Dominant.az Elmar Hüseynovun yeni şeirini təqdim edir:
Sən həyatda gördüyüm,
Ən gözəl ulduz idin.
Qısqanırdım günəşə,
Qısqanırdım hər şeyə
Ay necə baxdı sənə?!
Mən dönüb pərvanəyə
Sənin həndəvərində
Günəş tək dolanarkən,
Məndən qaçıb gizlincə -
Ay, gecə baxdı sənə?
İşıgında səyyahlar
Yol gedərdi səhrada.
Tutub özünü yenə,
Karvanqıranla, Zöhrə
Tay, necə baxdı sənə?
Əyilib su içərkən
Əksin üzünə düşən
Qıvrılıb xiffətindən
O bulanan gözüylə
Çay necə baxdı sənə?
Şair keçdi təbindən
Uca söz aləmindən
Heç nə tapa bilmədi
Etdi qurban ömrünü -
Pay, necə baxdı sənə?