"Mən o bayraqla erməni arvadımı qoruyuram"

26 İyun 2020 18:53    1909 Baxış   
"Mən o bayraqla erməni arvadımı qoruyuram"
Eyvandakı bayraq

1988-ci il. Soyuq dekabr ayı. Şamil Mamedoviç yenicə raykom katibi təyin edilmişdi. Erməni məsələsi təzə başlamışdı. Otağındakı rəngli “Horizont” televizoru işə saldı. Mərkəzi televiziyanın efirində “İşdə məhəbbət macərası” filmi gedirdi. Biraz kövrəldi. Sevgi yadına düşməmişdi. Moskvada təhsil aldığı dönəmdə Eldar Ryazanov yalnız bir dəfə auditoriyada qonaqları olmuşdu. Dərindən ah çəkib pəncərəyə yaxınlaşdı. Ürəyində “Moskva.... Mincivan ” pıçıldadı. Fərqini anlayırdı. Amma və lakin məcbur idi.

Zəng gəldi. Telefonun o biri başında milis rəisi idi. Məlumat verdi ki, rayonda vəziyyət yaxşı deyil. Şamil Mamedoviç dəstəyi yerinə qoydu. Xeyli bir nöqtəyə baxdı. Son zamanlar, nədənsə Moskva tez-tez yadına düşürdü. Rudolf Qriqoryeviç Yanovskinin ona hədiyyə etdiyi büllur stəkanı əlinə alıb pəncərəyə doğru getdi. Həyətdə müxalifətçilər öz işlərində idi. Şüar yazırdılar: “İstefa!”

Şamil Mamedoviç yaxşı bilirdi ki, rayon əhalisi arasında həyat yoldaşı erməni olanlar çoxdur. Onları müdafiə etmək üçün bir şey fikirləşməli idi. Telefonu qaldırıb ikinci katib Pənah Rzayevi çağırdı. Rzayev təxmin etmişdi ki, katib həmin ailələrin siyahısını istəyəcək. Şamil müəllim siyahıya göz gəzdirdi. Çox tanınmış adamlar var idi. Pənah Rzayev məlumat verdi ki, Hüseyn müəllimin də həyat yoldaşı ermənidir. Yazıq kişi Qafana gedib-gəlməkdən yorulub. Rayonda mitinq olan kimi arvadını maşına qoyub aparır qayınanasının yanına, mitinq bitən kimi də gətirir. Bu hesabla hər həftə ailəsini daşıyır ora-bura.

Şamil Mamedoviçin gözü televizora sataşdı. Bu dəfə “Səhranın bəyaz günəşi” filmi efirdə idi. Suxovun taleyini özünə oxşatdı. Çantasını götürüb nahar üçün evə getdi. Evə çatıb bir stəkan çay içdikdən sonra pəncərəyə yaxınlaşdı. Qarşıdakı binanın yuxarı mərtəbəsinin eyvanında üç rəngli Azərbaycan bayrağının dalğalandığını gördü. SSRİ vaxtı bunun yolverilməz olduğunu hiss edirdi. Yaxşı bilirdi ki, mərkəzdən tənqid gələcək. Milis rəisinə zəng vurmaq istədi. Bir anlığa dayandı. Bilirdi ki, milis rəisi özünü göstərmək üçün həmin adamı həbs edəcək. Məsələnin sakit həlli üçün bayrağı asanın kim olduğunu bilməkdən ötrü özü şəxsən həyətə düşdü. Yuxarı qalxdı. Qapının zəngini çalanda içəridən qorxu dolu ayaq səsləri gəldi. Sakit addımlarla içəridən Elman müəllim qapını açdı və Şamil müəllimi görüb duruxdu. Elman müəllim “Rayonun səsi” qəzetinin baş redaktoru idi. Şamil müəllim soruşdu:

- Ay Elman, o bayrağı niyə asmısan oradan? Bilmirsən ki, tuthatutdur?

- Şamil müəllim, xahiş edirəm o bayrağa dəyməyin. Mənim arvadım ermənidir, qorxuram. Mən bu bayraqla həyat yoldaşımı qoruyuram.

Şamil müəllim əlini cibinə qoyub raykoma kimi piyada getdi. Sevinirdi ki, Azərbaycan bayrağı kiminsə ailəsini qorumuşdu. Qəhər boğmuşdu onu. Otağına keçəndə gözləri yaşardı. Televizoru yandırdı. Bu dəfə isə onu yenidən kövrəldəcək ayrı bir film efirdə idi: “Moskva göz yaşlarına inanmır”.

Tahir Tahiroviç


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar