Nə üçün müharibə münaqişə kimi təqdim olunur?

31 Avqust 2020 13:00    370 Baxış   
Nə üçün müharibə münaqişə kimi təqdim olunur?
Söz vardır kəsdirər başı,
Söz vardır kəsdirər savaşı.
(Şah İsmayıl Xətai)

Ermənistanın Azərbaycanla müharibəsini “münaqişə” adlandırmaq ən birinci və böyük səhvdir! Çünki münaqişə “konflikt” deməkdir, bu isə mübahisə vəziyyətinə aid olan termindir. Konflikt (münaqişə), məsələn, ailə çərçivəsində, ər-arvad, valideyn-övlad, qohum-qonşu, işçilər və rəhbərlik və başqa tərəflər arasında, yəni gündəlik həyatın bir çox sahəsində ola bilər.

Mübahisəli məsələ ətrafında yaranan konfliktlər, adətən məhkəmə çəkişmələri, diplomatik danışıqlar, ağsaqqal məsləhəti və digər bu kimi vasitələrlə həll olunur. Erməniləri dəstəkləyən qüvvələr də məhz dünya ictimaiyyətini aldatmaq məqsədi ilə bu “konflikt” sözünü ortaya atıblar. Beləliklə, “Qarabağ münaqişəsi” (Карабахский конфликт) ifadəsini eşidən avropalı zənn edir ki, Qarabağ nə isə mübahisəli bir ərazidir. Təbii ki, məsələnin danışıqlar yolu ilə həll oluna biləcəyini düşünür.

İşğalçı isə ərazini “de-fakto” nəzarətində saxlamaqla vaxt udur, tədricən bu torpağın sahibi qiyafəsində yaddaşlara həkk olmağa çalışır. Ermənistanın himayədarları (ABŞ, Fransa, Rusiya və digərləri) “münaqişə” saqqızını bizə çeynətməklə, gah qıfılın mürəkkəbliyi, gah açarın kiminsə əlində olmasından dəm vurur; gah nala, gah mıxa vurmaqla sadəcə vaxtı uzatmaqla baş aldadırlar.

Lakin həqiqət budur ki, Qarabağ bölgəmizdə separatizm ehtirasları Yerevan emissarlarının təhriki ilə qızışdırılıb və ardınca Ermənistan hərbi qüvvələri Azərbaycanın torpaqlarının 20 faizini (onların böyük bir hissəsində ermənilər heç vaxt yaşamayıb) müharibə yolu ilə işğal edib. Nə üçün biz buna - olduğu kimi - müharibə deyil, münaqişə deməliyik? Axı biz hələ heç “müharibə elan edirik” demirik, sadəcə Ermənistanın Azərbaycana qarşı müharibə etməsi həqiqətini olduğu kimi adlandırırıq.

Müharibənin ən vacib silahından biri, əlbəttə ki, təbliğatdır, sözdür. Heyf ki, bu silahın imkanlarını biz hələ lazımınca dəyərləndirə bilmirik (saqqızı çeynəməkdəyik). Hələ bu “münaqişə” oyununu artıq “Kim, harada, nə vaxt?”- yarışmasına çevirmişik. Analitik cənablar açar axtarmaqla məşğuldur: bu açarın kimin əlində (cibində) olması ətrafında fərziyyələr irəli sürülür…

Bu münaqişə termini bizim öz cəmiyyətimizi “gedər-gəlməzə” yönəldir. Yüzlərlə tədbir təşkil edilir, azərbaycanlı gənclərə “konfliktologiya” dərsləri tədris olunur. Onlara İsveç və Finlandiya arasında Aland adaları üzrə münaqişə, yaxud İtaliya və Sloveniya arasında, Kanadada və digər ölkələrdə mövcud olan mübahisəli məsələlər (müqayisə üçün) misal kimi göstərilir. Əslində isə bunların heç birinin bizə aidiyyəti yoxdur.

Bundan əlavə, “konflikt–münaqişə” anlayışı avtomatik olaraq “kompromis” (yəni qarşılıqlı güzəşt) mövzusunu gündəmə gətirir. Lakin aydındır ki, açıq hərbi təcavüzlə müharibə aparan bizim ölkə üçün “kompromis” sadəcə təslim olmaq, kapitulyasiya deməkdir. Bu qəbul olmayanda isə düşmən bizləri kompromisə getməyən, aqressiv və inadkar tərəf kimi qınamağa fürsət əldə edir.

“Münaqişə” termini bizi, sanki məhkəmə məngənəsinə salır; taleyimizi yadelli (düşmənin tərəfkeşləri olan) hakimlərin ixtiyarına verir. Bizdən məhkəmə zalında sakitcə oturub gözləmək tələb olunur. Monitorinq aparırlar, şuluq etməyək, düşmənə şillə vurmayaq (hətta o, bizi top atəşinə tutarsa belə!). Hərbi gücdən istifadə etmək - məhkəməyə təzyiq kimi qiymətləndirilir; “bu məsələnin hərbi həlli yoxdur”, - deyirlər. Doğrudan da məhkəmə məsələsi (münaqişə) axı silahla həll oluna bilməz.

Qeyd edək ki, Qarabağda atəşkəs razılaşmasının əsasında duran, 1994-cü ildə Bişkekdə imzalanmış protokolda terminoloji tora salınmağımız erməniləri arxayınlaşdırdı (məsələnin bitdiyini düşündülər). Müharibənin uzanması o vaxt bizə də, obyektiv səbəblərə görə, hava-su kimi gərək idi. Bu müddətdə ordu yaratdıq, iqtisadi-sosial vəziyyəti bir qədər dirçəldə bildik. 2016-cı ilin aprelindən sonra artıq xalqımızın mərdi-mərdanə düşmənlə müharibə aparmağa qadir olduğunu gördük. Cocuq Mərcanlı intibahı isə azərbaycanlı qaçqın-köçkünlərin geriyə qayıdışa hazır olduğunu nümayiş etdirdi.

Hazırda ölkə yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub: qarşıda yeni qaz-neft sazişləri, tranzit-nəqliyyat, sənayeləşmə və aqrar sahədən gəlirlər xeyli artacaq. Deməli, qaytarılacaq torpaqları bərpa edə biləcəyik. Ordunun təminat-təchizatında problem olmayacaq. Xarici əlaqələr möhkəmlənəcək, dövlətin nüfuzu daha da artacaq. Demoqrafik dinamika ümidvericidir: vətənpərvər yeni gənc nəsil geniş yaradıcılıq-quruculuq işlərinə səfərbər olmağa hazırdır…

Bütün bu reallıqlar münaqişə saqqızını tüpürüb atmağı və məsələnin hərbi təcavüz olmasını vurğulamaqla, diqqəti məhz bu müstəviyə yönəltməyi diktə edir. Bir sözlə, həqiqəti necə varsa, bəyan etmək məqamı tam olaraq artıq yetişib. Biz vəziyyəti “Ermənistanın Azərbaycan xalqını məhv etmək məqsədi ilə müharibə aparması” kimi təqdim etməliyik. Məsələnin təsnifatı əsl mahiyyətinə uyğun dəyişdirilsə, Minsk üçlüyü “hakim” rolunu avtomatik itirəcək. Monitorinq söhbəti sona yetəcək; çünki müharibədə tərəflərin hərbi əməliyyatlar aparması labüddür.

Ermənistan bu gün də, əslində, bizimlə açıq müharibə aparmaqdadır. Sadəcə gücü çatmır artığına; bu günlərdə Tovuz istiqamətində dönüş yaratmağa cəhd etdi, lakin nəticədə geriyə çəkilməyə məcbur oldu. Belə həmlələri düşmən daim təkrar edəcək (xüsusən havadarları hesabına). Savaşdan qurtulmaq heç cür mümkün olmayacaq. Buna görə də Azərbaycan tərəfi Minsk oyunundan çıxmalı və müxtəlif üsullarla hərbi-siyasi təzyiqini durmadan sərtləşdirməli və mütəmadi artırmalıdır.

İsmayıl Vəliyev, Dominant.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar