Pakistan-Azərbaycan - Birlik və qardaşlığın tarixi

12 Oktyabr 2020 16:48    696 Baxış   
Pakistan-Azərbaycan -  Birlik və qardaşlığın tarixi

Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur.

Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olub. Bu ölkə Azərbaycanı hər sahədə müdafiə edir, hətta Ermənistanla Azərbaycan arasında qısamüddətli aprel döyüşlərində də İslamabad rəsmi Bakını müdafiə edən bəyanat səsləndirmişdi.

Üstəlik, Pakistan da, eynən Türkiyə kimi, Qarabağ probleminə görə Ermənistanla diplomatik əlaqələrdən imtina edib. Hazırkı döyüşlərdə də öz dəstəyini Azərbaycana açıq şəkildə göstərir.

Bəs, Pakistan Azərbaycanı niyə dəstəkləyir? Yəqin ki, bu sual bir çox azərbaycanlını düşündürən suallardan biridir.

BAKU.WS olaraq bir çox mənbələrə sığınaraq sözügedən sualın cavabını araşdırmağa çalışdıq. Qardaş ölkənin ölkələrimiz arasında bu doğmalığın necə başladığını xatırlatmağı borc bilirik.

Bu əlaqələrin əsasının qoyulması Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır.

Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb.

Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb.

İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyiışirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir.

Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər.

“İkisi də müsəlman ölkəsidir”

Hər iki ölkə öz regionunda nüfuz sahibidir və onları birləşdirən dəyərlərdən biri də ikisinin də müsəlman ölkəsi olmasıdır. Xüsusilə, Pakistan ən böyük müsəlman dövlətlərindən biridir.

Həmçinin, ən böyük müsəlman dövlətlərdən biri olan Pakistan Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatında birlikdə yer alır.

Heydər Əliyev Fondu 2012-ci ildən sonra Pakistanda humanitar layihələrini genişləndirib. Tam təchizatlı ambulans, qan ehtiyatı, Xeybər Göz Fondu üçün yeni blok və gözləmə otaqlarının, Dərə İsmayıl Xan rayonunda bulağın tikilməsi, Kulsum Beynəlxalq Xəstəxanasında müasir ürək əməliyyatları kabinetinin açılması, Hepatit B virusu ilə mübarizəyə gərəkli avadanlıq və s. belə layihələrin yadigarıdır.

Qeyd edək ki, indi də Azərbaycan tərəfdən xeyriyyəçilik ənənələri qorunub saxlanılır. Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib və bir sıra humanitar aksiya həyata keçirilib. Hazırda da dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.

Onların bir daha bayrağımıza, dilimizə yüksək hörmət bəsləndiyinin şahidi olduq. Bunların hamısı əminliklə deməyə əsas verir ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar