Notariatın rəqəmsal imkanları təkmilləşir

16 İyul 2021 19:10    1966 Baxış   
Notariatın rəqəmsal imkanları təkmilləşir

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir.

2019-cu ildən Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilmiş “Mobil notariat” tətbiqi vasitəsilə müxtəlif notariat hərəkətlərinin mobil cihazlar vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi təmin edilir.
Hazırda 120.000-ə yaxın istifadəçisi olan “Mobil notariat”ın funksionallığının artırılması üzrə işlər davam etdirilərək mobil telefon vasitəsilə müxtəlif qurumlarda, o cümlədən dövlət orqanları, idarə, təşkilat və müəssisələrdə, hüquqi şəxslərdə, kommunal xidmət göstərən qurumlarda, mobil operatorlarda təmsilçiliyə dair etibarnamələrin verilməsi imkanı yaradılıb.

Bundan əlavə vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün digər şəxslərə bununla bağlı işlərin aparılması səlahiyyətini verən etibarnamələr də əlavə edilib.
Həmçinin “Mobil notariat” tətbiqi üzərindən daşınmaz əmlaka sərəncam verilməsinə dair ərin-arvadın və həmin ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələrinin elektron qaydada rəsmiləşdirilməsi mümkündür.

“Mobil notariat”dan istifadənin daha rahat həyata keçirilməsi üçün qeydiyyat proseduru sadələşdirilib, artıq Azərbaycan Respublikasının vətəndaşları olduqları yerdən aslı olmayaraq videoyazı vasitəsilə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Yeni xidmətlərdən faydalanmaq üçün “AppStore” və “PlayStore” elektron platformalarından pulsuz olan “Mobil notariat” tətbiqini yükləməklə, mövcud istifadəçilər isə proqramı yeniləməklə yararlana bilərlər.

Növbəti aylarda yeni əlavə xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.

Bu və digər məsələlər barədə Ədliyyə Nazirliyinin rəsmi feysbuk səhifəsində keçirilən onlayn brifinqdə Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov və Bakı şəhəri, 34 saylı Notariat ofisinin notariusu Sübhi Bektaşi geniş məlumat verərək izləyiciləri maraqlandıran suallar ətrafında danışdılar.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar