"Siyasilər arasında həmrəylik yox, yalnız mənfəət və ticarət olur"

21 Aprelel 2022 10:51    914 Baxış   
"Siyasilər arasında həmrəylik yox, yalnız mənfəət və ticarət olur"

Siyasi qüvvələr arasında heç zaman həmrəylik olmayıb. Yalnız reklam və təbliğat məqsədilə atılan addımlar olub. Siyasi liderlər üzlərinə mehriban ifadə verib uşaqlarla şəkil çəkdirirlər. Hətta imkan olduqda onları qucaqlarına alıb, başlarını sığallayıb, xoş sözlər deyirlər. Ancaq imkan düşən kimi elə həmin uşaqların yaşadığı ölkəyə hücum edirlər, başlarına bomba tökürlər, evləri raketlə vururlar. Nəzərə almırlar ki, bu qan-qırğın yaratdığı yerlərdə həmin uşaqlar yaralanır və yaxud da ölür. Ən azından başını sığalladığığı o uşaqlar yetim qalır. Ən yaxşı halda isə qaçqın düşüb, min bir məşəqqətlə elə uşaq vaxtından rastlaşmalı olurlar. Belə uşaq sevgisi, belə dostluq, belə həmrəylİk olur?
Bu gün Rusiyanın Ukraynaya öz ambisiyaları üçün etdiyi hücum hansı həmrəyliyə uyğun gəlir? Təsəvvür edin ki, hər iki ölkə xaçpərəst ölkəsidir, hər iki ölkə xristian cərəyanlarından olan provaslavdır. Katoloiklərlə provaslavlar arasında kəskin ziddiyyət, hətta tarixi düşmənçilik olduğunu bilirik, ancaq provaslavın bu şəkildə müharibə edəcəyini zənn etməzdik. Dildə dini, insanlığı, bərabərliyi, həmrəyliyi şüar edən Rusiya öz provaslav qardaşına bunu edirsə, demək deyilənlər ancaq yalandan ibarətdir.

Heç olmazsa pasxa günlərində müharibəyə müvəqqəti də olsa, fasilə verməyən zalımlar bir daha göstərir ki, din dövlətdə yalnız siyasi məqsədləri həyata keçirmək üçün vasitədir. Nə inanc deyil, nə din deyil, ancaq ticarətdir. Din tacirliyi edənlər təəssüf ki, milyonlarla kütlələri din yürütdüyünə, inanc daşıdığına, həmrəylik nağıllarına inandırırlar. Halbuki siyasilər arasında heç zaman həmrəylik olmur, yalnız mənfəət və ticarət olur. Bu mənfəət və ticarət uyğun gəlirsə, həmrəy ola bilirlər, uyğun gəlmirsə düşmən olurlar. Hətta qardaş olsalar belə bu heç nəyi dəyişmir. Rusiya-Ukrayna müharibəsindən çıxaracağımız bir dərs də budur.
Elə bu səbəbdən də heç zaman siyasi liderlərin nağıllarına inanmaq doğru deyil. Rusiyanın Ukraynaya hücumunun arxasında çox səbəb durur. İnşallah bu müharibədə Rusiya məğlub olacaq. Ancaq bu müharibədən yalnız Rusiya ilə bağlı deyil, bütün dünya liderləri ilə bağlı qənaət çıxarmaq lazımdır. Siyasəti yalan üzərində quranlar dünyanı bu gün bu vəziyyətə gətirib çıxarıblar. “Yalanın ömrü az olar”- deyiblər. Həmrəylik haqqında yalanların ömrünün az olduğu elə bu müharibədə də bir daha üzə çıxdı.

Atif İslamzadə,
Filologiya üzrə fəlsəfə doktoru, dosent



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar