Məktəbləri açın, universitet qapılarından qıfılları götürün - Sonra gec olacaq

17 Sentyabr 2020 21:59    926 Baxış   
Məktəbləri açın, universitet qapılarından qıfılları götürün -  Sonra gec olacaq
Səhər-səhər oxuduğum xəbərdən çox məyus oldum. Taylanda baş verən ölüm hadisəsinin səbəbi onlayn təhsil olub. Telefonla dərs hazırlayan məktəbli qız ölüb. Elektrikə qoşulu olan telefon partlayaraq yeniyetmə qızı yandırıb.

Bu cür sonluq bizim məktəbliləri də gözləyə bilər. Koronavirus pandemiyası ilə bağlı yeni tədris ilində onlayn təhsilə start verilib. İki gündü dərslər başlayıb. Artıq narazılıqlar orda-burda özünü büruzə verir. Yarım ildi məktəbdən uzaq düşən şagirdlər sentyabrın 15-də təhsil aldıqları ocaqda görüşəcəklərini ümid etdikləri halda hər şey alt-üst oldu. Yenə də məktəblər tam açılmadı, yuxarı sinif şagirdləri ilk gündən dərsə gedə bilmədilər. Sirr deyil ki, bu, heç kimin ürəyincə deyil. Nə valideynlər, nə də məktəblilər onlayn təhsilə maraq göstərmirlər. Hətta ən pis oxuyan şagird belə səhər yuxudan durub məktəbə getməyin həvəsindədir. Ən vecsiz valideyn də hər gün uşağını məktəbə yola salmaq istəyir. Qarşıda uzun 9 ay var, şagirdlər bu müddətdə məktəbdən uzaq düşəcək, müəllimləri ilə canlı ünsiyyətdən məhrum olacaqlar. Müəllim bəlkə də yeganə peşə sahibidir ki, şagirdlər ilk dərs günündə qollarını açıb onu qucaqlamağa can atırlar. Müəllim yeganə insandır ki, dərs dediyi uşaqlar onu bir ömür unuda bilmirlər. Onlayn təhsil, virtual dərslər müəllimləri və şagirdləri bu dəyərdən uzaqlaşdırır. Aralarındakı doğmalıq, isti münasibət demək olar ki, virtual dünyada yox olub gedir. Bu, yaxşı hal deyil.

xxx

Azərbaycan təhsili onsuz da bərbad gündədir. İldən - ilə təhsilin keyfiyyəti aşağı düşür, ali məktəblərə qəbul olunan abituriyentlərin 80-90 faizi keçid balını zorla toplayırlar. Universitet məzunlarının 90 faizi savadsız olurlar. Bütün bunlar kimin günahıdı? Valideynin, təhsil alanın, yoxsa təhsil verənin? Belə bir aurada onlayn təhsil hansı müsbət nəticəni verəcək? Virtual məktəb layihəsi təhsilin keyfiyyətini nə dərəcədə artıracaq? Bütün bu sualların cavabı yeni təhsil nazirinin fəaliyyətində özünü göstərəcək. Hələlik isə onlayn dərslərin orta məktəb şagirdlərinə heç nə verməyəcəyini yüksək səslə söyləyərək, böyük hərflərlə yazıram: BUNUN SONU YAXŞI GÖRÜNMÜR!

Azərbaycan ailələrinin hamısında kompüter və internet yoxdu. Xüsusilə də ucqar kəndlər bu texnologiyadan məhrumdurlar. Özü də o kəndlər ki, oralarda təhsil alan uşaqlar hər il ən yüksək balla ali məktəblərə qəbul olunurlar. Bilirsinizmi niyə? Çünki ordakı uşaqlar hər gün məktəbə gedir, kitab oxuyur, dərslərlə müntəzəm məşgul olurlar. Əlavə vaxtlarını əllərindən alacaq yüksək texnologiyaların gərəksiz proqramlarına qoşulmurlar. Amma bu gün iş elə gətirib ki, onlar da internet resurlsları ilə ünsiyyətdə olmalıdırlar. Necə olacaq? Hər ailədə kompüterin olmadığı bir yana, internetin oralara gedib çıxmaması, yaxud da olduqca zəif olan internetlə ailədəki uşaqlar dərs oxuya biləcəklərmi? Bir evdə neçə kompüter olmalıdır ki, 2, 3, 4 uşaq eyni vaxtda dərslə məşğul olsun? Bu halda telefon "köməyə"gəlir. O da ki, yuxarıda dedyim kimi təhlükəlidi...

Bu gün dünyanın bir çox ölkələri sovet təhsil sisteminə dönüblər və bəhrəsini də görürlər. Biz isə üzümüzü ondan elə çevirmişik ki, sanki dönüb arxaya baxsaq boynumuz sınacaq. Halbuki həmin təhsilin üstünlükləridi bu gün Azərbaycan təhsilini az-çox ayaqda saxlayan. İmtina etdiyimiz həmin təhsil sistemi Azərbaycan elminə çox böyük uğurlar qazandırıb. Ötənlərdən bizə qalan həmin qazancı da bu gün onlayn təhsillə, virtual dərslərlə itiririk. Bu, bir yana qalsın, hələ onu demirəm ki, təhsildə guya hər gün axtarış aparılır, yeniliklər əldə edilir. Amma təhslin başbilənləri özləri də bilmirlər ki, nə istəyirlər. ABŞ-dan, Avropadan öyrənməyə çalışır, Fransa, İngiltərə, İtaliya, Almaniya və digərlərinin hərəsindən bir şey götürüb tətbiq edirlər. İllərdi"kurikulum" deyilən nəsnəni öyrənib bitirə bilmirlər. Hələ də onun mahiyyətini anlamayan müəllimlər var. "Təhsilin təmayüllər üzrə təşkil edilməsi" adı ilə onlarla pilot məktəbi yaradıblar. Amma bu da istənilən nəticəni vermir. Azərbaycan təhsilinin başında duranlar, doğrudanmı, bu qədər məsiliyyətsiz, gələcəyi görməyənlərdi? Bu gün uşaqlarımızı təcrübə dovşanına döndəriblər. Harda nə görür götürürlər, kimdən nə istəyir alırlar. Guya Azərbaycan təhsilini sabaha sağlam ötürməyə çalışırlar. Tam tərsinə, bu cür təcrübələr təhsilə, elmə elə yara vurur ki, onun sağalması uzun illər çəkir. Biri bitməmiş o birinə başlayırlar. Yarı-yarımçıq təcrübələr, gərəksiz sınaqlar övladlarımızın başında sınır, Azərbaycan dövlətinə zərbə vurur. Bir proqramı işləyib sona çatdıra bilmirlər, hər ay, hər həftə nəsə "ixtira" edirlər. Amma yarım ildi düşünüb-daşınıb bir qərara gələ bilməyiblər ki, necə etsinlər məktəblər tamamilə açılsın, şagirdlər hər gün dərsə gəlsinlər.

Əvvəllər Təhsil Nazirliyi Hökumət Evində fəaliyyət göstərirdi. Qurum 5-6 otaqdan ibarət idi, çox da normal işləyidi. İndi böyük bir saray tikilib, nazirliyin ştatları şişirdilib, işçilərin sayı-hesabı yoxdu. Yeni-yeni idarələr, şöbələr açılıb, hərəsində də filan qədər işçi var. Baş mütəxəssis, orta mütəxəssis, ayaq mütəxəssis, nə bilim daha hansı mütəxəssis... hərəyə də bir otaq ayrılıb. Yaxşı, bu "mütəxəssislər" orda nə işlə məşğul olular? Niyə ortaya bir gərəkli proqram qoymurlar ki, uşaqlar dərsə gedə bilsinlər, məktəblər əvvəlki normal işinə dönsünlər. Olmazmı ki, uşaqları iki yerə bölüb iki gün dərs keçmək əvəzinə, hər gün məktəbə çağırsınlar? Stulları seyrəltsinlər, ara məsafəni qorusunlar, spirt, maska da ki, öz yerində. Amma yox, "pandemiyadı" deyərək rahatlanıblar, eləmi? Düşünürlər ki, hər şey onlayn yolla davam edəcək. Halbuki virtual dərslər Azərbaycanın bu günkü vəziyyətində qətiyyən müsbət təsirini göstərəbilməz. Bir çox sahələrdə olduğu kimi təhsili də hərə bir tərəfə çəkir. Necə deyərlər elm ocaqları İvan Krılovun məşhur "Balıq, ördək və xərçəng" təmsilinə dönüb...

Onlayn təhsilin bu günkü forması heç bir effekt vermir, virtual dərslərdə şagirdlərinçoxu iştirak etmir. Çoxlu sayda valideyn kompüterdən anlamır. Elə ailələr də var ki, ata-ana hərgün işə gedir. Evdə tək qalan, yanında nə valideyn, nə də müəllim olmayan uşaq(lar) kompüteri açıb "dərsdə oturmağa" həvəs göstərmir(lər).Həvəskarlar da tez yorulurlar. Birdən-birə virtual təhsilə qədəm qoyan yeniyetmə uzun yol gedə bilmir. Azərbaycan təhsili bu usullamı inkişaf edəcək? Azərbaycan dövləti bu günkü məktəblinin sabahından hansı uğuru gözləyəcək? Aylardı deyirlər ki, pandemiyanın ikinci dalğası gözlənilir. Seyid cəddinə əmin olduğu kimi təhsilin başbilənləri də dövlət başçısının ağzına baxırlar ki, prezident onlara nəsə tapşırsın, göstəriş versin. Təhsillə bağlı gündə bir şura yaradılır, bir qurum təsis edilir. Bütün yükü ölkə başçısı çiyninə götürəcəksə, bu yaradılan qurumlar nə üçündü? Hər çiyinin üstündə bir baş var. Allah bu başıyalnız insanın çörək yeməsi, yatması, durması və əyninə paltar almasını düşünmək üçün yaratmayıb. Baş, həm də insanın çalışdığı sahənin haqqını verməsi üçün yol göstərir, düşünməsinə şərait yaradır. Görünən o ki, Təhsil Nazirliyinin işçiləri başlarını işlətməyə ehtiyac duymurlar. Əks halda təhsildən dolayı Azərbaycanın bu gün necə bir zərbə altında olduğunu gözləri görməsə, ağılları kəsməsə də, fəhmləri duyardı.

Bu gün yollar açılıb, metro işləyir, restoran, kafe, alış-veriş məkanları fəaliyyət göstərir. Bir çox çal-çağır mərkəzləri "vur-çatlasın" kef edirlər. Bir sözlə hərə, öz işindədir. Məktəblər, universitetlər nədən bağlı qalıblar? Niyə tam açılmayıb? Bəlkə ikinci dağla olmayacaq. Hər gün dünyanın bir yerindən alimlər baş qaldırır, sübut edirlər ki, karantin əbəs imiş, pandemiya -fiilan yox imiş. Bunu bizim bəzi mütəxəssilər də təsdiq edirlər ki, səhv etmişik, kəskin karantin lazım deyilmiş. Amma olan oldu, keçdi getdi. Sabaha baxaq, bu günümüzü itirməyək. Onlayn təhsildən imtina etmək lazımdı. Əgər bizə - Azərbaycana savadlı, təhsilli cəmiyyət lazımdırsa, cənablar və cənabələr, məktəbləri açın, universitet qapılarından qıfılları götürün! Sonra gec olacaq!

P.S. Əslində bu yazdıqlarım yeni deyil. Aylardı hər kəsin düşündükləridi. Mən özüm də bu mövzuda yazmışam. Amma təkrar yazmağı, deməyi özümə borc bildim. Çünki təkrar biliyin anasıdı.

Bunu müəllimlər və təhsilin başında oturanlar hər kəsdən yaxşı bilirlər...

Züleyxa NADİR, Olaylar.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar