Müharibənin səbəblərindən biri Minsk qrupunun uğursuzluğudur - Fransız deputat

23 İyul 2021 10:22    244 Baxış   
Müharibənin səbəblərindən biri Minsk qrupunun uğursuzluğudur -  Fransız deputat

Fransanın “La Croix” portalında deputat Jerom Lamberin “Fransa Ermənistan və Azərbaycan arasında yaxınlaşmanın xidmətində olan təbii vasitəçidir” adlı məqaləsi dərc olunub.

Dominant.az xəbər verir ki, məqalədə beynəlxalq vasitəçi kimi neytral və balanslaşdırılmış mövqeyini saxlamamış Fransaya öz yanaşmasına yenidən nəzərə salması məsləhət görülür.

“Mötədil və praqmatik təbiətli Paşinyan yeganə baxışı Türkiyəyə qarşı əbədi iddialar irəli sürməklə millətini təcrid etmək olan “ultra”çılarına yenidən güzəşt etmək məcburiyyətində qaldı. Ermənistan indi yolayrıcındadır. Ölkə uzun illərdir onu məhvə aparan təcrid olma tarixi proqramını davam etdirəcək, yoxsa sülh və barış yolunu tutacaq?”, - deyə müəllif Ermənistanın uzun illərdir səhv yolda olduğunu göstərib.

Davamlı sülhə toxunan fransız millət vəkili belə bir vəziyyətdə Fransanın üzərinə mühüm vəzifə düşdüyünü yazıb. Ölkəsinin Qarabağın erməni hərbiçiləri tərəfindən işğalının sülh yolu ilə həlli həvalə edilmiş Minsk qrupunun üç həmsədrindən biri olduğunu xatırladıb.

Ötən il Azərbaycanın suverenliyinin bərpası ilə nəticələnmiş iki qonşu ölkə arasındakı müharibənin əsas səbəblərindən birinin Minsk qrupunun diplomatik uğursuzluğunun olduğunu diqqətə çatdırıb. Davamlı sülhün əldə olunmadığını və Fransanın bu istiqamətdə hərəkət etmək imkanına malik olduğunu deyib.

Bildirib ki, son illər və aylarda Fransa ərazisində yaxşı təşkilatlanmış erməni lobbi və diasporunun səyləri nəticəsində Minsk qrupunun həmsədrlərindən olan bu ölkə qərəzsiz vasitəçi rolunu yerinə yetirməkdə zəifləyib. ABŞ neytral və balanslaşdırılmış gündəliyini davam etdirərək Ermənistanı Qarabağın işğalının faciəvi mirası olan minalanmış geniş ərazilərin xəritəsini verməyə razı salıb.

Ermənistan iqtisadiyyatının iflic olduğunu yazan J.Lamber onun 4 beynəlxalq sərhəddindən 3-nün -Türkiyə, Azərbaycan və hətta qonşu xristian Gürcüstanla olan sərhədlərinin ticarətə bağlı olduğunu diqqətə çatdırıb. Yalnız İranla olan 4-cü sərhəddinin açıq olduğunu bildirib.

Vurğulayıb ki, Cənubi Qafqazda vəziyyəti normallaşdırmağın, sərhədlərini açmağın və mühüm nəqliyyat əlaqələrinin bərpa edilməsinin vaxtı çatıb.

Azərbaycan iqtisadiyyatından söz açan fransız deputat erməni işğalından azad edilmiş ərazilərin bərpasında fransız şirkətlərinin iştirakından da yazıb.

“Bu günə qədər Ermənistan qonşularına mənfi və ya ən yaxşı halda ikibaşlı siqnallar göndərib. Ermənistanı düşdüyü təcrid vəziyyətdən çıxmağa təşviq etmək Fransanın marağındadır. Bölgənin potensialını açmağın açarı İrəvandadır və İrəvan Parisə qulaq asır. Siyasi, diplomatik və iqtisadi kanalları ilə Parisin səsini eşitdirmə vaxtı çatıb”, - deyə J.Lamber ölkəsinin siyasi rəhbərliyini mövqeyinə yenidən nəzər salmağa çağırır.

(Modern.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar