Müxalifətin iqtidar olması əngəllənirsə, sistem ölüdür...

03 Avqust 2020 12:09    601 Baxış   
Müxalifətin iqtidar olması əngəllənirsə, sistem ölüdür...
Aaaa, ana müxalifət, qurultay, yarış... necə qəribə işlər?

I yazı

Ölkənin idarəsində 18 ildən bəri eyni partiyanın olmasına baxmayın, 3.5 ildir ki, siyasətə dinamizmi ana müxalifət partiyası verir, gündəmi ana müxalfət müəyyənləşdirir, ittifaqları ana müxalifət yaradır, seçkiyə aparır, elan etdiyi alternativ proqramlarla iqtidarın rahatlığını pozur. Əlbəttə ki, bütün bu işlərdə əldəki əsas kartlardan biri – böyük şəhər bələdiyyələrinin müxalifət partiyalar tərəfindən idarə edilməsidir. Amma bundan da önəmli əbədi və əzəli həqiqət-siyasi partiyaların hər birinin müəyyən siyasət fəlsəfəsi, dünya baxışı, proqram və nizamnaməsi əsasında yaradılması, fəaliyyət göstərməsi və mümkün qədər təkbaşına iqtidar olmağa can atmasıdır. Yəni, siyasi partiya “Pul düşkünü hacı Fərəc”lərin, Fazil Küleynilərin, Asimlərin, Qüdrətlərin, Tahirlərin... 1 partiya=1 mandat dünya görüşündən ibarət deyildir, ola bilməz.

Türkiyə dövlətinin qurucu siyasi qurumu Cümhuriyyət Xalq Partiyasının 37-ci qurultayı da partiyanın 10 illik lideri Kamal Kılıçdaroğlunun aprel və iyun aylarında “Cumhuriyet” qəzetində çap edilən və ilk seçkidə müxalfəti iqtidara daşımaq iddiasında olan 2 konseptual məqaləsinin müzakirəsi və Türkiyənin yeni dönəmdəki idarəçi komandasını qurmaq iddiasıyla keçirildi.

Sədrliyə namizədlik

“Kaset qəziyyələri” 18 il əvvəl Türkiyənin prokurorluq sisteminə format atmışdı, 10 il əvvəl isə siyasətinə atdı. Bəlkə Deniz Baykal kimi bir təcrübəli siyasətçiyə “kasetlə tələ” qurulmasaydı, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri olmaq Kamal Kılıçdaroğlunun yuxusuna da girməyəcəkdi. O tələ 10 may 2010-cu ildə Baykalın istefasını özü ilə gətirib-gəldi. Hər şey o qədər sürətlə cərəyan etmişdi ki, mayın 22-də səhər saat 7-də mən də özümü təngnəfəs Ankaradakı qurultay salonuna atıb CHP-nin növbədənkənar qurultayını 11 saat ayaq üstündə izləmişdim. Sədrliyə yeganə namizəd olan Kılıçdaroğluna jurnalistləri yaxınlaşmağa qoymurdular, əziz dostum Süheyl Batum qabağa düşərək, məni Kamal bəyin lap yaxınlığına qədər aparanda “Hörmətli sədr, Azərbaycan da bu qurultayı yaxından izləyir, açıqlama vermək istəyərsinizmi?”- deyə soruşar-soruşmaz 10 metr o tərəfdəki Türk mediası axın etsə də, Kamal bəy “Azərbaycanla birgə işləyəcək, Qarabağı birgə azad edəcəyik, salam və sevgilər göndərirəm”- sözləriylə son nöqtəni qoymuş, Türk mediası kor-peşman öz yerinə qayıtmışdı. Mərhum Kamer Genç çiyinlərdə salona gətiriləndə diktofonu uzada bildiyim yerə qədər uzatmış, unikal bir insan olan Kamer bəy elə o çiyinlərdə səsi gələ bildiyi qədər bağıraraq iqtidara mənim vasitəmlə salvolar göndərmişdi. Partiyanın idarə orqanlarına seçilməyən Onur Öymenə təsəlli verib siqaret çəkmək üçün binadan çıxanda Muharrem İnce siqaret istəmiş, sualıma cavab verməsini şərt qoşaraq qutunu uzatmış, siqaretini yandırmışdım.

- İqtidara gəlmək iddiasındasınız. İlk işiniz nə olacaq?”

- İlk işimiz Məclisin həyətinə avtobuslar gətirmək olacaq. AKP millət vəkillərinin toxunulmazlıqlarını ləğv edib onları həbsxanaya göndərəcəyik.

O vaxt Azərbaycanda əməkdaşlıq etdiyim media qurumu da xəbəri eyni başlıqla vermişdi.

Aradan keçən 10 ildə Kamal Kılıçdaroğlu “seçkidə məğlub olmasına baxmayaraq, kreslosunu tərk etmədiyinə görə” daim tənqid edildi. Ancaq Kılıçdaroğlu o kresloda despotik yox, demokratik yolla oturmağa davam etdi, qurultay nümayəndələrinin lazımi qədər səsini alaraq sədr seçildi. Bu 10 ildə Kılıçdaroğlunun qabağına ən ciddi rəqib kimi çıxan Muharrem İnce 2018-ci ildəki prezident seçkisində Erdoğana rəqib olub uduzsa da, yenə İncedən çox Kılıçdaroğlu tənqid edildi. Ta ki, 31 mart 2019-cu ildəki bələdiyyə seçkisinə qədər. Əhalinin sayına böləndə Bursa istisna olmaqla, böyük şəhər bələdiyyələrinin hamısında CHP-nin liderlik etdiyi “Millət ittifaqı” qalib gəldi. O ittifaqın CHP-dən olan namizədinin İstanbulda 13 min səs fərqiylə qalib gəlməsinə baxmayaraq, Yüksək Seçki Şurası 36 gündən sonra heç bir ciddi səbəb göstərmədən seçkinin nəticəsini ləğv edib 23 iyun tarixinə yeni seçki təyin etdi.

Nəticə AKP üçün faciəvi oldu: məğlubiyyət 13 minlik fərqdən 810 minlik fərqə çıxdı. Bu, 10 illik müddətdə Kamal Kılıçdaroğlunun ən böyük zəfəri sayılsa da, meydana 2 yeni lider gerçəkliyi də çıxdı: CHP İstanbul vilayət təşkilatının sədri Canan Kaftancıoğlu və İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu. 2018-ci il seçkisinin prezidentliyə namizədi Muharrem İnce isə arxasını heç cür yerə vermək istəmədən növbəti seçkinin də namizədi olmaqda hələ də təkid edir.

Cümhuriyyətin qurucusu olmasına baxmayaraq, 14 may 1950-ci ildə hakimiyyəti seçki yoluyla müxalifətə təhvil verən Cümhuriyyət Xalq Partiyası axırıncı dəfə 1995-ci ildə (5-6 ay) koalisiya ortağı olub. 18 aprel 1999-cu ildəki seçkidə ilk dəfə 10%-lik ölkə bariyerini keçə bilməyən bu partiya parlamentdə təmsil edilə bilməmiş, 3 noyabr 2002-ci ildəki seçkidə yenidən parlamentə qayıdaraq o vaxtdan bəri ana müxalifət partiyası kimi fəaliyyət göstərir. Konstitusiyaya və qanunlara görə, dövlət protokolunda yeri və hüquqları vardır. Öz tələbinə görə və ya iqtidarın ehtiyac hiss etdiyi məqamlarda, xüsusilə, xarici işlər naziri, müdafiə naziri və fövqəladə hallarda prezident, ana müxalifət partiyasının liderinə brifinq verməyə və ya fikir mübadiləsi aparmağa borcludur. Ölkənin idarəçilik tarixi və ənənəsi bunu tələb etdiyi kimi, Azərbaycanın lövhə partiyalarının ağzından düşməyən “dövlətçilik” saqqızı və Asim Mollazadənin Azərbaycan siyasət leksikonuna daxil etdiyi “Qərb dəyərləri” də şərt qoşur.

Cümhuriyyət Xalq Partiyasının hal-hazırda Türkiyənin siyasi arenasında mövcudluğunu qoruyan digər partiyalardan ən əsas fərqi - qurultay keçirməkdən, qızğın müzakrələr aparmaqdan çəkinməyən partiya olmasıdır. Son 10 ildə Kamal Kılıçdaroğlu da bu ənənəyə riayət etdi. Sədrliyə namizədlər göstərilməsinə mane olmadı, namizəd olmayanların belə qurultaylarda çıxışlarını əngəlləmədi, namizədləri daha sonra partiya daxilindəki və xaricindəki siyasi proseslərdən kənarlaşdırmadı. 25-26 iyuldakı qurultayda da bu ənənə pozulmadı. Ancaq yeganə məsələ var ki, CHP də o məsələdə digər partiyalardan fərqlənmir. Bu,sədrliyə namizədlik şərtinin nizamnamə ilə xeyli çətinləşdirilməsidir. Türkiyədə partiya liderlərinn varlığı qurultay nümayəndələrinə bağlıdır. Yəni, partiya sədrləri öz kreslolarını qurultaydan əvvəl keçrilən vilayət konfranslarında təmnata alırlar. 18 ildən bəri iqtidarda olan AKP-nin vilayət konfranslarında sədr və qurultay nümayəndələri Ankaradan gələn təlimatla formal səsvermədən keçirilir. Bu baxımdan, ən mühafizəkar siyasət qurumu Milliyyətçi Hərəkat Partiyası olub, Ankaranın sözünə qulaq asmadan hər hansı vilayətdə seçki yarışına girib sədr seçilən istənilən şəxs Devlet Bahçelinin əmriylə o dəqiqə azad edilir.

Cümhuriyyət Xalq Partiyasında seçki yarışlarına imkan verilir, ancaq iş qurultaya nümayəndələr seçməyə gələndə Ankara öz varlığını nümayiş etdirərək hər şeyi təminat altına alır. Bu dəfəki qurultay ərəfəsində də eyni ssenari səhnəyə qoyuldu: vilayət təşkilatlarının seçdiyi nümayəndələr işin əvvəlindən “Kılıçdaroğlu”- dedi. Ona görə sədrliyə namizəd olmaq istəyən 3 mühüm partiya üzvünün heç biri 60 nümayəndənin imzasını ala bilmədi.

Davamı var...

Mayis Əlizadə



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar