Qadınların cərimələnməsi qəzəb doğurdu: "İnsanlar virusdan ölməsə də, acından öləcək"

08 İyul 2020 14:53    3141 Baxış   
Qadınların cərimələnməsi qəzəb doğurdu:  "İnsanlar virusdan ölməsə də, acından öləcək"
Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb. Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib.

Dominant.az xəbər verir ki, saxlanılan qadınların cərimələnməsi, həmçinin fotolarının sosial mediada yayılması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.



Təhsil eksperti Kamran Əsədov məsələyə öz etirazını bu şəkildə bildirib: "Siz nə edirsiz, hörmətli cənab cərimə yazanlar? 6 aydır insanlar işsizdir, gəlirləri yoxdur. Siz bu ayağında çəkələyi olan xanımdan utanmadınız? Axı onun ehtiyacı var. Siz ona 190 manatı verməmisiz, o da ehtiyacı üçün gedib işləyir və indi də 200 manat cərimə tətbiq edibsiz. Bəli, pandemiya dövrüdür, virus var, qorunmaq lazımdır.
Amma insanlar virusdan ölməsə, acından öləcəklər. Xanımın ayaqqabılarından utanın. O otellər ictimailəşdirilməsəydi, oralarda reyd aparan deyildiz. Gücünüz və qanunlar ancaq kasıba çatır, işləyir".



“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev isə maddi imkanı çatan şəxsləri həmin qadınların cərimlərini ödəməyə səsləyib: "Bu insanların dolanışığı olsaydı, əlbəttə evində oturardı. Virusdan ölməsə də, aclıqdan öləcək. Səmimi olmaq lazımdır. Mən o xanımın, ən azından, birinin cəriməsini ödəməyi öz üzərimə götürürəm. İmkan olan dostlar, laqeyd qalmayaq. Öz vətəndaşımıza sahib çıxaq. Adamın ürəyi ağrıyır...".

Dominant.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar