Qarabağdakı ermənilər təhlükə mənbəyi ola bilməyəcək

02 Dekabr 2020 12:06    385 Baxış   
Qarabağdakı ermənilər təhlükə mənbəyi ola bilməyəcək

44 gün davam edən müharibə zamanı ordunun hərəkət istiqamətlərində hədəfin cənub cəbhəsi ilə şimal cəbhəsinin birləşməsi olduğu müşahidə olunurdu. Bununla da düşmən qüvvələri Qarabağda mühasirəyə düşəcəkdi, dövlət sərhədi bərpa olunacaqdı.

Müharibə davam etsəydi, cənub və şimal cəbhəsinin birləşəcəyi planı daha çox itki hesabına olsaydı belə yerinə yetiriləcəkdi. Prezident də razılaşma yolu ilə təhvil verilən Ağdam, Kəlbəcər və Laçının azad edilməsi üçün hərbi planın hazır olduğunu açıqlayıb.

Ermənistan kapitulyasiyaya getdi və üç rayon heç bir itki verilmədən azad olundu: Ağdam (20 noyabr), Kəlbəcər (25 noyabr) və Laçın (1 dekabr).

Laçının azad edilməsi ilə əslində müharibə planı daha çox itki vermədən reallaşdı: Azərbaycanın dövlət sərhədi bərpa olundu. Artıq Qarabağda baş verənlər təkcə de-yure yox, həm də de-fakto Azərbaycanın daxili məsələsidir.

1. Ermənistan tərəfindən atılacaq bir güllə dövlət sərhədinə həm də de-yure müdaxilə deməkdir: işğal dövründə Ermənistan Azərbaycana qarşı hücumlarını Qarabağda yaratdığı qondarma rejimin ayağına yazırdı; Azərbaycanın Ermənistan ərazisinə adekvat cavabı bu ölkənin üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsini şərtləndirdiyi üçün Bakının əl-qolu bağlanırdı;


Bundan sonra, Ermənistanın istənilən hücumu iki dövlət arasındakı qarşıdurma deməkdir. Bu, KTMT-nin şefi olan Rusiyanın bölgədəki maraqlarına uyğun deyil, çünki Moskva müdaxilənin təkcə Bakı ilə yox, həm də Ankara ilə üz-üzə gəlmək olduğunu bilir və beləliklə, Ermənistanın hücum təhlükəsi sıradan çıxır.

2. Dövlət sərhədinin bərpa edilməsi Qarabağda yaşayan ermənilərə heç bir statusun verilməyəcəyini təsdiqləyən daha bir faktdır:

- Azərbaycan unitar dövlətdir və hansısa siyasi müstəqillik Konstitusiyanın II fəslinin 7-ci maddəsinin (Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır) pozulması deməkdir.

- Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır və bərabərhüquqlu vətəndaş olduqları kimi, qanun qarşısında da bərabər məsuliyyət daşıyır;

(Burada Prezidentin Laçının azad edilməsi ilə bağlı xalqa müraciətindəki bir fikrə diqqət edək: “Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır... Öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa, görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir”).

- Qarabağdakı ermənilər təhlükə mənbəyi ola bilməyəcək: bunun qarantı Azərbaycan Ordusu və Azərbaycan qanunvericiliyidir;

3. Bölgədəki sülhməramlıların fəaliyyəti imzalanmış sənədə uyğun tənzimlənsə belə, onların Qarabağdakı fəaliyyəti Azərbaycanın daxili məsələsidir və bölgədə istənilən addım, yaxud hadisə Bakının istəyi, icazəsi ilə mümkündür (Adi bir detal belə bunu təsdiqləyir: noyabrın 23-də Qarabağda minaya düşən Rusiya sülhməramlı qüvvələrinin zabiti İrəvanda yox, Bakıda xəstəxanaya yerləşdirildi).

Asif Nərimanlı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar