Möcüzə doktor - Tanınmış jurnalist ölümdən döndü

02 Fevral 2021 16:39    929 Baxış   
Möcüzə doktor -  Tanınmış jurnalist ölümdən döndü

Sizin ətrafınızda, qohumunuzda, qonşunuzda, tanış-bilişinizdə möcüzə doktor varmı, yoxmu, bilmirəm... amma mənim var. Mənim, oğlumun, ailəmin, yaxın çevrəmin, əzizlərimin, doğmalarımın doktoru Elmira Abbasova! Mənim möcüzə doktorum! Sözün həqiqi mənasında möcüzə yaradan doktorum! Doktorum olmasaydı yəqin ki, bu gün bu sözləri yazmayacaqdım. Sadəcə ölmüş biri kimi xatırlanacaqdım...

... öz səsimə oyandım, zarıyırdım... anladım ki, qızdırmanın içində yanıram. Telefonda saata baxmaq istədim, əlimdən yerə düşdü. Tappıltı səsinə oğlum yuxudan oyandı, yanıma gəldi. “Məcid, termometri gətir” deyə bildim. Saatın neçə olduğunu da soruşdum. Sonra gözlərim yumulub, huşumu itirmiş kimi olmuşam. Oğlum qızdırmamı ölçüb: 39,8. Çox pis qorxub, fəryad edib... saat dörd imiş...

Gözümü açdım ki, doktorum başımın üstündədi, təzyiqimi ölçür. Çox aşağıdı... başını yellədi, dodaqaltı nəsə deyinməyə başladı, bəlkə də normal tonda danışırdı, mən eşidə bilmirdim. Anladım ki, vəziyyət gərgindi. Koronavirus yaxamdan yapışıb. “Xəstəxanayamı”? “Lazım deyil”. Resept yazdı. Məcid gedib aldı. Sistem qoşmağa başlayanda məni yuxu apardı. Bəlkə də ölüm yuxusu imiş, amma doktorum qoymadı ölüm aparsın məni... hər gözümü açanda başımın üstündə onu gördüm. Gecə - gündüz yanımda oldu – həm doktor kimi, həm də xəstə baxıcısı kimi. Kimsə bilmədi, bacımdan başqa. Ki... mən evdə ölüm-dirim savaşındayam. Düz iki həftə dünyanı unutdum, qızdırmadan gözlərim açılmadı... doktorum möcüzə yaratdı. Dörd həftəyə koronanın belini qırdı, məni həyata qaytardı...

Məndən əvvəl də bacımı həyata qaytarmışdı. Korona ilə rayon xəstəxanasına yerləşdirilən bacımı 3 gün sonra süni nəfəs aparatına qoşdular. Səhərə yaxın idi, saat 5-6 iradələri olardı. Yuxudan dik atıldım. Bacıma zəng vurdum. Telefonu növbətçi tibb bacısı açdı. Vəziyyətinin ağır olduğunu dedi. Əməllicə öldüm, gedib o biri dünyanı görüb qayıtdım... Doktoruma zəng etdim. Gecə növbəsində idi. Vəziyyəti danışdım. “Üç saata növbəni təhvil verib gəlirəm” dedi. Özü ilə dərmanlar gətirdi. Çünki səhər tezdən bacımın doktoru ilə əlaqə saxlayıb hansı dərmanlardan istifadə edildiyini soruşub. Biləndə ki, lazım olan dərmanlar xəstəxanada yoxdu, özü Bakıdan alıb... Həkim deyib ki, xəstəni götürün aparın - ya Bakıya, ya da başqa yerdə. Doktorum etiraz edib. "Mən dediyim müalicə edilməlidi, özüm təyinatını verib nəzarət edəcəm" deyib. Elə də etdi. Doktorum düz bir həftə bacımı xəstəxanada şəxsən özü müalicə etdi. Bakıdan apardığı dərmanlar xəstəxanada yox idi. Rayonun adını bilərəkdən yazmıram. Bakıya yaxın rayonlardan biridi. Müasir tipli xəstəxana binasıdı. Normal, səliqəli-səhmanlı, çöldən baxanda deyirsən ki, bura ölü gələn dirilib dönər evinə. Amma içində nə bir savadlı həkim, nə də lazım olan dərmanlar var. İnfeksion şöbədə müalicə alan koronalı xəstələrə protokolda yazılan dərmanlardan əlavə heç bir dərman müalicəsi etmirlər. Ona görə də ağır vəziyyətdə olanlar ölür, yüngül formada müalicə alanlar da yarımcan evə dönürlər...

Möcüzə doktorum kritik vəziyyəti aradan qaldırdı, bacım “kəfəni yırtdı”. Bakıya dönəndən sonra da əlaqəni kəsmədi. Hər gün həkimlə əlaqə saxladı, telefonla “müalicəsini” davam etdirdi. Üç həftə sonra bacım tam sağaldı – Allahın köməyi və doktorumun möcüzəsi ilə normal həyata döndü...

Bilirəm Azərbaycanda savadlı, elmli, peşəsini vicdanla yerinə yetirən, pulgir olmayan həkimlər var. Onlar da kimin bəxtinə çıxarsa çıxar. Şanslı xəstələrin həmin həkimlər vasitəsi ilə sağalmaları Allahın lütfüdü. Bir də var ki, sənə gerçəkdən can yandıran, heç bir təmənnası olmayan, var gücünü sənin sağalman üçün sərf edən HƏKİM. Mənim doktorum məhz belədi. İllərdi onun möcüləri ilə ayaqdayıq. İllərdi mənim və oğlumun bütün sağlıq problemlərini çözən, qoruyucu mələyimiz olan doktorum! İllərdi məni xəstəliklərdən uzaq tutan doktorum! İllərdi oğlumun Allah kimi baxdığı doktorum!

Hə... yeri gəlmişkən bunu da deyim ki, doktorumun ilk möcüzəsi çox-çox əvvəl - 24 yaşında Rusiyada olub. İnstitutu bitirən kimi evləndi. Qərbi Sibirdə hərbçi olan həyat yoldaşı ilə birlikdə yollandı Krasnoyarsk diyarına. İlk iş yeri həbsxana oldu. Azərbaycandan getmiş gənc doktorun dustaqxanada işləməsi də bir möcüzə idi. Günün birində gecəyarısı zəng vurub yuxudan oyadırlar ki, özünü yetir, dustaq ölür. Dustağın da ölümü nə imiş?! Qaçmaq istəyib, tikanlı məftillə əhatələnmiş hasardan aşmaq istəyəndə gözətçi görüb, güllə atıb. Güllə yarası almış dustağın həm də başını tikanlı məftil iki yerə ayırıbmış. Meşənin ortası, nəqliyyatın yalnız helikopter olduğu bir yer, üstəlik də qışın ortası, bir metrdən çox qar... gənc doktora deyilir ki, sadəcə ilk yardım etsin. İki gün sonra hava şəraiti bir az yaxşı olandan sonra helikopter gəlib mərkəzə aparacaq. O vaxta kimi nəfəsi gəlib getsin bəs edər. Doktorum ilk cərrahiyyə əməliyyatını edir, ivanın, ya da nə bilim mişanın, kolyanın ikiyə bölünmüş başını “tikir”. Dustaq sağalır, mərkəzə aparmağa gərək qalmır...

Çox oldu deyəsən. Amma doktorum haqqında bunlar nədir ki?! Onun möcüzələrini sadalasam neçə yüz min işarəlik yazı alınar.Yox.. yox... kitab olar. Təkcə ötən pandemiya günlərində etdiyi fədakarlıqları yazsam bir dastan olar. Doktoruma can borcumu necə ödəyəcəm? Mümkünmü?

P.S. Can dostuma, qoruyucu mələyimə demişəm ki, əgər məndən əvvəl ölsə, o dünyada yaxasından yapışıb hesab istəyəcəm...

Züleyxa NADİR



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar