Səndən başqa bir günah, savab istəmirəm ki...

06 Sentyabr 2020 20:01    686 Baxış   
Səndən başqa bir günah, savab istəmirəm ki...
Dominant.az yazar-jurnalst Mərahim Nəsibin yeni şeirini təqdim edir:

Əlim, qolum məst olub ayaqlarım dolaşır,
Yaxınlarım qarışır, uzaqlarım dolaşır.
Qətrəsi sərxoş edir, dodaqlarım dolaşır,
Məşuqun özü varkən, şərab istəmirəm ki.

Küsüb bu intizardan inləməmək də olmur,
Səni hər gizli yerdə ünləməmək də olmur.
Elə dərin susursan, dinləməmək də olmur,
Eşqə sükut yaraşır, cavab istəmirəm ki.

Sənin cəhənnəmin də, cənnətin də gözəldir,
Susaraq danışdığın söhbətin də gözəldir.
Vüsalın da gözəldir, həsrətin də gözəldir,
Bu sevgidən başqa bir əzab istəmirəm ki.

Sən mənə bir güzgüsən, baxıram sənə indi,
Çünki səndə itmişəm, varlığım da sənindi.
Bu elə bir təriqət, elə yol, elə dindi,
Onu oxuyandan ayrı kitab istəmirəm ki.

Könül səni qoruyub keşik çəkəndən bəri,
Sənin eşqin vücuda kəfən tikəndən bəri,
Bədənimi, ruhumu fəda edəndən bəri,
Səndən başqa bir günah, savab istəmirəm ki.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar