Pənahəli xanın başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunur - FOTO

20 İyun 2022 19:01    14835 Baxış   
Pənahəli xanın başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunur -   FOTO

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ xanlığının qurucusu, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin (1693-1763) başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim edilib.

Muzeydən verilən xəbərə görə, muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı həmçinin zalda Qarabağ və Şuşa tarixi ilə bağlı bir sıra digər unikal eksponatların da sərgiləndiyini vurğulayıb. O bildirib ki, bu gün ilk dəfə üzərində Qarabağda zərb edilməsi barədə yazı olan XIV əsrin gümüş pulu, Qarabağ xanlığının “panabadi” pulları, Şuşa qala qapılarının iki gümüş açarı, İbrahimxəlil xanın (1763 -1806) hakimiyyət rəmzi olan şeşpəri, nadir sənəd, foto və rəsmlər, musiqi alətləri, şair Molla Pənah Vaqifin məqbərəsi inşa edilən zaman tikinti yerində aşkarlanan gil qab və başqa dəyərli eksponatlar da nümayiş olunur.

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sərginin kuratoru, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov qeyd edib ki, muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən, müasir vasitə və üsullardan istifadə edilərək təmizlənib, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının birinci mərtəbəsində zal ayrılıb, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub. Həmçinin zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib.

Qeyd edək ki, Pənahəli xan Ağdamın İmarət qəbiristanlığında dəfn edilib, qəbri üzərində türbə inşa olunub. Pənahəli xanın türbəsi haqqında ilk elmi məlumatlar 1940-cı illərdə verilsə də, yalnız 1970-ci illərdə onların əsaslı şəkildə tədqiqi həyata keçirilib. Türbədə xanın qəbri üzərində olan başdaşı 1974-cü ildə Bakıya gətirilib, Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Xatırladaq ki, eksponatlar sentyabra qədər nümayiş ediləcək.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar