Sağ əlini başıma çək, ŞƏHİDİM!

24 Noyabr 2020 19:28    777 Baxış   
Sağ əlini başıma çək, ŞƏHİDİM!

MMilli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Cavid Hüseynovdan haqqında yazıb. Dominant.az sözügedən yazını təqdim edir:

"Xüsusi təyinatlı Cavid!

27 yaşında şəhadət şərbəti içmiş Cavid Hümbət oğlu Hüseynov 1993-cü ilin 12-ci ayının 12-ci günündə Tovuzun Alakol kəndində doğulub. 2012-ci ilin birinci ayından 2013-cü ilin yeddinci ayınadək həqiqi hərbi xidmət keçib.

Cavid 2014-cü ildə müddətdən artıq hərbi qulluq keçmə ilə bağlı, müvafiq qaydada, yazılı müraciət edib, müraciəti qəbul olunub. Öz taleyini hərbi xidmətə bağlayan, hərb sənətini sevən və bu sevgisini peşəkarlıq müstəvisində parlaq şəkildə gerçəkləşdirən Cavid çoxsaylı sertifikatlar alıb.

Müxtəlif silahlardan sərrast atəş açması ilə seçilib Cavid. Cavid snayper təlimatçısı olub; dəfələrlə “Ən yaxşı snayperçi” fəxri fərmanı ilə təltif edilib. Snayperçilik, sərrast atıcılıq Caviddə fitri istedad təcallası idi.

2018-ci ildə Belarusiya Respublikasında “Hərbi idman oyunları və snayper” Beynəlxalq yarışında iştirak edib. 2019-cu ildə yenidən Belarusiya Respublikasında hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.



Cavid Hüseynov 26 iyun 2018-ci ildə “Azərbaycan Ordusu-100 (1918-2018)” yubiley medalı ilə təltif edilib (Bu medal Azərbaycan Prezidenti adından Müdafiə naziri tərəfindən təqdim olunur).

“Biz bir ölüb, min dirilərik” – Cavidin sevdiyi, məktublarında qeyd etdiyi kəlamdı…

Cavid qorxmaz, güclü Vətən oğullarından olub. Çox çətin təlimlərdən, məşqlərdən mətanətlə çıxmağı bacarıb Cavid. Təlimlərdə, məşqlərdə tər axıdan hərbçi yoldaşları ilə birgə işğalçılara qan uddura-uddura Qubadlı-Laçın istiqamətindək gedib çıxıb Cavid. Döyüşlərin birində yaralı tabor komandirini təhlükəli zonadan çıxartmaqla, necə deyərlər, adından söz etdirməyi bacaran Cavid özü sonrakı döyüşlərin birində düşmən mərmisindən ağır yaralınıb; döyüşçülər onu həkimə çatdırmaqçün çalışsa da, həyatını xilas etmək mümkün olmayıb – yolda canını tapşırıb...

Ailəsi ilə sonuncu dəfə Qubadlıda olarkən danışıbmış. “Şəhid olmasam qazi kimi gələcəm” deyirmiş igidimiz...

Mehmet Əmin Yurdaqul necə deyirdi?

“Haydı yavrum! Mən səni bu gün üçün doğurdum,
Xəmirini igidlik duyğusuyla yoğurdum;
Türk övladı odur ki, yurdu olan torpağı
Ana namusu bilib yad ayağı basdırmaz;
Bu yabançı bayrağı
Azan səsi duyulan heç bir yerə asdırmaz.
Get, övladım, illərcə mən oğulsuz qalaram.
Bu yaralı bağrıma qara daşlar çalaram!
Haydı, oğlum, haydı get,
Ya qazi ol, ya şəhid!”
(“Ya qazi ol, ya şəhid”).

27 oktyabrda şəhid olub Cavid; 28 oktyabrda doğma Alakolda torpağa tapşırılıb.



II Qarabağ müharibəsinin qəhərman şəhidi olan Cavidin atası Hümbət Hüseynov özü I Qarabağ müharibəsinin qazisidir.

İki bacının tək qardaşı olan Cavid hələ subay idi.

Haqq dünyasında olanlar haqqında danışanda, yazanda “RUHU ŞAD OLSUN!” deyirik, yazırıq; şəhidlərin ölməzliyinə, ruhun əbədiliyinə inandığımız üçün, Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!"



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar