Erməni gülləsi könüllülər batalionunda döyüşən ərinin ürəyini susdurmasaydı, bu gün burda, qaçqınların pənah gətirdiyi Muğan düzündə, qara palçıqdan və şax-şəvəldən hörülmüş daxmanın həyətində nübarlarının bir yaşını qeyd edəcəkdilər.
Niyətləri beləydi. Qismət olmadı. Ermənilərin Qarabağda başladığı qanlı müharibə tifili, heç işıqlı dünyaya göz açmamış, elə ana bətnindəcə atadan yetim qoydu. Gülçöhrə də 19 yaşında dul qadına çevrildi. İnnən belə daha heç vaxt qulağına baldan şirin “Gülü” kəlməsi dəymiyəcək, güclü qollar belini
qucmayacaq, cod qara bığlar üzünü dalamıyacaq.
Təkcə o - sevgi dolu pak qəlbini verdiyi qara qaşlı, qara gözlü qonşu oğlu onu belə çağırırdı: “Gülü”. Nə vaxtandı möhtac qalıb ərinin dağ boyda sevgi, nəvaziş, ehtiram doldurdurduğu o bir kəlmiyə! Qəhrəman necə sığışdıra bilirdi dünyaya sığmayan coşqun məhəbbətini bir qısa “Gülü” sözünə?
Elə məktəbdə də qonşu qızı bütöv adıynan çağırmırdı tarix müəllimi Qüdrət. Hər dəfə onu danışdırıb jurnala qiymət yazanda, üzünü sinifə tutub gülə-gülə deyirdi: “Gülü bu dəfə də məndən bir yağlı beş qopartdı”. Əla qiymətdən çox, xüsusi bir nəvazişlə deyilmiş “Gülü” sözü isidirdi qızın ürəyini. Bir də cavan tarix müəlliminin isti baxışları. Heç kəsə belə baxmırdı Qüdrət müəllim. Təkcə ona - qonşu qızına məxsus idi bu isti baxışlar. Gülçöhrə istəyirdi ki, tarix müəllimi tez-tez “Gülü, gəl dərsimizi danış” deyib onu qabağa çağırsın, sonra da “Gülü məndən genə bir yağlı beş qopartdı” desin. Beşə görə yox, o bir “Gülü” kəlməsinə görə tarix dərsini xüsusi səylə hazırlayıdı. Hər dəfə müəllim sinifə üz tutub “kim dərsimizi danışar” deyəndə əlini hamıdan tez və hamıdan yuxarı qaldırırdı. Anası qonşuya pay göndərəndə qaça-qaça gedirdi. Ismət, abır-həya yolunu kəsməsəydi, hər gün, bir şey bəhanə edib, müəllimin yanına gedərdi, cavabını əvvəlcədən bildiyi suallara cavab alardı ondan. Amma dağ kəndi Günəşlinin qanunları sərt idi - sırtıq qıza burda hamı pis baxırdı.
Lap dünya gözəli olsa da, oğlanlar onun evinə hələm-hələm elçi göndərmirdi. Gülçöhrəni təkcə yaraşığına görə deyil, həm də ismətinə görə xoşlayırdı ağır xasiyyətli dağ kəndi. Artıq üç-dörd evdə onun sözü-söhbəti gedirdi, arvadlar qız anasının qulağını doldurudular, Pəri xala demişkən, “dınqıldadırdılar”, zarafata salıb qız anasına deyirdilər: “Az, gəlinimi çox işdətmə”. Gülçöhrə bu atmacaları qulaqardına vururdu - ürəyini ayrı adamın baxışları isidirdi. Dağ qartalına oxşayan boylu-buxunlu Qüdrət müəllimin görkəmi də, əxlaqı da, mərdliyi də, qeyrəti də ürəyinə yatmışdı. Onun isti baxışları altında ərimək, xüsusi bir ahənglə deyilən “Gülü” sözündən məst olmaq istəyirdi. Istəyirdi ki, bir gün Qüdrət müəllim təklikdə yapışsın onun biləyindən, desin “səni sevirəm”, ya da hər qız üçün şirin olan o iki kəlməni yazsın barmaq boyda kağız parçasına, xəlvətcə salsın onun çantasına.
Qüdrət müəllim bircə dəfə nə əlindən tutdu, nə də ona bir qırıq kağız göndərdi. Müəllim-şagird münasibəti “son zəngi” çalınan günəcən pak və ləkəsiz qaldı. Qız məktəblə vidalaşan kimi qonşu oğlunun ata-anası kəndin hörmətli ağsaqqalı Səlim babanı götürüb qızgilə getdilər, ədəb-ərkanla qızı istədilər. Elə o gün, razılıq nişanəso olan şirin çay qabağa gələn kimi, oğlan anası - kəndin dil-ədəbiyyat müəllimi Leyla özüynən gətirdiyi nişan üzüyünü qızın barmağına taxdı. Xeyir işi yubatmadılar, toy edib “uşaqların əl-ayağın yığdılar bir yerə”. Gülünün bəxtəvər günləri başladı. Yman da tez qırıldı o günlərin zənciri.
Sovet İttifaqı Kommunist partiyaının Baş Katibi Mixail Qorbaçovun meydana atdığı dağıdıcı “yenidənqurma” hərəkatı qızışanda erməni separatçıları yerbəyerdən baş qaldırdılar, “Böyük Ermənistan” dövləti yaratmaq xülyası yenidən meydana atıldı. Qədim Qarabağın lap ürəyinin başında - Azərbaycanın nəğmə ocağı Xankəndində yaşayan gəlmələr dedilər: “Dağlıq Qarabağ qədim Ermənistan torpağıdır, biz turklarla bir yerdə yaşamaq istəmirik”.
-Genə dığaların beyninin qurdu tərpəndi! - “Erməni-müsəlman davasında” ata-anasını və iki dayısını itirmiş Səlim baba 1918-ci ilin qanlı hadisələrini gözünün qabağına gətirdi.
-Baba, erməninin beynindəki qurd öz-özünə tərpənmir ha, onu qurdalıyıb tərpədən var.
- Azərbaycan tarixini dərindən öyrənən Qüdrət müəllim savadsız kişyə bəzi qaranlıq mətləbləri anlatmağa çalışdı.
- Rusiya Türkiyə ilə torpaq üstə düz 13 dəfə müharibə elyib. Bir gorbagor çar olub - Birinci Pyotr. Özü bir xeylək torpaq zəbt edib, özündən sonra gələnlərə də vəsiyət edib: “Rusiyanın ərazisini genişləndirin, bütün qonşuları özünüzə tabe edin”. Çarlar da qoşun yeridib başqa xalqların torpağını zəbt edirdilər. Qazanı, Şimalı Qafqazı, Dağıstanı işqal edəndən sonra qoşun yeritdilər Cənubi Qafqaza. O tərəfdən də farslar ərazi iddiasına düşüblər, deyiblər Azərbaycan bizimdi. X1X əsrin əvvəlində iki işqalçı dövlət tutaşıb. Çoxlu qığınlar olub hər iki tərəfdən. Axırda razılaşdılar ki Azərbaycanı iki yerə bölsünlər. Bölüblər. Şimali Azərbaycanı rus götürüb özünə, Cənubu da - fars. Rüsvayçı “Türkmənçay müqaviləsi” bir ürəyi iki yerə parçalayıb.İndi İranda 30 milyondan çox azəri qardaş və bacılarımız yaşayır. Öz dillərində bircə məktəb də yoxdu. Amma bir ovuc erməni üçün məktəblər də açıblar, kilsələr də tikiblər. - Kiçik fasilədən sonra ağır, üzücü söhbətini davam etdi tarix müəllimi. - Sovet höküməti rus imperiyasının sərhədlərini daha da genişləndirdi. Gedib Afrika cəngəlliklərinə qədər çıxdılar. Bu da, başda Amerika olmaqla, Qərb dövlətlərini narahat edir. Gör iş nə yerə gəlib çatıb ki, Moskva Amerikanın lap ağzının içində Kuba adlı bir bolşevik rejimi yaradıb, Amerikaya meydan oxuyur. Amerika da Sovet İttifaqını içindən dağıdır. Belə hallarda dövlətlər, adətən, milli ədavəti qızışdırır, milli azlıqlardan dağıdıcı qüvvə kimi istifadə edir. Rusiya hər dəfə Türkiyə ilə müharibə aparanda satqın ermənilərdən istifadə eliyirdi. Moskva hələ X1X əsrdə Ermənstanda çoxlu silahlı dəstələr və “daşnaksyutun” adlı terrorçu partiya yaradıb, Türkiyədə yaşayan erməniləri ələ alıb. Həmişə də vəd verib ki, Xəzər dənizindən Aralıq dənizinə qədər olan bütün ərazini alıb verəcəm sizə, “Böyük Ermənistan” dövləti yaratmaqda sizə kömək edəcəm. Həmişə də müharibə qurtaran kimi erməniləri atıb. Türklər də satqınların dərsini verib. 1915-ci ildə Türkiyə ilə müharibəyə başlayan Fransa da həmən “erməni kartından” istifadə elədi - vəd verdi ki, “Böyük Ermənistan” dövləti yaratmaqda ermənilərə kömək edəcək. Ermənilər fransizlara qoşulub Tüekiyədə qırğınlar və talanlar törətdilər, Türkiyədə yaşayan ermənilər də onlara qoşuldu. Fransa müharibədə qalib gəldi, Türkiyə ağır şərtlərlə sülh müqaviləsi imzaladı. Müharibə başa çatan kimi Fransa dalın çəvirdi erməniyə, dedi, öz problemini özün həll elə. Axmaq erməni genə də arxasız qaldı. Türklər bu dəfə də satqınlara qulaqburması verdi. Dövlətə xəyanət edən erməniləri sürgün etdi uzaq yerlərə. Xain Andranik paşa silahlı dəstəsiynən qaçıb canın qurtardı, Arazı addayıb gəldi bu taya.
-Nənəm o tayqulaqdan çox danışıb bizə. Zülm eliyirmiş bu millətə. Gəlinlərin qarnın yarıb uşağı çıxardırmış, taxırmış süngünün ucuna. Istəyib Şyşa Qalasın alıb, Qarabağı Ermənistana qata. Soltan bəy laçın dərəsində kəsib qabağın, tayqulaq çəkilib geri, İrəvana buraxmıyıblar, dəstəsiynən qaçıb gedib xaricə, orda da gəbərib.
-İndi bu xaini eliyiblər milli qəhrəman, heykəl qoyublar ona İrəvanda. - Həmişə deyib-gülən, uşaqla-böyüklə şux zarafatlar edən Qəhrəman payız buludu kimi dolmuşdu, dönüb olmuşdu deyingən qarı, hey gileylənirdi: - Mən başa düşə bilmirəm Sovet hökuməti ermənilərin qabağından niyə qaçır!..
-Yuxarıda adamları çoxdu. - Səlim baba öz fikirini bildirdi.
SSRİ-nin ilk prezidenti Mixail Qorbaçıvun iqtisadi məsələlər üzrə müşaviri Aqanbekyan ermənipərəst Fransanın “Humanite” qəzetinə verdiyi müsahibədə “DağlıqQarabağ Muxtar vilayəti Ermənistan respublikasının tərkibində yaxşı inkişaf edər” fikrini irəli sürəndə, Qüdrət özünə nə evdə yer tapa bilirdi, nə də eşikdə. Aldığı maaşı yola xərcləyirdi - gah rayon mərkəzinə gedirdi, gah da Bakıya. Həmişə də məyus, küskün, bədbin halda qayıdırdı səfərdən. Saatlarla içinə çəkilirdi, dinib danışmırdı. Anasının “ay bala ürəyini belə üzmə, hamı necə - biz də heylə” nəsihəti Qüdrəti tamam təbdən çıxarırdı, barıt çəlləyi kimi partladı Qüdrət:
-Elə sənin məsləhət gördüyün “palaza bürün - elinən sürün” mövqeyi dəyilmi bu milləti zəlil eliyən! Erməni soruşur “hayes, turkes”, biz deyirik “haralısan”. Başımıza min cür müsibət gəlir, yenə də bütöv xalq ola bilmirik.
Eşidəndə ki, Moskvada tula kimi sülənən, Kremldəki ağalarının qabağında quyruq bulayan qarabağlı Zori Balayan “Ocaq” adlı kitab buraxıb və o kitabda 1915-ci il hadisələrini qəsdən təhrif edərək, Türkiyədə törədilən ikitərəfli qığınları “erməni genosidi” kimi qələmə verib, üstəlik, bütün türkləri vəhşi, qaniçən, cahil adlandırıb, Qəhrəmanın dərdi bir az da artdı. Hələ tələbəlik illərində tarixi mənbələri araşdıran, hadisələrə müxtəlif nöqtələrdən nəzər salan tarix müəllimi, içində kükrəyən vulkanı söndürə bilmirdi:
-Ay əclaf dığa, o kitabı yazanda, dünya tarixçilərinin araşdırmaları bir yana, heç olmasa, “Bolşaya Sovetskaya ensiklopediya”nın 30-cu ilə qədər buraxılan nüsxələrindəki “Armyanskiy vopros” oçerkini oxuyaydın! - Köhnə kitab rəfinin alt gözündən çıxardığı yazılı vərəqləri başının üstünə qaldırdı, hirsli-hirsli silkələdi, keçmiş şagirdinə anlatdı: - Həmin yazının surətidi. Burda yazılıb ki, X1X əsrdə Türkiyədə yaşayan ermənilər o dərəcə varlanmışdılar ki, erməni tacirləri dövlətə kredit verirdi. Hanı, ay oğraş, genosid?!.
İçində püskürən lava bir qədər səngiyəndə masanın arxasında oturdu, makina səhifələrini qabağına qoyub ucadan oxumağa başladı. Hər dəfə də başını qaldırıb Gülçöhrədən soruşurdu: “Burda genosid var?”. Gülçöhrə də başının işarəsilə tələsik “yox” deyirdi. Çalışırdı ki, dərdi başından aşan əri bir qədər sakitləşsin. Son günlər xeylək arıqlamışdı, gözləri çalaya düşmüşdü. Gicgahlarında bir-iki ağ tük peyda olmuşdu. Qız hiss edirdi ki, ərini, Aqanbekyan, Balayan kimi aravuranlardan daha çox Kremlin ermənipərəst mövqei, Bakıdakı və rayondakı hökumətin biganəliyi və qorxaqlığı təbdən çıxardırdı.
-Hərə bərk-bərk yapışıb bir kreslodan, ancaq əlindəki möhürü qoruyur: “Qırın bu milləti, götürün torpaqları, təkcə mənim kresloma dəyməyin”. Vətən, millət heç kəsin vecinə dəyil. - Havalanmış kimi ucadan bağırırdı: “Millət tarac olur olsun, nə işim var!”. Son vaxtlar Sabirdən, Mirzə Cəlildən tez-tez sitatlar gətirirdi. - Biqeyrət millətik, ona görə də bizi vəhşi adlandıran Zori Balayan gəlib oturub Azərbaycanın lap göbəyində - Qarabağ ermənilərini qızışdırır. Olub separatçıların ideya atası.
Kolxoz sədri “tülkü” Qədir, partkom “iblis” Kərəm, hesabdar “cücə” Məmməd öz arvad-uşağını yük maşınlarına doldurub, “yaylağa getmək” adıynan, kənddən çıxaranda, Səlim babanı da yanına alıb yolu kəsdi:
-Gen gündə bu camaat, bu torpaq sizə lazım idi, dar gündə atıb hara qaçırsınız, ay kəndin ağaları? Niyə camaatı başsız qoyursunuz? Erməni gəlib Bakını alsa, bəs onda hara qaçacaqsınız?
“Ağalar” nə kənd müəlliminin sözlərinə məhəl qoydular, nə də kənd ağsaqqalının ağ saçlarına. Maşınları sürüb getdilər. Müəllim qəzəbini söndürmək üçün acı sözlər axtardı, bunları tapdı:
-Qaçın, qaçın. Qaydadı, gəmi batanda onu siçanlar birinci tərk edir. - Maşınların dalınca nifrətlə baxdı. Yolun qırağındakı yekə daşın üstündə oturdu, fikrə getdi. Bir müddət lal oldu. Handan hana başını qaldırıb, döngədə burulub gözdən itən maşınlara tərəf son dəfə baxdı. - Bunları da qınamıram əslində, Səlim baba. Qalıb nə edəcəklər? - Kədərli baxışlarını son günlər daha uzaq görünən Bakıya tərəf yönəltdi. - Balıq başdan iylənir. Bir tutarlı tədbir görmək, milləti səfərbər eləmək, güclü ordu yaratmaq əvəzinə, Mərkəzi Komitənin katibi camaata “Kür, Araz, Ararat- gözəldir bu həyat, qardaş olub Hayastan Azərbaycan” mahnısı oxutdurur, çoxlu qoz əkməyi, hamam tikməyi məsləhət görür. Indi də başlayıblar ov tüfənglərini yığmağa. Deyirlər, qoy ermənilər rahat girsin kəndlərə. O tərəfdə də Moskva öz sadiq nökərlərini - satqın erməniləri təptəzə tanklarla, toplarla, raketlərlə silahlandırır. Belə getsə, ermənilər böyün-sabah burda olacaqlar.
Tarix müəllimi necə demişdi, heylə də oldu. Rus generallarının güclü əlini çynində hiss edən gözqanlı erməni millətçiləri İrəvanda, Gömrüdə, Zəngəzudra min illərlə kök salmış azəri türklərini qovub ölkədən çıxardandan sonra, rus tanklarını minib əliyalın dinc Azərbaycan kəndlərinə hücum çəkdilər, evləri yağmaladılar, kəndləri yandırdılar. Başsız qalmış Günəşlidə qırılan qırıldı, sağ qalan tək canını götürüb Arana qaçdı. Son ümidini itirən tarix müəllimi öz ailəsini, əlsiz-ayaqsız ahılları odun-alovun içindən bir təhər çıxardıb, Muğan düzünə gətirdi. Qamışdan hördüyü alaçığın “divarlarını” qara palçıqla suvadı. Yer qazıb həyətdə ayaqyolu düzəltdi. Başsız qalmış Günəşli də yüzlərlə Azərbaycan kəndinin taleini yaşadı - yağmalandı, yerlə yeksan edildi.
Dul gəlin şəhid atasının adını yaşadan körpə balasının - hələ bu ikiüzlü dünyanın sifətinə bələd olmayan Qəhrəmanın məsum çöhrəsinə baxa-baxa, əri ilə son görüşünü xatırladı.
-Sizi bir təhər yerləşdirdim. Indi mən getməliyəm. Burda qalmağa haqqım yoxdu.
Soruşmadı “hara gedirsən”, demədi “getmə”. Sakitcə dayanıb durdu, göz yaşları öz-özünə axıb gəldi.
Ərinin üçrəngli bayrağa bülənmiş tabutu gələndə də haray-həşir salmadı, üzünü didmədi, saçını yolmadı, beləcə sakit durub göz yaşlarını axıtdı. O vaxt, şagird olanda müəlliminə olan dağ boyda məhəbbətini gizlədə bilmişdi, bu dəfə də dağdan ağır kədərini gizlətməyi bacardı. Amma içinin dərin layında Tanrıya öz insani etirazını bildirdi: ”Belə qeyrətli igidə necə qıydın!”. Əsən əlləri ilə bir ovuc qara torpaq götürüb, xüsusi ehtiramla məzara tökən Səlim baba, 19 yaşında dul qalmış gəlinin ürəyindən keçənləri oxuyubmuş kimi:
-Bu dünyanın avara qanunları var, - dedi. - Mərdlər şəhid olur, namərdlər isə dövran sürür.
Şəhid arvadı başa düşdü ki, sən demə, elə əzəldən qayda beləymiş: mərdlər ölür, namərdlər qalır. Çünki el dərdi çəkən mərd əyilə, alçala bimir, ölməyə razı olur, diz çökməyi, sürünə-sürünə yaşamağı qeyrətinə sığışdırmır. Biqeyrət isə yaşamaq, pinti gödənini doldurmaq üçün gündə yüz dəfə əyilir, yeddiqat olur.
Təzə məzar başında sel kimi axıb gələn göz yaşını əlinin kəfəsiynən silib qurutdu, əyilmiş qəddini düzəltdi. Qeyrətli əri uyuyan soyuq məzara iftixarla baxdı. Bu aran rayonunda gənclərin and yerinə çevrilmiş Şəhidlər Xiyabanında cərgələnmiş qara mərmər baş daşlarının bir-ikisinin yazısını oxudu. Hamısı 18-20 yaşlı cavanlardı. Fikirləşdi ki, əri bu qürbət yerdə özünü tənha saymıyacaq, özü kimi qetrətli igidlərin arasında darıxmayacaq. Bətnində gəzdirdiyi körpə qarnını təpikləyəndə ürəyindən isti bir axın keçdi: “Nə yaxşı ki, heç olmasa, bir yadigarı qaldı”.
Bu ilıq yaz səhəri, hələ ana bətnindəikən “qaçqın” statusu almış körpəsinin yaşı tamam olanda, qazan asıb biş-düş eləmək, bayram süfrəsi açnaq, qonaq qəbul eləmək əvəzinə, yenə əli qoynunda oturub, atasız qalmış oğlunun məsum çöhrəsinə dərin hüznlə baxır, buz niskilini isti nəfəsilə isidib həzin-həzin layla deyirdi:
Lay-lay dedim yatasan,
Qızılgülə batasan,
Qızılgülün içində
Şirin yuxu tapasan.
Qara palçıqla suvanmış qamış divaradan asılan əskər şəkili də, dünyaya öz körpə dilində nəsə anlatmağa çalışan, fəqət anlada bilməyən, anlada bilmədiyi üçün əi-qol atan atasız körpənin üzünə baxırdı. Şəhid atanın həlim baxışları körpənin üzündən çəkilib, balasına şirin yuxu arzulayan ananın kədərli gözlərinə sancıldı.
Şəhid arvadı səksəndi, çəkinə-çəkinə ərinin şəkilinə tərəf baxdı. Həmişə sevgi, ehtiram, qayğı gördüyü qara gözlərdə bu dəfə qəzəb, ittiham gördü. Niyə belə baxır şəhid əskər? Nə demək istəir bu neştər baxışla?..
Qulağına uzaqdan, lap deyəsən yerin alt qatından gələn sərt, qəzəbli, bir az da əmiranə səs dəydi. Əri hansısa haqsız, ədalətsiz bir hərəkətə rast gələndə belə səs çıxarırdı. O vaxt “hamı necə - biz də heylə” deyib oğlunun hirsini soyutmağa çalışan anasına acıqlananda da belə səs çıxartmışdı: “Elə “palaza bürün - elinən sürün” mövqe dəyimi milləti zəlil eliyən!”.
Şəkilin hüzünlü qara gözlərinə bir də təzədən, zənd ilə baxdı, qulaqlarına dəyən səs bir az da sərtləşdi. Şəkil cana gəldi, həmişə məhəbbət izhar edən qara gözlər indi ətrafa qəzəb qığılcımı püskürdü, soyuq daxmada gürşad çaxdı: “Bəsdir balalrımızı şirin yuxuya verdiyiniz!.. Yatmaq vaxtıdı?!. Bəyəm görmürsən dünya insafını, mürvətini tamam itirib, insanlar quduz canavara dönüb? Hayqırın, oyadın balalarımızı, onlara acı həqiqətləri, necə var, açıq-aşkar göstərin, düşməni yaxşı tanıyın!.. Bunu mən Vətən yolunda həlak olan bütün şəhidlər adından tələb edirəm!”. Şəhid arvadının qara qaşları çatıldı, gen alnı düyümləndi. Şirin laylasını xırp kəsdi. Arıq sinəsindən göy gurultusuna oxşayan bir quru inilti qopdu, get-gedə gücləndi, coşub hayqırtıya döndü, qamış divarları, qamış təvanı deşib bayıra çıxdı, cadır şəhərciyinin qulaqlarına doldu. 19 yaşında dul qalmış gəlin üzünü, ana bətnində qaçqın statusu almış şəhid övladına tutdu:
Oyan, beşiyim, oyan!
Ərşad Əzimzadə