Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

08 Fevral 2021 11:36    814 Baxış   
Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

10-12 fevral tarixlərində 2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.


Dominant.az xəbər verir ki, müvafiq fənlər üzrə olimpiadaların fərqli günlərdə təşkili nəzərdə tutulur. Bu, mövcud pandemiya şəraitinə uyğun olaraq şagird sıxlığının minimuma endirilməsi məqsədi daşıyır.

10 fevral 2021-ci il tarixində riyaziyyat və kimya fənləri üzrə, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.


Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçiriləcək. Respublika fənn olimpiadalarında iştirak etmək üçün 30 000-dən çox şagird qeydiyyatdan keçib. IX, X və XI sinif şagirdlərinin, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ən az şagird isə fizika və informatika fənlərindən qatılacaq. Şagirdlərə tapşırıqlar Azərbaycan və rus bölmələrinə müvafiq olaraq iki dildə təqdim ediləcək.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar