"Nə xoşbəxtik ki, Vətən müharibəsində biz iştirak etdik" - Qəhrəman qazi

25 Yanvar 2021 11:09    419 Baxış   
"Nə xoşbəxtik ki, Vətən müharibəsində biz iştirak etdik" -  Qəhrəman qazi

İkinci Qarabağ Müharibəsində Qazimiz Vüsal Şahbəddin oğlu Məmmədli Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib, qolundan və sinəsindən güllə yarası alıb. Qazimiz Aprel döyüşlərinin də iştirakçısı olub.


O, Dominant.az-a açıqlamasında müharibə haqqında danışarkən bunları deyib: “Hər qarış uğrunda döyüş gedirdi, hər qarış uğrunda. Bəzən insanlara aşılamaq çətindir. Bunu döyüşən şəxslər daha yaxşı bilir. Hər mövqe uğrunda qan tökülürdü. Tökülən hər damla qan bir qarış torpaq demək idi”.


Vətən müharibəsinin başladığı ilk gündən könüllü olaraq cəbhəyə gedən və ən qaynar nöqtələrdə döyüş yoldaşları ilə çiyin-çiyinə döyüşən Vüsal Məmmədli bu sözlərini dinləyəndə bir daha əmin olursan ki, bu xalq bu torağı Vətən edənlərə ömrü boyu minnətdar olacaq.

Bir çox mövqelərin düşməndən azad edilməsində iştirak edən qazimiz, Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb. O, keçdikləri döyüş yolundan, Azərbaycan əsgərinin zəfərindən qürurla bəhs edib:

“Bəzən olurdu ki, 3 gün, 4 gün, 5 gün ailə üzvlərimizlə əlaqə saxlaya bilmirdik. Bu da ailə üzvlərimizdə narahatlıq yaradırdı ki, bu da təbii bir haldır. İnanın, onların burada düşündüklərini biz də orda düşünürdük: “Necə xəbər edək ki, yaxşıyıq, yəni salamatıq...” Çünki bilirdik ki, bircə saat əlaqə saxlamasaq, əsasən də qadınların ağlına min fikir gələ bilərdi".



Vüsal Məmmədli yol boyu onları döyüşə yola salan insanlardan da danışıb: "İnanın, yol boyu xalq bizi döyüşə necə uğurlayırdısa, qürur duyurduq. Bəzi yerlərdə bayraqlarla yola düzülmüşdülər, bizi salamlayır, qələbə arzusu ilə yola salırdılar. İnsanların üzündəki sevinci görəndə dedim ki, Allah bizi utandırmasın. Allah bizə elə bir zəfər nəsib etsin ki, yola salındığımız kimi də qarşılanaq. Allaha çox şükür ki, göydə Allah, yerdə xalqımız, bizə elə bir mənəvi dəstək verdi ki, döyüşdə qələbədən başqa yolumuz qalmadı”.

Qazimiz yaralandığına görə heç də pis olmur, əksinə Vətən müharibəsi iştirakçısı olduğuna görə özünü çox xoşbəxt hiss edir: “Biz sevinməliyik ki, Vətən müharibəsi bizim vaxtımıza düşdü. Bu tarixi hadisədə məhz bizim rolumuz, əməyimiz oldu. Müharibə əvvəl-axır olmalı idi. Biz Qarabağın işğalı ilə heç cür barışa bilməzdik. Bu, birmənalı idi. Qarabağın işğal faktorunu biz qəbul etməyəcəkdik. Müharibə bizim vaxtımıza düşməyəcəkdisə, övladlarımızın vaxtına düşəcəkdi. Nə xoşbəxtik ki, bunu biz yaşadıq. Bunun ağrısını da, acısını da biz çəkək, övladlarımıza bu problemi saxlamayaq. Çünki nə qədər şərfəli, nə qədər qürurlu olsa da, müharibənin ağır tərəfləri də var. Mən yaralandım, mənim canım çəkdi bu ağrını, mənim övladım çəkməsin. Övladlarımıza fərx edəsi yaddaş salayaq”.

O, şəhid olmuş döyüş yoldaşlarını da xatırlayıb: "Məkanı cənnət olsun, bizim tabor komandirimiz Vətən Müharibəsi Qəhramanı Cavid Mahmudov biliyi və savadı nəticəsində 200 əsgərin həyatını xilas etdi. Eni zamanda əsgər dostum Niyamin Niftalızadə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şücayətinə görə xüsusi olaraq seçilirdi. Qəhrəmancasına şəhid oldu. Tanrım şəhidlərimizin məkanını cənnət etsin. Onların haqqı daim boynumuzdadır".

Dominant.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar