Putin sülhməramlı qüvvələrin çirklənmiş imicini “təmizləməyə" çalışır - Partiya Başqanı

23 İyul 2021 17:54    391 Baxış   
Putin sülhməramlı qüvvələrin çirklənmiş imicini “təmizləməyə" çalışır -  Partiya Başqanı

Azərbaycan Prezidenti çıxşlarında dəfələrlə bəyan edib ki, Azərbaycan hər an müharibəyə hazır olmalıdır və Ermənistan sülh danışıqlarına razı olmasa, regionda yaranan yeni şərtləri qəbul etməsə, dəmir yumruğu yenə görəcək. Lakin Rusiya və Azərbaycan prezidentlərinin Moskva görüşündən sonra Paşinyanın Putinlə telefonla danışması və təcili sürətdə hökumətin iclasını keçirərək sülh danışıqlarına razılıq verməsi proseslərin yeni məcraya qədəm qoymasından xəbər verir.

Dominant.az xəbər verir ki, mövzunu konkret.az-a dəyərləndirən Azərbaycan Yüksəliş Partiyasının (AYP) başqanı Anar Əsədli Rusiyanın artıq bölgədə dominant mövqe uğrunda deyil, sadəcə regionda qalmaq naminə mübarizə apardığına toxunub: “Rusiya Cənubi Qafqazda mövqelərini gücləndirmək uğrunda daha ciddi addımlar atsa da, görünən odur ki, atılacaq addımlar Azərbaycanın və Türkiyənin maraqları ilə hesablaşılmış şəkildə olacaq. Regionun geosiyasi nizamında artıq dəyişikliklərin şahidi oluruq”.

“Burada sülhün və inteqerasiyanın bərqərar olmasında artıq həm Qərb, həm də Rusiya niyyətli olduğunu açıq şəkildə bəyan etdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıya səfəri zamanı səsləndirdiyi “Sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır” fikrini, status məsələsinin üzərinə getməməsi, nəqliyyat-kommunikasiya xətlərinin yaradılmasına öz töhvələrini verəcəkləri ilə bağlı vədlərin səslənməsi, Zəngəzur dəhlizi məsələsinin bir daha vurğulanması Qərbin sabitlik və inteqrasiyada maraqlı olduğunun, yaxın zamanda prosesin həyata keçəcəyinin göstəricisidir. Nəzərə alsaq ki, Aİ iqtisadi layihələrinin icrası, enerji təhlükəsizliyi və Rusiya qazından asılılığın aradan qaldırılmasını əsas prioritetləri hesab edir və bu prioritetlərin reallaşması birbaşa regionda sabitliyin bərqərar olunmasını tələb edir və sözügedən regionun da istər iqtisadi potensial, istərsə də nəqliyyat-kommunikasiya şəbəkəsinin mərkəzində Azərbaycan yerləşir, o zaman deyə bilərik ki, dəhlizin açılacağına heç bir şübhə qalmır” - deyə, partiya sədri vurğulayıb.

A.Əsədli Moskvada Əliyev-Putin görüşü zamanı Kreml rəsmisi sülhə bundan sonra da töhvə verəcəyini, hətta Aİ ilə bağlı jurnalistin ünvanladığı sualına “əgər sülhə təminat veriləcəksə, prosesə qoşulsunlar” cavabını səsləndirməsi Rusiyanın Qarabağla bağlı planlarında manevrlərin göstəricisi olduğunu qeyd edib: “Təbii ki, bu qənaətə gəlməyimizdə tək səbəb səslənən bəyanatlar deyil. Qeyd etdiyim kimi, Avropa İttifaqının Ermənistana yardım ayırması, Putinin Paşinyanla hökumətin formalaşdırılması barədə razılığa gələ bilməməsi, bundan öncə Gürcüstanın mina xəritələrinin dəyişməsində vasitəçiyə çevrilməsi, Şarl Mişelin bölgəyə səfəri zamanı Batumi bəyannaməsinin imzalanması fonunda Rusiyanın bölgədə təklənməsi rəsmi Moskvanı güzəştə getməyə vadar edir. 2024-cü ildə keçiriləcək prezident seçkilərinə Putin bölgədə sülhün təminatçısı rolunda qatılmaq istəyir. Üstəlik Putinin sülhməramlı qüvvələrin çirklənmiş imicini “təmizləmə” çabasını da nəzərə alsaq, ehtimal etmək olar ki, Rusiya postmünaqiə dövrünün sabit keçməsinə şərait yaradacaq. Ən azından sülh prosesinə əngəl törətməyəcək”.

“Mişelin səfərini xatırlatmışkən, Ermənistana ayrılan yardım paketi də bu istiqamətdə ehtimallarımızı gücləndirir. Ermənistan üçün nəzərdə tutulan 2.6 milyard avroluq ilkin tranş Azərbaycanın xeyrinədi. Bu qədər böyük investisiyanın qoyulması Ermənistanın borclanması, Rusiyanın bu ölkədə rolunun azalması və nəticə etibarı ilə öz iqtisadi layihələrinin icrasını üstün tutan Aİ-nin inteqrasiya ilə bağlı təşəbbüslərinə İrəvanın əməl etməyə məcbur olacağı anlamına gəlir ki, bunun da ilkin simptomlarının artıq şahidi oluruq. Təsadüfi deyildi ki, İlham Əliyev Moskva səfərindən sonra Qarabağla bağlı Bakının mövqeyini təzələdi və ABŞ, Fransa, Avropa İttifaqı, Rusiya, İran və ermənilərə mesajlar ehtiva edən bəyanatlar səsləndirdi. Bütün bunlar Qarabağda separatçı rejimin ən qısa vaxtda təmizlənəcəyinə, bu prosesə hətta baş nazir Paşinyanın da töhvə verəcəyinə, Rusiyanın isə göz yumacağına işarədir”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar