“Rusiya çalışacaq ki, Fransa həmsədrlikdə qalsın”

27 Noyabr 2020 16:07    505 Baxış   
“Rusiya çalışacaq ki, Fransa həmsədrlikdə qalsın”

Məlum olduğu kimi, noyabrın 25-də Fransa Senatı Fransa hökumətini Qarabağın separatçı qondarma qurumunu tanımağa çağıran tövsiyə xarakterli qətnaməni müzakirəyə çıxardı və qətnamə səsçoxluğu ilə qəbul olundu. Bunun ardınca isə Azərbaycan Parlamenti səviyyəsində Fransaya etiraz bəyanatı qəbul edildi, Fransa səfirinə nota təqdim edildi.

Mövzunu Dominant.az-a şərh edən Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə Fransanın qondarma “Artsax”ın müstəqlliyinin tanınması barədə tövsiyə xarakterli sənədin siyasi olaraq beynəlxalq hüquqa zidd olduğunu bildirib.

“Fransa bununla regionda Türkiyənin aktiv fəaliyyətindən narazılığını bildirməklə yanaşı, Minsk qrupu çərçivəsində məlum bəyannamədən də narazılığını göstərdi. Fransa onun iştirakı olmadan belə bir bəyannəmənin qəbulunu özünün regionda mövqeyinin zəifləməsi kimi qəbul edir. Ona görə də beynəlxalq nizama təsir edən Qarabağ məsələsindən kənar qalması bu kimi avantürist sənədin qəbulunu reallaşdırdı”, - deyə politoloq qeyd edib.

Məhəmməd Əsədullazadənin fikrincə, burada bəzi nüanslar Rusiyanın da maraqlarına xidmət edir: “Bu sənədi adi kağız parçası hesab etmək olmaz. Düzdür, hüquqi şəkildə qanunsuzdu, çünki ərazi bütövlüyünü şübhə altına alıb ki, bu da BMT qətnamələrinə ziddir. Amma, ermənilər və digər onlara havadar olanlar bundan bizə qarşı istifadə edəcəklər. Fransa ilk növbədə Azərbaycanla ticarət əlaqələrinə zərbə vurdu. Bu ölkənin neft sektorunda böyük şirkəti var. Total şirkəti və digər şirkətlər müxtəlif sahələrdə fəaliyyət göstərir. İki ölkə arasında 600 milyon dollar ticarət əlaqələri var. Ona görə də Fransanın öz iqtisadi maraqlarına da bu məsələ zərbədir. Erməni lobbisinə rəğbəti və anti-Türkiyə mövqeyi onun bu kimi addımlar atmasına gətirib çıxardı”.

Politoloq Azərbaycan qəti şəkildə Fransaya öz etirazını müxtəlif sahələrdə bildirməli olduğunu da əlavə edib: “Hazırda Minsk qrupunun həmsədri olan Fransanın məlum bəyannamə ilə həmsədr kimi fəaliyyəti fiaskoya uğradı. Hesab edirəm ki, artıq Fransanın həmsədr kimi fəaliyyəti qəbuledilməzdir. Rusiya da çalışacaq ki, Fransa həmsədrlikdə qalsın. Çünki Ermənistanı Qarabağ məsələsində müdafiə edir. Rusiya da burada manevr siyasəti üçün bundan istifadə edəcəyini planlaşdıracaq”.

Mərahim Nəsib



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar