Ruhun şad olsun, Turan Hoca, Qarabağ azaddır

22 Noyabr 2020 10:28    284 Baxış   
Ruhun şad olsun, Turan Hoca, Qarabağ azaddır

Azərbaycanda Türkiyənin ilk fakültəsini də o açıb, ilk liseyini də: fakültə 30, lisey 28 yaşındadır. Hazırda İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən idarəetmə fakültəsinin etibarı bu 30 ildə həmişə zirvədə qaldığı kimi, Atatürk liseyindəki təhsilin keyfiyyəti də məktəblərimizə həmişə örnək olub. Qızım Zəhra və oğlum Məhəmmədin o liseydə təhsil almalarının xoşbəxtliyini ömrüm boyu yaşayacağam.

Bu gün o fakültəni və liseyi yaradaraq çox uzun müddət pulsuz təhsil verən Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu (İstanbul-1980), professor Turan Yazqanın vəfatının 8-ci ilidir. Türk dünyasının Turan Hocası 22 noyabr 2012-ci ildə həyata gözlərini yumub.

Mayis Əlizadənin 8 il əvvəl qələmə aldığı “Bir dağ daha yıxılarkən” sərlövhəli yazısında mərhum professor Turan Yazqanın şəxsiyyətinin önə çıxan çizgiləri öz əksini tapıb. Əziz xatirəsi önündə hörmətlə baş əyir və sözügedən yazını yayımlamağı özümüzə borc bilirik.
Rumiyyə Miraslan


“Əleyküm-səlaaaaammm

Son illərdə kreslosunu otağın bütün guşələrində oturanlarla rahat ünsiyyət qura biləcəyi yerdə sabitləmişdi (otağı qədim Türklərin çadırdan qurduğu otaqların eynisiydi, divarlar, künc-bucaqlardakı boş yerlər, divan-kresloların altı Türk dünyasından gəlmiş hədiyyələrlə doluydu; Bakı mənzərəsinin əks edildiyi 2 yağlıboya tablosunu göz bəbəyi kimi qoruyurdu); ara-sıra önündəki bilgisayara baxır, vəqfin ən xırda işləriylə yaxından ilgilənməyi əldən qoymurdu.Üst-başımı qaydaya salıb qapını açan kimi əlini başının üstünə qaldıraraq “əleyküm-səlaaammm”- nidasını cingildədəndən sonra ən yaxınındakı boş yerə dəvət edirdi: "Gəl yavrum, yaxına gəl”. Başqa biriylə söhbət etmirdisə, o dəqiqə Azərbaycanı soruşurdu, yeni xəbərləri dinləyəndən sonra deyirdi ki, Azərbaycanı qarışdırmaq istəsələr, Türkiyədə ictimaiyyət ayağa qalxıb qətiyyən buna imkan verməz. Hər həftənin şənbə günü qiymətli alimlər gəlirdi, ənənəvi quru lobya-plov ziyafətindən sonra o gün Türkiyənin və Türk dünyasının gündəmiylə bağlı önəmli mövzuda çıxış edəcək olan natiqi dinləmək üçün konfrans salonuna gedərdik. Həftə içində yolum düşəndə daha çox söhbət etmək imkanı olurdu, getmək üçün icazə istəyəndə yemək otağından keçmək şərtiylə getməyimə icazə verərdi. Türk dünyası araşdırmaları vəqfinin başqanı, professor Turan Yazganın çörəyini ölkəmin bir çox insanı yedi, amma (bu “amma”nı bir tərəfə qeyd edək...)

2012-ci il günü onsuz da qara edilmiş Türkçülər üçün sıxıntılı başladı: 6 yanvarda Türkiyə Cümhuriyyəti silahlı qüvvələri Baş qərargahının 26-cı rəisi, ordu generalı İlker Başbuğ “terror təşkilatı qurmaq və idarə etmək” suçlamasıyla həbs edildi. 13 yanvarda Türk dünyasının Kiprdə dövlət qurub dövlət yaşadan qəhrəman övladı Rauf Denktaşın ölüm xəbəri “qaragün Türkçüləri” yenidən sarsdı. Denktaşın vəfat xəbəri gecə gəlmişdi, Turan xocayla yaxın dost olduqlarını bilirdim, Türk dünyası araşdırmaları vəqfinin Süleymaniyyədəki məkanında lider Denktaşı dəfələrlə dinləmişdim. Kipr adasının qəhrəman Rauf bəyi ilə bağlı Turan xocanın açıqlamasını almaq üçün Vəqfə getdim, sərrast və axıcı üslubuyla Denktaşı Azərbaycan oxucularına daha yaxından tanıtdı, xəbəri olmadan Vəqfin həyətində kepkalı fotosunu çəkdim, Azərbaycan mediası açıqlamasını 20 dəqiqədə yayımladı, brlikdə oxuduq, “Mənim dediklərimi Azərbaycan Türkcəsində ən yaxşı sən səsləndirirsən. Bu fotonu necə çəkdin? Ulan, külhan bəyinə oxşamışam”-zarafatını “partladanda” hamımızı sevincə qərq etmişdi. Gözümüzün qabağında onun da “getdiyini” görürdük. Vəqfin əməkdaşı Tülay xanım səhər-səhər telefonda göz yaşları içində “Xocamızı itirdik”- xəbərini verəndə hamımızın ürəkdən güldüyümüz o mənzərə bir daha gözümün önünə gəldi; deyəsən, axırıncı dəfə hamımız bir yerdə o anda ürəkdən gülə bilmişdik...

2012 sıxıntılı başladı, sıxıntılı keçir, ölüm xəbərini alan kimi getdiyim Vəqfin giriş qapısına yaxınlaşarkən 1995- ci ilin də sıxıntılı keçdiyini xatırladım: o il yanvarın 6-da Türkologiyanın böyük ustadı professor Muharrem Ergin həyata gözlərini yummuş, oktyabrın 24-də isə “Oğuzlar” adlı möhtəşəm kitabın müəllifi, tarixçi-professor Faruk Sümer vəfat etmişdi. Həyatını Türk dilinin, tarixinin, mədəniyyətinin tədqiqinə həsr etmiş alimlərlə vidalaşma yeri Türk dünyası araşdırmaları vəqfinin giriş qapısının önündəki məkan idi: hər vida mərasimində molla “Allah professor-doktor Turan Yazgan bəyəfəndidən də razı olsun”- sözləriylə Turan xocanın da ölənlərinə fatihə oxuyurdu; qapıdan içəri addım atarkən professor Yazganın “diriyə də, ölüyə də sahib çıxdığı” o günləri bir daha xatırlayıram. Diriyə çörək verib ölüyə sahib çıxan adam idi-Türk dünyasının ən kiçik qövmləri belə onun çörəyini dadmış, arxasında dəstəyini hiss etmişdir.

Professor Turan Yazgan əsarət altındakı Türk xalq və qövmlərinin 70-80-ci illərdə yüksələn azadlıq səslərinə Türkiyədən verilən ən səmimi və hərarətli cavab, əsarətdən uzadılan əlləri sıxan ən güclü əl idi.Gedərkən arxasında buraxdığı milyonlarca səhifə kitab və jurnal,minlərlə konfrans, Türk ölkələrində açdığı və hal-hazırda 5 min şagrd və tələbənin təhsil aldığı onlarla məktəb və fakültə, hər il mayın axırında İstanbulda keçirdiyi Türk dünyası uşaq şənliyi o möhtəşəm əlin gördüyü işlərin az bir qismidir. Bu baxımdan professor Yazgan Türkiyədə heç bir siyasətçinin görə bilməyəcəyi işi bacarmışdır. Neçə dəfə soruşmuşdum ki, siyasətə girməyi düşünmürsünüzmü? Qəti etiraz edərək eyni cavabı vermişdi: “Mən xəyalpərəst adamam, 50-100 il sonranı düşünürəm, atdığım addımların bəhrəsi də 50-100 ildən sonra görünəcək”...



“Turan, Qarabağdan nə xəbər var?”

Türk dünyası araşdırmaları vəqfi 2005-ci ilin aprelində Türkiyəyə qarşı “soyqırım” böhtanlarının 90-cı ilində xaricdən və daxildən sovrulan iftiralara möhtəşəm bir əks-hücumla cavab verərək dünyanın Türklərə yapdığı soyqırımlar barədə 3 günlük beynəlxalq konfrans keçirdi. TRT o konfransı əvvəldən-axıra qədər canlı yayınladı. O günlərdə Turan xocamdan əcnəbi mətbuat üçün geniş müsahibə aldım, dedi ki, o müsahibəni “Türk tarihi” dərgimizin növbəti sayında çap etməyə icazə ver.
-Başım üstə, xocam. Mənim üçün də şərəf olar.

Professor Turan Yazgan Qarabağın işğal altında qalmağa davam etməsini “Türk dünyasının gələcəyinin işğal altında tutulması” kimi dəyərləndirirdi. Türkiyənin siyasi və elmi dairələri “erməni məsələsi”ndə daima professor Yazganın fikir və analizlərinə önəm verir, onu Qarabağdan gələ biləcək ən gözəl xəbərin müjdəçisi kimi dinləyirdilər. 6.5 il əvvəl o vaxtlar əməkdaşlıq etdiyim əcnəbi media qurumuna 1923-də Borçalıda anadan olmuş, 1925-də ailəsiylə Türkiyənin Muş vilayətinə köçmüş türkologiyanın ustadlarından olan professor Muharrem Erginlə bağlı proqram hazırlayanda Muharrem xocanın bacısı qızı, Marmara universitetinin professor Gülşən Alışık dayısı haqqında bir xatirəsini danışmışdı: “1992-də dayım ağır cərrahiyyə əməliyyatı keçirdi. Narkozdan ayılıb özünə gələn kimi başının üstündə professor Turan Yazganı gördü və sanki quyunun dibindən gələn səsiylə “Turan, Qarabağdan nə xəbər var?”- deyə soruşdu”. O vaxt Turan xocanın da gözləri dolubmuş, o epizodu danışanda Gülşən xanımın, lentə alanda mənim səsim titrəmişdi, o titrək səslər arxivimdə qalır. Professor Yazganın son yayında Vəqfin həyətində 98 yaşlı sənət tarixçisi, professor Oktay Aslanapa və 85 yaşlı yazar Sami Yavrucuku dinləyərkən Oktay xoca mənə tərəf dönərək “Qarabağ niyə əldən getdi? Niyə müdafiə edilmədi? Heç olmasa, bir batalyon oranı müdafiət edəydi. Uşaq belə öz torpağını müdafiə edər”- ürəyi sınıq şəkildə dalbadal suallar yağdıranda başımı qaldıra bilməmişdim. İşğal altındakı Azərbaycan torpaqlarının taleyi Vəqfdəki söhbət və müzakirələrin əsas mövzularından biri idi: Turan xoca həm Qarabağa görə nisgilli getdi, həm də...



"Mən olmasam, bu işləri davam etdirməyəcəksinizmi?”

Son illərdə hökumətin TDAV üzərindəki təzyiqləri dözülməz vəziyyətə gəlmiş, Vəqfin Süleymaniyyə və Şeyxzadəbaşındakı yerləri əlindən alınaraq 500 min dollar cərimə kəsilmişdi. Vəqfə qarşı bu əməliyyatların arxasında duran yanlış səbəblərə toxunmayacam, Baş nazirə təqdim etmək üçün o vaxtkı Məclis sədri Köksal Toptana məktub vermişdi, ancaq Tayyip bəy bir vaxtlar xətrini lap çox istədiyi Turan xocanın məktubunu qəbul etməmişdi. Vəqfə qarşı bu təzyiqləri hökumətdə kimin etdiyini bir neçə dəfə mənə demişdi. 2010-nun sentyabrında onu ilk dəfə təlaşlı və qanı qara gördüm: səbəbini soruıanda “Qırğızıstandakı fakültəmizin adını Türkiyə Ali Təhsil Şurasının siyahsından çıxarıblar, bu il oraya tələbə qəbul edə bilməyəcəyik, bu isə bizim üçün altından çıxa bilməyəcəyimiz maddi sıxıntı yaradacaq”- dedi. Tərəddüd etmədən dedim ki, xocam, lütfən, siz rahat olun, 1 saata bu işi həll edəcəyik. Bilirsiniz ki, 15 sentyabrda Türk Ölkələri Əməkdaşlıq Şurasının Baş katibliyi yaradıldı. Moskvadakı keçmiş səfir Halil Akıncı o Təşkilatın Baş katibi oldu. Halil bəy sizi yaxşı tanıyır, mən 5 gün qabaq Halil bəydən geniş müsahibə almışan, icazə verin Halil bəyə zəng edim, siz vəziyyəti ona başa salın.

-Halil bəy xarici işlər nazirliyində İkitərəfli münasibətlər idarəsinin rəisi olanda Türk cümhuriyyətlərinə işləməyə gedən diplomatları mütləq mənimlə görüşməyə göndərirdi. Indi hamı məndən uzaqda durmağa çalışır, səncə, Halil bəy kömək edərmi?

Heç düşünmədən Halil Akıncıya zəng etdim, "Turan xocam sizinlə danışmaq istəyir”-dedim. Halil bəy xocamla son dərəcə səmimi danışdı, İstanbula ziyarətə gələcəyini və problem barədə burada söhbət edə biləcəklərini dedi. Ancaq Qırğızıstandakı fakültənin adını təcili Ali Təhsil Şurasının siyahısına salmaq lazım idi. Xoca təkid edincə Halil bəy sənədləri faksla göndərməyimizi istədi. Vəqfin və Turan xocanın bütün telefonları nəzarət altında olduğuna görə, işin pozula biləcəyindən ehtiyat edərək Halil bəydən xahiş etdi ki, mənim telefonuma zəng etsin, mənə dedi ki, yanımdan 1 saniyə də ayrılma. 40 dəqiqədən sonra Türk Ölkələri Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncı TDAV-ın Qırğızıstandakı fakültəsinə qəbulun başladığını xəbər verdi. Bir insanın ən ümidsiz durumdan ən güclü duruma necə gəldiyinə Turan xocanın o andakı sevnicini izləyərək şahid olmuşdum. Açdığı məktəb və fakültələr onun canının bir parçası yox, canı idi; hər gün Türk dünyasındakı məktəb və fakültələrin hamısından məlumat alar, oralara göndərilən 5 kitaba və ya 2 məktəb formasına qədər hər şeylə özü maraqlanardı. "Təhsildən heç vaxt pul almamışam və ən sıxıntılı duruma düşmədiyim müddətcə pul almayacam”- bu sözləri dəfələrlə onun dilindən eşidəndə köksünün necə qabardığını görürdüm. Vəqfin Türkiyədə maddi vəziyyətinin pisləşməsi onu çox sıxır, Türk dünyasındakı məktəblərin öz məsrəflərini çıxarmaq naminə pullu ola biləcəyinə dair narahatlığı içini gəmirirdi. 2011-in martında Bakıdakı Atatürk litseyinin gələcəyi ilə bağlı qərar qəbul etmək üçün məni çağırdı.

-Bilirsən ki, məktəblərimin pulsuz olacağına dair namus sözü vermişəm. Burdakı maddi durumumuz Bakıdakı litseyi maliyyələşdirməyə imkan vermir. Səncə, Bakıda valideynlərdən təhsil üçün cüzi miqdarda pul istəsək, ayıb olmaz ki? Bu məsələni araşdıra bilərsənmi? Bakıya gedib litseydə valideyn iclası keçirin, vəziyyəti valideynlərə sənin başa salmağın yaxşı olardı.

-Narahat olmayın, xocam. Azərbaycanda heç kim təhsildən pul əsirgəməz. Bakıya da gedərəm, orda iclas keçirib hamıya vəziyyəti başa salarıq. İcazə verin, Bakıya gedənə qədər uşağı litseydə oxuyan bəzi valideynlərlə danışım, ancaq bu işə görə qətiyyən ürəyinizi sıxmayın, çox rahatlıqla həll ediləcək. İndi litseydə 700 uşaq oxuyur, əmin olun ki, pullu olsa, 7 min uşaq gələcək.

Ürəkləndi, Vəqfin qurulduğu gündən bəri yanında olan Səadət xanıma:

-“Təcili Tənzilənı yığın”- dedi. Çox güvəndiyi Tənzilə Rüstəmxanlıdan gələn xəbər də müsbət olunca, qolunu qaldırıb oynamadığı qaldı.

-“Millətin bizi yanlış anlamaması üçün sən imkanın dərəcəsində vəziyyəti hamıya başa sal. Litseydə 2 uşağı oxuyan varsa, birinin pulunu versin. Ordakı müəllimlərin məsrəfi çıxsın, kitab-dəftərləri, formaları yenə burdan göndərəcəm”- bunları mənə deyərkən təhsilə görə 5 quruş da olsa, pul alınmasının onu necə üzdüyünü görmüşdüm; o işə buna görə sanki utanırdı.

2011-in yayı onun üçün fiziki cəhətdən də sıxıntılı keçdi. Vəqfin işləriylə məşğul olmaq həm başını qarışdırır, həm də işlərin yolunda getməsini görmək onu rahatladırdı. O yay həftənin bir neçə gününü Vəqfə gedirdim, həyətdə-günəşin düşdüyü yerdəki kreslosundan mənim əsas qapıdan girdiyimi görən kimi ənənəsinə sadiq qalaraq məni “Əleyküm-səlaaamm” – nidasıyla qarşılayırdı. Mən isə salamını lap uzaqdan alan kimi “Xocam, maşallah, lap yaxşı gördüm sizi”- deyərək ənənəmi pozmurdum. Son xəbərləri mən ondan, o məndən soruşandan sonra “Get yeməyini ye, gəl, rahat söhbət edək”- təkidiylə məni yeməkxanaya göndərirdi. Sonra xeyli söhbət edirdik.

-“Xocam, bir əmriniz yoxsa mən getmək üçün icazə istəyə bilərəmmi?”

Ürəyimi burxuldan, içimi yandıran bir nisgillə üzümə baxaraq:

-“İşin çoxdurmu? Azdırsa, otur. Birgə çıxarıq”- deyir, saat 6-ya qədər oturardıq...

Bir gün dedim ki, xocam, siz olmasaydınız, bu işləri bu qədər dəqiqliklə kim görə bilərdi?

Gözlərini uzağa zilləyəndə Mustafa Kamal Atatürkə o qədər bənzəyirdi ki!

Yenə gözlərini uzağa zillədi (onu yandan izləyirdim), azacıq düşünəndən sonra bu tərəfə dönüb:

-“Mən olmayanda bu işləri irəli aparmayacaqsınızmı?”- yarı kədərli, yarı sərt şəkildə cavab verdi.

-“Siz həmişə olacaqsınız, xocam”- üzünə yüngül təbəssüm qondu.

Təxminən 1 ay əvvəl kimyaterapiya üçün getdiyi xəstəxanadan Vəqfə qayıdıbmış (son vaxtlarda 20 illik şoferi Müzəffər abi yox, Vəqfin o biri şoferi Əli doktora aparıb-gətirirdi).

-“Bayramdan bir gün əvvəl xəstəxandan çıxıb Vəqfə gəldik, xocama lazım olan bir kağızı otağından götürüb qayıtdım, maşından enə bilmədi”- vəfatından 2 saat sonra Tülay xanım zəng edib acı xəbəri verən kimi Vəqfin yolunu tutdum, Əliylə bir-birimizə sarılanda bunu dedi. Mihricanın göz yaşı sel idi, Əməlin nitqi tutulmuşdu, Gökhan, Mücahid...



"Bu dünyada bizdən qalan bir səsdir” (Şəhriyar)

Dəfn mərasimiylə bağlı vurğulamaq istədiyim yeganə xüsus bundan ibarətdir, möhtərəm oxucular: professor Turan Yazgan barəsində kim danşdısa, hamısı ürəyindən gələn sözləri dedi. Heç kim sünllik etmədi. Əbədiyyətin geri dönülməz qapısına doğru yola çıxan bir Allah qulu haqqında ürəkdən gələn hər kəlmə mərhumun ruhuna oxunan fatihə və dualar qədər qiymətlidir.

Sənin üzərində haqqımız vardısa, onu əbədiyyətin geri dönülməz yoluna çıxarkən halal etdik, Xocam.
Əsas sən haqqını burda qalanlara halal et, səndən halallıq alması lazım olan o qədər insan qaldı ki bu dünyada...

Şübhən olmasın ki, səni uzaqdan-yaxından tanımış hər kəs sənin üçün darıxacaq..

Mən sənin şənbə günü toplantılarından əvvəl etdiyin çıxışlarda gur səsinlə kükrəməyin üçün darıxacam...

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar