Ölümlə üz-üzə qalmış polkovnik-leytenant təcili əməliyyat olunmalıdır - Aidiyyəti qurumlar isə susur VİDEO

23 Yanvar 2021 17:48    3872 Baxış   
Ölümlə üz-üzə qalmış polkovnik-leytenant təcili əməliyyat olunmalıdır -   Aidiyyəti qurumlar isə susur VİDEO

Ehtiyatda olan polkovnik-leytenant Məmmədov Ruhin Vahid oğlu ürək əməliyyatı olunmalıdır, həmçinin böyrək köçürülməlidir. Lakin onun əməliyyat olunması üçün maddi imkanı yoxdur. Dediyinə görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında bu əməliyyat icra olunmur, başqa xəstəxanada əməliyyat olunması üçün isə vəsait ayrılmır.

Dominant.az-a müraciət edən R.Məmmədov probleminin həll olunması üün ona köməklik göstərməyimizi xahiş edir:

“1994-cü ildən 2019-cu ilə qədər - 25 ildən artıq silahlı qüvvələr sıralarında qüsursuz xidmət etmişəm. 2000-ci ildə hər iki böyrəyim sıradan çıxıb, dializə düşmüşəm. 2001-ci ildə Müdafiə Nazirliyinin heç bir köməyi olmadan, öz vəsaitim hesabına İranda mənə böyrək köçürülüb. 2016-cı ildə boğazımda şiş yarandığına görə kimyaterapiya olunmuşam, nəticədə köçürülmüş böyrək sıradan çıxıbı, əməliyyat edib götürüblər, yenidən dializə düşmüşəm.



Xəstə olsam da 2019-cu ilə qədər qüsursuz xidmətimi davam etdirmişəm, medallar almışam. 2019-cu ildə isə yararsız kimi ordudan tərxis olundum. Baxmayaraq ki, əlilliyi sırf xidməti vəzifəmin icrası zamanı almışdım, məni aşağı faizlə pensiyaya çıxartdılar. Hazırda birinci qrup əliləm, həftədə 3 dəfə dializə gedirəm. Bununla yanaşı, ürəyimdə də problem yaranıb, damarlar tutulub, ürəyimə stend qoyulmalıdır. Hərbi hospitalda isə bu əməliyyat icra edilmir. Deyirlər ki, öz hesabıma əməliyyat olunmalıyam. Əməliyyat isə bahadır, ürəyə balon qoyulması 1500 manatdır, həkim balon qoyulmasını məsləhət görmür. Ya stend qoyulmalıdır, ya da açıq ürək əməliyyatı edilməlidir. Stend 5500 manata qoyulur, açıq ürək əməliyyatı isə 11500 manatdır. Mən əməliyyat olunmaq üçün bu yaşdan sonra dilənməliyəmmi?



Səhhətində problem yaranmış, tərxis olunmuş zabitə diqqət göstərilmir. Əl silinmiş salfetka kimi kənara atırlar bizi. Aidiyyəti şəxslər - Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elxan İbrahimov, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının tibb hissə rəisi, polkovnik Vüqar Mürsəlov, Tibb Baş İdarəsinin müalicə profilaktika şöbəsinin rəisi polkovnik Firudin Nəbiyev - heç kimi qəbul etmirlər, heç kimin səsini eşitmirlər, iti qovan kimi bizi qapıdan qovurlar. Heç kimdən də qorxuları yoxdur, mənə deyirlər ki, “hara istəyirsən, kimə istəyirsən, şikayət elə”. Şikayət edənləri də ən yaxşı halda şərləyirlər, ən pis halda isə dializ zamanı iynə ilə ardan götürürlər. Şikayət elədiyimə görə indi dializə gedəndə maşınımı belə hospitalın həyətinə buraxmırlar.



Çox acınacaqlı vəziyyət yaranıb. Belə anlaşılır ki, bu gün Vətən yolunda sağlamlığını itirmiş qazilərimizi də beş ildən sonra eyni münasibət gözləyir”.

Məmmədov Ruhin Vahid oğlunun Dominant.az-a göndərdiyi video müraciəti də təqdim edirik:


Ümid edirik ki, Vətənə xidmət zamanı sağlamlığını itirmiş Məmmədov Ruhin Vahid oğlunun səsini həm aidiyyəti qurumlar, həm də xeyirxah həmvətənlərimiz eşidəcək. R.Məmmədovun sağlamlığına qovuşması üçün dərhal tədbir görüləcək.

Şikayətdə adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Dominant.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar