Millət vəkilləri Tovuzda şəhid olmuş baş leytenant Rəşad Mahmudovun ailəsini ziyarət ediblər

03 Avqust 2020 11:51    711 Baxış   
Millət vəkilləri Tovuzda şəhid olmuş baş leytenant Rəşad Mahmudovun ailəsini ziyarət ediblər
Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova, 13 iyulda Tovuzda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun Biləsuvarın Aşağı Cürəli kəndindəki evini ziyarət ediblər.

Millət vəkili Qənrə Paşayeva şəhid baş leytenantın ailə üzvləri ilə söhbətində öz duyğularını, fikirlərini belə ifadə edib: “Tovuz istiqamətində 12 iyuldan başlayan ağır döyüşlərdə bizim hərbi bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Düşmənin verdiyi itkilərdə, döyüş mövqelərimizin qorunmasında Rəşad Mahmudovun bir zabit kimi xidmətləri var. O, bu ailədə böyüyüb, boya-başa çatıb, onun tərbiyəsi, Vətənə bağlılıq hissləri, əlbəttə ailəsindən başlayıb. müqəddəs Qurban bayramı günlərində şəhid zabitimizin evində olmaq, ailəsini ziyarət etmək, bizimçün əlamətdardır.

Mən aktiv döyüşlər gedən günlər Tovuzdaydım, hərbçilərimizin hər birinin yüksək vətənpərvərliyini, dönməzliyini görmək çox qürurvericiydi. O günlər yaşananlar, hərbçilərimizin əziz canlarını Vətən uğrunda qurban vermələri, göstərdikləri şücaətlər xalqımız tərəfindən unudulmayacaq. Ruhuna minnətdar olduğumuz şəhidlərimizin ailələri bizimçün həmişə əziz olacaq”.

Millət vəkili Məşhur Məmmədov bildirib ki, o da hadisələr vaxtı Tovuza səfər edib, qəhrəman oğullarımızın, eləcə də, yerli əhalinin, özəlliklə gənclərin əhval-ruhiyyəsini biləvasitə görüb. M.Məmmədov Tovuz döyüşlərində şəhid olmuş digər şəhidlərin ailələrinin də ziyarət edildiyini, belə ziyarətlərin bir mənəvi borc olduğunu bildirib. Son illər öncəbhədə düşmənə sarsıdıcı zərbələr vurmuş, şəhid olmuş bir neçə hərbçimizin Biləsuvarda böyüyüb, boya-başa çatdığını xatırladan millət vəkili, 2012-ci ildə şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığının ondan sonra gələn gənc hərbçilərimiz tərəfindən mənimsənildiyini, Rəşad kimi oğulların bunu sübut etdiyini deyib.

Millət vəkilli Q.Paşayeva Tovuz döyüşlərinin bir çox həqiqətləri üzə çıxardığını, o cümlədən xalq-ordu, xalq-dövlət birliyinin necə sarsılmaz olduğunu bir daha bariz şəkildə göstərdiyini deyib. Gənc hərbçilərimizin cəsurluğunu, qorxmazlığını, əcdadlarımızın tarixi ənənələri, hərbi iris ilə əlaqələndirib.

RHİMİB sədri Arzu Bağırova və şəhid baş leytenantın ailə üzvləri, doğmaları da öz ürək sözlərini bölüşüb.
Qonaqlar şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, hər zaman olduğu kimi, Tovuzda şəhid olmuş hərbçilərimizin ailələri də, Ali Baş Komandan cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub və dövlətin zirvəsinin bu nəcib münasibəti, hər kəs üçün də bir nümunə təşkil edir.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar