Şagird də müəllimi təhqir edir, aidiyyəti qurum da

28 Yanvar 2022 14:38    3115 Baxış   
Şagird də müəllimi təhqir edir, aidiyyəti qurum da

"Xalqları xilas edənlər yalnız müəllimlərdir. Müəllimdən, maarifçidən məhrum olan xalq millət adına layiq olmaq qabiliyyətinə malik deyil". Mustafa Kamal Atatürk.

Müəllim-şagird münasibətlərindəki anlaşılmazlıq təbii ki, bu günün deyil, illərin problemidir. Lakin elə illər dəyişdikcə bu problem daha geniş vüsət almağa başlayıb və təəssüf ki, cəmiyyətin onurğa sütunu olan müəllimlərin şagirdlər tərəfindən əzilməsinə, haqsız duruma düşməsinə şərait yaradılıb. Son günlər müəllim-şagird münasibətlərində baş verən problemlər, daha doğrusu, şagirdlərin özbaşınalığı və buna rəğmən müəllimlərin haqsız duruma düşməsi, aidiyyəti qurumların da həmin özbaşına, tərbiyəsiz şagirdlər tərəfindən çıxış etməsi böyük təəssüf doğurur. Cəmiyyət və sistem olaraq bu problemin qarşısında aciz qalmağımız isə bizim utanc yerimizdir.




Günlərdir sosial şəbəkələrdə ard-arda yayılan görüntülərdən də görürük ki, şagirdlər dəfələrlə müəllimlərə qarşı kobud rəfat edir, tərbiyəsiz, əxlaqsız davranışlar sərgiləyirlər. Bunun qarşısını almaq istəyən müəllimlər isə təşəkkür əvəzinə, əksinə, tənqidə məruz qalır, ya da aidiyyəti qurumlar tərəfindən ittiham edilib, məsuliyyətə cəlb edilir. Hətta müəllim alternativ tədbir görməyəndə belə, yenə də tənqidə məruz qalan tərəf olur ki, bu problemlərə niyə şərait yaradıb?

Təsəvvür edin, şagirdlərin tərbiyəsizliyinə qarşı çıxanda da, çıxmayanda da cəzalanan yenə müəllimlər olur. Bəs, bu necə məntiq, necə tənzimləmədir? O müəllim ki, şam kimidir, özü yanır ki, ətrafı işıqlandırsın. Təbii ki, münasibətlərin necə tənzimlənməsi aidiyyəti qurumların işidir. Lakin həmin qurumlar insanlara həqiqi səadət yolunu tapmaqda kömək edən müəllimləri haqsız duruma salıb, cəzalandırırsa, nə o uşaqlar dövlətin gələcəyi ola bilər, nə də o müəllimlər cəmiyyətə fayda verə bilər. Cəmiyyət isə deformasiyaya uğramaqla təhlükələrlə üzləşə və dövlətçilik ənənəsi sual altında qala bilər.

Unutmayaq, dünyada hər şeyə dəyər vermək mümkündür, yalnız müəllimin əməyinə dəyər verilə bilməz. Çünki müəllimlərin əməyi qiymətsizdir, ən bahalı nemətdir.

Mərahim Nəsib




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar