"Koronavirus, tənhalıq və ölüm" - Pandemiya filminə fərqli baxış -VİDEO

09 İyul 2020 15:36    434 Baxış   
"Koronavirus, tənhalıq və ölüm" - Pandemiya filminə fərqli baxış - VİDEO
Film dünyada qəbul edilmiş ən güclü təbliğat maşınıdır. Bu güclü silahdan bütün sahələrdə istifadə olunur. Dünyanın inkişaf etmiş ölkələrində film sənayesi mədəniyyət çərçivəsindən çıxaraq siyasətin, iqtisadiyyatın, turizmin, həmçinin ölkələrin dövlət təbliğatının, informasiya strategiyasının əsas silahına çevrilib. Biz isə hələ də Sovet düşüncəsindən qurtula bilməmişik. Nəinki qurtulmaq, əksinə geriyə addımlamışıq. Film sənayesi haqqında feodal təfəkkürü ilə düşünürük. Buna görə bizdə film sənayesi maşın yox, at arabasıdır, biz də uzaq mənzillərə, hələ ki, at arabasında gedirik...

Ancaq qonşu və düşmən ölkə olan Ermənistanda Qarabağ haqqında tarixi filmlər çəkilir, həmin filmlər xarici ölkələrdə, festivallarda dolanır, uğurlar qazanır...

Bizdə öldüsü və qaldısı bilinməyən Mədəniyyət Nazirliyini indiyədək kino yox, pul maraqlandırırdı. Ermənilər sənət nümunəsi yaradaraq Qarabağın onlara məxsus olduğunu hər ölkədə göstərməyə çalışdığı vaxt bizdə "Qarabağ üçün oxu - 3" adlı layihə dövriyyəyə girdi. Özümüz oxuyub, özümüz də oynadıq və ya qulaq asdıq. Bizdən başqa kimsə bu səsi eşitmədi. Hələ bu harasıdır ki, adı ictimaiyyətə bəlli olmayan elə Qeyri Hökumət Təşkilatları var ki, Qarabağla bağlı heç kəsin görmədiyi "iş ortaya qoyur", yaxşıca pullar silir.

İllərdir ölkədə ədəbi tənqid və kino tənqidi yox səviyyəsindədir. Elə buna görə də nə adam içinə çıxarmalı bir əsər yaranır, nə də film. Özlərini ədəbi tənqidçi adlandıranlar hansısa kitab təqdimatindan sonra yeyib-içir, müəllif haqqında da 3-4 yaxşı sağlıq deyirlər, bu da olur bizim ədəbi tənqidimiz. Son illər kino tənqidi sahəsində isə jurnalist Sevda Sultanovadan başqası gözə dəymir.

Səbəb kinomuzun ölməsi olmasın?! Bəlkə də hə! Bəlkə də kinomuz ölüb, amma bizim xəbərimiz yoxdur. Özü də indi yox, illər öncə...

Azərbaycan kinosunun sonuncu naləsi "Dolu" filmi idi. Bu nalədən sonra Azərbaycan kinosunun xəyalı ilə yaşayanlar da öldü. “Dolu”nun qəhrəmanları kimi...

"Dolu" filmindən danışmışkən, filmin əsas qəhrəmanı "Drakon"u canlandıran aktyor Rza Rzayevi kinosevərlər yaxşı tanıyır. Aqil Abbasın aktyor kimi kəşf etdiyi Rza Rzayev sonralar filmə çəkilmək təklifi alsa da, imtina etdi. Səbəb kimi isə yalnız öz xarakterindəki rolu oynaya biləcəyini əsas gətirdi. Bununla da ciddi film sənayesi olmayan ölkədə Rza Rzayevin aktyorluğu da bitdi. Bəlkə də Rza Rzayev bu fikrində haqlı idi.

"Sənət, sənət üçündür" addımını yalnız xarakterini qorumaq şərtilə atacağını deyən aktyor yenidən kinoya qayıtdı, bu dəfə isə rejissor kimi. Kinosevərlərə təqdim etdiyi filmlə də ilklərə imza atdı. Rejissorun ilk filmi - "Geyilməmiş ayaqqabılar" ölkədə böyük rezonans doğurdu. "Geyilməmiş ayaqqabılar"dan sonra uzun müddət səssiz qalan rejissor bu günlərdə "Pandemiya" adlı yeni bir filmini ictimaiyyətə təqdim etdi. “YouTube”a yerləşdirilmiş 14 dəqiqəlik filmi, düz 3 dəfə izlədim. Film haqqında sonra, amma indi filmin təqdim olunduğu dövrə nəzər yetirək.

Əvvəla, təəssüflə bildirim ki, koronavirusun dünyada tüğyan etdiyi bir dönəmdə təqdim edilən film haqqında kulislərdə, demək olar ki, danışılmadı. Halbuki, bu, dünyada yaşanan ilklərdən idi ki, məhz Azərbaycanda baş tutmuşdu. Bizdə bu məsələ haqqında daha çox danışılmalı və xarici mətbuata bu barədə məlumat ötürmək, nədənsə, heç kəsi düşündürmədi. Bu da bizim mənfi cəhətimizdir.

Film haqqında bir neçə nüansa toxunmaq istəyirəm. Ancaq onu deyim ki, filmi yalnız yaradıcı insan gözü ilə izləmişəm. Buna görə də, xahiş edirəm, rejissorların görə, mənimsə görə bilmədiyim epizodlara görə qınamayasız.

Film haqqında danışmağa filmdəki müsbət çalarlara toxunmaqla baslamaq istərdim. Ağ-qara fon üzərində çəkilən filmdə digər rənglər məhz ağ və qara fonun fərqli çalarları kimi təqdim olunur. Burada ağ və qaradan başqa daha iki rəng var: Yaşıl - yaşamaq, qırmızı isə xəstəlik- virus!

Filmin qısa məzmunu belədir:
Film "Qoşa dəniz, şirin-acı, yaxşı-pis, əyri-düz, kamil-cahil" sözləri ilə başlayır. Növbəti kadrda isə pandemiya dövründə polis şöbəsinin qarşısına düzülmüş maşınlar göstərilir və qara rəngdə yazılmış "Ağ", ağ rəngdə yazılmış "Qara" titrləri tamaşaçıya filmin qoşa xəttini anladır.

Bu zaman qapı göstərilir və xəbər aparıcısının səsi evdəki televizorun efirindən karantinin başladığını elan edir. Qapıdan çıxan gənc iki dəfə geri qayıtmalı olsa da, yoluna davam edir. Qapının açılıb örtülməsi həyatın başlanğıcı və sonunu göstərir.

Rejissor qapıya asılmış paketlərlə ehtiyaclı ailələrdən danışırsa, Pantomim teatrının qarşısında maskadan istifadə etməyənlərlə virusa inanmayanların olduğunu göstərir. Burda Pantomim teatrının aktyorları da öz oyunlarını çox yüksək səviyyədə oynayırlar. Məsələn, teatrın qarşısından keçənlərə yanaşmada, skripkanın çantasına pul atdırılanda onların oyunları ön plana çıxır. Amma rejissor burda skripka qabına atılan pulun 190 manat olub olmadığını tam göstərmir.

"Ölüm toxumunun səpildiyi an"dan rollar dəyişır. Artıq cahilliyin gətirdiyi bəla üzə çıxır. İnsanlar ölümlə üz-üzə gəlir. Aptekçı qızın maska taxmaması, maskanı tullayan adamın, rol arxasında telefonla oynaması cahilliyin gətirdiyi bəlalardır.

Filmin kuliminasiya nöqtəsi dezinfeksiya edən qadının skripka çalmasıdır. Əslində, o, təkcə dezinfeksiyaedici deyil, həm də yoluxmuş şəxs və ya virusun özüdür. Virus yaymaqla məşğuldur, ətrafındakıları yoluxdurur. Karantin başlayır və insanlar pəncərə arxasından boylanmağa məhkum edilir.

Filmin "Bu səsin möcüzəsiylə komadan ayılacağına ümid var" hissəsi 21-ci gün xəstəxanada baş verənlərə həsr olunur. Süni nəfəs aparatına qoşulan xəstənin başının üstündə musiqi çalınarkən, eyni zamanda azan oxunur. Ekran qaralır, tabuta oxşar ağzı bağlanmış skripka qutusu ekranda görünür. Bu, təbii ki əsərin qəhrəmanının ölumüdür.

Sonda isə "Qurani-Kərim"dən misal çəkilir.
Əslində filmdə rejissor məqsədinə çatır: o, tamaşaçıya bizi virusun, pandemiyanın yox, əslində cahilliyin öldürdüyünü göstərə bilir.

Rejissor yuxarıda sadalanan problemlərə toxunaraq uğurlu bir film ortaya qoyur. Amma film haqqında fərqli fikirlərim də var.

Filmin musiqisini dinlədikdə aydın olur ki, bu azərbaycanlı ruhu ilə bəstələnmiş yox, hansısa avropalının musiqisidir. Buna görə deyə bilərik ki, film yad dildə çəkilib. Musiqinin danışdığı bir filmdə buna xüsusi ilə diqqət edilməli idi. Təəssüf ki, nədənsə bunu unudublar.

Filmin başlanğıcı əladır, amma sanki rejissor keçidlərdə əlaqələri bir qədər itirir. Bu, bəlkə də həddən artıq çox fikirin 14 dəqiqəyə sığışdırılmasına görədir. Pandemiya elan olunarkən skripkaçı oğlanın əlində apardığı payın taleyi məlum olmadı. Halbuki qapıya asılan payın bina sakinləri tərəfindən götürüldüyünü tamaşaçı anlayır. Və yaxud skiripkaçı oğlan cəhalətin qurbanından çox təsadüfi qəzanın qurbanına çevrilməsi haqlı iradlar hesab oluna bilər.

Rejissor bütün problemlərə akademik səviyyədə yanaşır. Bu üslüb film boyu davam edir. Amma rejissor yaratdığı suallara nə özü aydınlıq gətirir, nə də, tamaşaçıya bu sualların cavabını tapması üçün yol göstərir. Nəticədə tamaşaçı bu suallarda ilişib qalır, həm filmi anlamaqda çətinlik çəkir, həm də rejissorun nə demək istəməsində. Məsələn: Filmdə skripka qutusuna qoyulan banka nəyi göstərir? Nə üçün hadisələr 21-ci gün yekunlaşır? Axı 21-ci gün yazısı tamaşaçının gözünü deşir. Rejissor bunlara aid heç bir ipucu verə bilmir. Ölüm səhnəsinin həm azanla, həm musiqi ilə verilməsi anlaşılan deyil, rejissor filmi dünya ictimaiyyəti üçün çəkib, yoxsa azərbaycanlı tamaşaçı üçün, sualları açıq qalır.

Növbəti düşündürən sual: Filmin sonunda “Qurani-Kərim”dən iqtibas gətirmək nəyə lazım idi? Pandemiya da dini ayrı-seçkilik qarşısında acizdirmi?

Təbii ki, bu fikirləri rejissor daha yaxşı izah edə bilər. Amma nəzərə almaq lazımdır ki, qısa müddətdə, həmçinin karantin dövründə "Pandemiya" filmini çəkmək o qədər asan deyil. Üstəlik, səhv etmirəmsə, filmə heç bir qurum tərəfindən maliyyə də ayrılmayıb.

Bütün bunlarla yanaşı Rza Rzayevin filmini yüksək qiymətləndirir, ona işlərində uğurlar arzu edirəm. İnanıram ki, bu qısametrajlı film onun üçün gələcəkdə çəkəcəyi tammetrajlı film ücün məşqdir.

Fikrimi rejissorun filmdə susaraq hayqırdığı bir cümlə ilə yekunlaşdırıram: "Koronavirus, öldürmür, cahillik öldürür! Özünüzü cahillərdən və cahillikdən qoruyun!"

Elmar Hüseynov






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar