılara xitab edir.

Uzun danışıq və mübahisələrdən sonra Hz. Hüseyn (ə) onun qarşısında yer tutanlara, “Ey Allahın qulları! Hz. Musanın dediyi kimi sizlərə deyəcəklərim budur” deyir və bu ayəni oxuyur: “Mən sizin məni daşa basmanızdan mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram.” (Duxan, 44/20)

“Musa da ‘Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram’ dedi.” (Ğafir, 40/27)

Bu ayələrin ikisində də Hz. Musanın (ə) inanmayan, özlərində qüdrət görən zalım və müstəbid iqtidar sahiblərinə söylədiyi ifadələrə yer verilir. Hz. Hüseyn də qarşısında olanlara xitab edərkən onlara Hz. Musanın bu ifadələrinin yer verildiyi ayələri də xatırladır.

Hz. Hüseyn (ə) Kərbəlada son gecədə tərəfdarları ilə birlikdə ibadət edərkən inanmayanları pis aqibətin, inananları da gözəl aqibətin gözlədiyini xəbər verən aşağıdakı ayələri də oxumuşdur: “Həqiqəti inkar edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar. Biz onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır. Allah möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyası deyil; nəhayət pisi yaxşıdan ayıracaqdır.” (Ali İmran, 3/178-179)

Hz. Hüseynin (ə) son olaraq oxuduğu bu ayələrdə insan həyatını, cəmiyyəti maraqlandıran müxtəlif məqamlara toxunulur. Bu məqamlardan bəzilərinə qısaca təmas etmək istərdik. Hər şeydən əvvəl Allahın insanları dünyada imtahan etdiyi unudulmamalıdır. Bilinməlidir ki, O (c.c.) müxtəlif hadisələrlə insanları imtahan edir ki, təmiz olanlar pis olanlardan ayrılsın.

Ələlxüsus həqiqətə kor olanlar, gerçəkləri ört-basdır edib inkarda israr edənlər Allah tərəfindən onlara verilən zaman və imkanın imtahandan başqa bir şey olmadığını düşünməlidirlər. Bu cür insanlara müxtəlif imkanların verilməsi onların xeyirli insanlar olduğunu göstərməz. Möhlət və fürsət onlara yanlışdan və haqsızlıqdan dönsünlər deyə, dönməməkdə israr edənlər də günahlarını və ziyanlarını artırsınlar deyə verilmişdir. Odur ki, onların ilahi mesajlara zidd davranmalarının Allaha heç bir zərəri yoxdur. Onların zərərləri yenə özlərinədir. Bilməlidirlər ki, şərtlər necə olursa olsun qula deyil, ancaq Allaha qulluq edənlər qazanacaq. Bu dünyada əllərində olan imkanlara aldanan, burada əbədi qalacaqmış kimi hərəkət edən, axirəti verib dünya həyatını satın alan kimsələr isə axirət həyatını itirəcək və orada dünyada etdiklərinə görə peşman olacaqlar. Ancaq oradakı peşmanlıqlarının onlara hər hansı bir faydası olmayacaq, əzabları yüngülləşdirilməyəcəkdir. Əksinə, onları rəzil və zəlil edici bir əzab gözləməkdədir.

Uca Allah insanlara dünya həyatındakı imtahan əsnasında möhlət verməkdədir. İnsanlara bu şəkildə möhlətin verilməsi inananlar üçün savabın, inanmayanlar üçün də əzabın artması məqsədilədir. Hz. Hüseyn (ə) bu cür mesajları ehtiva edən ayələri oxumaqla hər şeyin bu həyatdan ibarət olmadığını, gerçək qazancın axirət həyatında bəlli olacağını anlatmaq istəmişdir. Eyni zamanda o, bu ayələrlə inananların dünyada zülm və haqsızlıq qarşısında nə cür bir duruş sərgiləməli olduqlarını da xatırlatmışdır. Demək istəmişdir ki, Allah inananları zalımın hakim olduğu, pisin yaxşıya, natəmizin təmizə, münafiqin möminə qatıldığı bir düzəndə yaşamağa tərk edəcək deyildir. Əvvəl-axır pisi yaxşıdan, natəmizi təmizdən, münafiqi mömindən ayıracaqdır. Bax, imamın Kərbəlada bəzi ayələrə müraciət etməsinin, xüsusilə də Hz. Məhəmmədin (s) inkarçılara qarşı oxuduğu ayələri xatırlatmasının səbəbini doğru anlamaq onun məhz bu duruşunu doğru anlamaqdan asılıdır.

Davamı var…

Zaur Şüküroğlu







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar