Qlobal istiləşmə və israfçılıq: Azərbaycanı su böhranı gözləyirmi?

09 Dekabr 2021 19:32    1937 Baxış   
Qlobal istiləşmə və israfçılıq: Azərbaycanı su böhranı gözləyirmi?

Qlobal istiləşmə, quraqlıq və yeraltı su mənbələrinin tükənməsi səbəbindən dünya içməli su və suvarma suyu böhranı yaranır. Azərbaycanda da qlobal iqlim dəyişikliyinin ekoloji fəsadlarından kənarda deyil və ölkəmizdə son 7-8 ildir su ehtiyatlarının ciddi ölçülərdə azalmağa doğru getdiyi müşahidə olunur. Hansı ki, onsuz da Azərbaycan su ehtiyatları məhdud olan ölkələr sırasındadır, Qafqaz ekosistemində olsaq da, regionda ən az su Azərbaycanın payına düşür.

Maliyə naziri Samir Şərifov da bu günlərdə Milli Məclisdə büdcə müzakirələrindəki çıxışı zamanı su problemindən danışıb. Nazir deyib ki, iqlim dəyişiklikləri və temperatur su ehtiyatlarının azalmasına təsir edir. Habelə son illərdə ölkəmizdə suya təlabat artıb. “Bir çox proseslərə müdaxilə etmək imkanımız yoxdur, bu, iqlim dəyişiklikləri ilə bağlı məsələdir. Ancaq su ehtiyatları ilə bağlı komissiya yaradılıb. Son həftələr müşahidə edilən yağıntılar su ehtiyatlarının artmasına gətirib çıxarıb. Amma yenə də su ehtiyatlarında gərgin vəziyyət qalmaqdadır”, - nazir belə demişdi.

Havalar belə keçərsə...

virtualaz.org xatırladır ki, ötən yay Azərbaycanda müşahidə olunan kəskin istilər, quraqlıq və suvarma suyu problemi xüsusilə kənd təsərrüfatında məhsuldarlığa ciddi təsir göstərib. İndi isə qışın ilk ayının birinci yarısıdır, amma havalar dekabr üçün xarakterik olmayan şəkildə isti və quraq keçir. O cümlədən su ehtiyatlarının formalaşmasına və təbiətdə suyun dövranına təsir edən mühüm amillərdən biri kimi yüksək dağlıq ərazilərdə qarın yığılması, buzlaqların yaranması prosesi də pozulub. Mütəxəssislər belə davam edərsə, gələn ildə də suvarma suyu ilə bağlı problemlərin yaranacağını deyirlər.

Qeyd edək ki, iqlim dəyişikliyi nəticəsində bir neçə ildir Azərbaycan üçün qeyri-adi sayılacaq təbiət hadisəsi baş verir. Kürdə suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi səbəbindən Kür Xəzərə deyil, Xəzər Kürə axmağa başlayıb.

Nəticədə dənizin şor suyu çayın şirin suyunu istifadəyə yararsız edir, bu üzdən xüsusilə Neftçala rayonunda, Sabirabadın bir neçə kəndində içməli və suvarma suyu problemi yaranır. Habelə bölgələrdən yaz-yay aylarında kəskin içməli su qıtlığı yaşayan kəndlərin sakinlərindən vaxtaşırı olaraq şikayətlər alırıq. Məsələn, Qobustan rayonunun Cəyirli və bir çox digər kəndlərində yaz-yay aylarında suyun olmaması səbəbindən əhalinin əksər hissəsi köç edib. Sakinlər son illər rayonda su qıtlığının xüsusilə kəskinləşdiyini, nəticədə bir çox kəndlərin boşaldığını deyirlər. Qonşu Şamaxı rayonunda da susuzluq problemi, çayların və bulaqların quruması ucbatından boşalan kəndlər haqda xəbərlərə rast gəlinir.

Azərbaycanda su ehtiyatları 15 faiz azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, iqlim dəyişikliyi nəticəsində su resurslarımız 15 faiz azalıb. Yerli və beynəlxalq təşkilatlar isə bu prosesin davam edəcəyi proqnozlaşdırırlar. Məsələn, BMT-nin İnkişaf Proqramı proqnozlaşdırıb ki, 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqəli quraqlıqlar Azərbaycanda su təminatını 23 faizədək azalda bilər.

Nazirliyin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov virtualaz.org-a bildirib ki, regionda iqlim dəyişmələri nəticəsində o cümlədən Azərbaycanın su ehtiyatları azalmağa doğru gedir.

“Azərbaycanın su ehtiyatlarının böyük hissəsi qonşu ölkələrin ərazisində formalaşır, ölkəmizə daxil olur. Ölkəmizə daxil olarkən su ehtiyatları ölçülür. Ötən il su təsərrüfatı balansına əsasən 23 milyard 243 milyon kubmetr su formalaşıb, bu da son onilliklərlə müqayisədə azdır. Hazırda ölkəmizdə təhlükəli vəziyyət müşahidə edilməsə də, çaylardakı su ehtiyatları 19 faiz azalıb. 2040-ci ilədək daha 10-15 faiz azalacağı ehtimal edilir”, - M.Əbdülhəsənov qeyd edib.

Su itkisi...

M. Əbdülhəsənov əlavə edib ki, Qafqaz regionu iqlim dəyişikliklərinə həssas regiondur. Su ehtiyatlarının azalması da birbaşa iqlim dəyişikliyinin fəsadlarındandır. Bununla yanaşı, sudan səmərəsiz istifadə də su ehtiyatlarının azalmasına səbəb olur. Ötən il 4 milyard kubmetrdən çox su itkiyə gedib.

Şöbə müdirinin sözlərinə görə, suvarmada və buxarlanmada itkilər, suvarmada mütərəqqi texnologiyalarının tətbiq olunmaması, yaxud hələ də ənənəvi suvarmadan istifadə edilməsi, sudan qeyri-qənaətbəxş istifadə halları, fermerlər tərəfindən uçotun aparılmaması və digər səbəblər su itkilərinə səbəb olan amillərdəndir: “Su itkisinin qarşısını almaq üçün tədbirlər planı hazırlanıb. Sudan qənaətlə istifadə edilməsi, yeraltı qrunt sulardan istifadə imkanlarının genişləndirilməsi, çayların məcrası boyu su anbarlarının yaradılması nəzərdə tutulub və bu tədbirlər su itkilərinin qarşısını alacaq”.

Nazirlik rəsmisi onu da xatırladıb ki, prezidentin sərəncamı ilə Su Komissiyası yaradılıb. Həmçinin su ehtiyatlarından səmərəli istifadə edilməsinin təmin olunması üçün tədbirlər planı hazırlanıb. Tədbirlər planı çərçivəsində ölkənin su ehtiyatları ilə bağlı çətinliklərin aradan qaldırılması, dövlət qurumları arasında əlaqələndirmənin daha səmərəli həyata keçirilməsi üçün tədbirlər müəyyənləşdirilib. Həmçinin su ehtiyatlarının qiymətləndirilməsi, intervallaşdırılması, məlumatların elektron sistemə ötürülməsi, su ehtiyatlarının mühafizəsi ilə bağlı ölkələrarası əməkdaşlığın gücləndirilməsi, alternativ sulardan istifadə olunması, qrunt sulardan təkrar istifadə edilməsi, subartizan qurularının qazılması, bir çox kanalların, kollektor drenaj sisteminin yenidən qurulması, Kiçik və Böyük Qafqazın ətəklərində 10 su anbarlarının yaradılması və digər məsələlər tədbirlər planında yer alıb. Həmçinin ölkə üçün olduqca əhəmiyyətli hesab edilən ölkənin milli strategiya layihəsinin hazırlanmasıdır ki, bunun da üzərində iş gedir.

Su anbarlarında vəziyyət

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fuad Nəsirov isə virtualaz.org-a məlumat verib ki, respublika üzrə su anbarlarında hazırda 11 milyard 799 milyon kubmetr su yığılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 447 milyon kubmetr çoxdur.

Nəsirov əlavə edib ki, suyun istismarı təşkilatlarında gecə-gündüz növbətçilik yaradılıb. Araz çayında suyun səviyyəsi az olduğundan Biləsuvar və Saatlıda müəyyən çətinliklər yaranıb. Bununla belə, növbəlik əsasında su təchizatının təmin edilməsi üçün qrafiklər tərtib edilib, mövcud su resursları ilə payızlıq əkinlərin suvarılması aparılır.

Lakin “Meliorasiya və Su Təsərrüfatı” ASC ölkədə indi, payız-qış mövsümündə suvarma suyu ilə bağlı problemin olmadığına əmin etsə də ötən yay bölgələrdən fermerlər və kəndlilər öz əkinlərini vaxtlı-vaxtında suvara bilmədiklərini, susuzluq ucbatından əkinlərinin məhv olduğunu deyirdilər. O cümlədən bu il pambıqçılıqda məhsuldarlığın ciddi ölçüdə aşağı düşməsinin də əsas səbəblərindən birinin suvarma suyu qıtlığı ilə bağlı olduğu məlumdur.

“Prezidentin tapşırıqlarından sonra problem həll olunub...”

Bəs indi vəziyyət nə yerdədir, fermerlər “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin dediklərini təsdiq edirlərmi?

Bərdə rayonunda taxıl əkini ilə məşğul olan fermer İkram Ziyadov deyir ki, Yuxarı Qarabağ kanalı yaxınlıqdan keçdiyinə görə onun təsərrüfatında suvarma problemi yoxdur. Lakin Bərdənin bir neçə kəndində suvarma ilə bağlı ötən il ciddi problem yaşanıb.

Amma prezident İlham Əliyevin suvarma ilə bağlı sonuncu göstərişlərindən (Dövlət başçısı bu ilin aprelində “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yeni sədri Zaur Mikayılovu qəbul edərkən suvarma ilə bağlı vəziyyəti sərt tənqid etmişdi, - red. ) sonra hazırda növbə prinsipi ilə sahələr suvarılır.

“İşıq tez-tez kəsilirdi, suvarma gecikirdi. Prezidentin tapşırığından sonra bu problemlər həllini tapıb”, - fermer deyib. Əlavə edib ki, məhsuldarlığın yüksək olması üçün sahənin suvarılması bəhs etmir. Taxılın məhsuldarlığı üçün qar yağmalı, yazda yağış yağmalıdır.

Fermer əsasən toxumçuluqla məşğul olur. Deyir ki, hava belə davam edərsə, məhsuldarlıqla bağlı gözləntilər özünü doğrultacaq.

Sabirabadın Şıx Salahlı kənd bələdiyyəsinin sədri Elşad Məmmədov da suvarma ilə bağlı yazda qeydə alınan problemlərin həllini tapdığını, növbəlilik prinsipi ilə sahələrin suvarıldığını deyib. Sabirabadlı digər fermer isə deyib ki, suvarılma ilə bağlı çətinliklər qışda çox da hiss edilmir. Amma qar yağmasa, yağıntılar normadan az olsa işlər yayda yenidən çətinləşəcək...

Ü.Xudiyeva

(virtualaz.org)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar