“Taliban”ın qələbəsi Orta Asiyadakı hakimiyyətləri laxladacaqmı...

04 Sentyabr 2021 12:15    496 Baxış   
“Taliban”ın qələbəsi Orta Asiyadakı hakimiyyətləri laxladacaqmı...

Əfqanıstanda “Taliban” radikal dinçi hərəkatının 20 il sonra yenidən hakimiyyəti ələ alması bu günlərdə bir çoxları tərəfindən ABŞ-ın məğlubiyyəti və onun geosiyasi rəqiblərinin qələbəsi kimi dəyərləndirilir. Bu, bir tərəfdən həqiqətən belədir-ABŞ yüz milyardlarla, yaxud trilyonlarla dollar xərclədiyi Əfqanıstandan çıxmağa imkan tapmamış onun qurduğu hakimiyyət çökdü və taliblər sürətlə ölkəyə nəzarəti ələ alıb özlərinin başlıca müttəfiqinin Çin olduğunu elan etdilər.

Lakin ABŞ-ın digər başlıca geosiyasi rəqibi Rusiyanın sevinməsi üçün hələ tezdir. İndi “Taliban”ın Rusiyanın forpostu olan Mərkəzi Asiyada vəziyyətə necə təsir edəcəyinə baxmaq lazımdır. virtualaz.org qeyd edir ki, bu mövzu ilə bağlı fərqli təhlillər və qənaətlər var. Bir çoxlarına görə, “Taliban”ın hakimiyyətə gəlməsi Orta Asiya üzərindən Rusiyaya ciddi təhdid yaradacaq, digərlərinə görə isə narahat olmağa dəyməz. Çünki Orta Asiya respublikaları “Taliban”ın regiona sızmasının qarşısını ala biləcək gücdədir, digər tərəfdən isə taliblər indi daha mötədil görünməyə çalışırlar və Əfqanıstan sərhədlərindən kənarda işlərinin olmadığını deyirlər.

“Carnegie Moscow Center” analitik mərkəzinin hazırladığı təhlildə qeyd olunur ki, Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi regiona heç şübhəsiz yeni risklər yaradır, amma bütövlükdə Mərkəzi Asiya artıq 20 ildir xaosla qonşuluq edir və taliblərlə “işləmək” təcrübəsi var.

“Əlbəttə, Mərkəzi Asiyadakı hadisələrin sonrakı inkişafını dəqiq proqnozlaşdırmaq mümkün deyil, bir çox məsələlər ondan asılı olacaq ki, taliblər hansı kursu seçəcək və ümumən əfqan böhranı hansı istiqamətə yönələcək. Lakin elə indidən aydındır ki, taliblərin hakimiyyətə gəlişinin Orta Asiyada böhrana səbəb olacağı haqda fəlakət proqnozları regiondakı rejimlərin kövrəkliyi barədə yanlış təsəvvürlər üzərində qurulub”, - təhlildə deyilir.

“Carnegie Moscow Center” hesab edir ki, hələ 2000-ci illərin əvvəllərində Mərkəzi Asiya respublikalarının liderləri taliblərlə qonşuluq şəraitində yaşamağa uyğunlaşmağa çalışırdılar. Digər tərəfdən ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarmağa hazırlaşdığı illər əvvəldən məlum idi və nəticədə bu respublikalar öz sərhədlərini möhkəmləndirmək üçün kifayət qədər vaxt əldə etmişdilər. Məsələn, Özbəkistan çoxdan Əfqanıstanla sərhədlərinə iki sıra hasar və tikanlı məftillər çəkib, üstəlik sərhədi minalayıb. Bütün 150 kilometrlik sərhəd boyu daimi müşahidə altında olan yol çəkilib. Əfqanıstandan Özbəkistana keçmək üçün yeganə yol Termez-Hayraton körpüsüdür.

Tacikistanın Əfqanıstanla sərhədlərində vəziyyət isə bir qədər mürəkkəbdir. Bu sərhəd Özbəkistan-Əfqanıstan sərhədinin uzunluğundan az qala 10 dəfə çoxdur. Sərhəd təkcə Pənc çayından yox, həm də yüksək dağlıq ərazilərdən keçir. Belə sərhədi qorumaq çətindir, xüsusən də nəzərə alanda ki, tacik ordusu Orta Asiyada ən zəif ordu hesab edilir. Amma Tacikistanda Rusiyanın iri hərbi bazasının mövcudluğu vəziyyəti kompensasiya edə bilər. Habelə Vahan dəhlizində Çin xalq milisinin silahlı dəstələrinin sərhəd postu yerləşir, bəzi məlumatlara görə Hindistanın da Tacikistanın Əfqanıstanla sərhəddəki Farhor aeroportuna çıxışı var.

Türkmənistanın Əfqanıstanla sərhədi isə 800 kilometrə yaxındır, sərhəd əsasən səhradan keçir və ona nəzarət etmək asan məsələ deyil. Amma Əfqanıstanda vəziyyət pisləşməyə başlayandan sonra Aşqabad da sərhədlərini möhkəmləndirib və ora ağır hərbi texnika yeridib.

Regionun digər ölkələri də taliblərin mümkün həmləsinə qarşı hazırlıq görüblər. Özbəkistan və Tacikistan həm özləri ayrılıqda, həm Rusiya ilə birlikdə seriya hərbi təlimlər keçiriblər. Paralel olaraq Mərkəzi Asiya respublikaları Əfqanıstandakı bütün münaqişə tərəfləri ilə təmaslar qurur. Taliblərlə qeyri-rəsmi danışıqlar aparır. Hələlik təkcə “Tacikistan” hakimiyyəti “Taliban” hakimiyyəti ilə təmasa girmir. Orada prezident Emomali Rahmon cəmiyyətin millətçilik üzərində səfərbər edilməsi üçün istənilən imkandan istifadə edir. Bu yanaşma 2021-ci ilin aprelində Tacikistanla Qırğızıstan arasında sərhəd müharibəsinə səbəb olmuşdu.

İndi Rahmon özünü Əfqanıstan taciklərinin müdafiəçisi kimi təqdim edir və tələb edir ki, taliblər onları yeni hökumətin tərkibinə daxil etsin. Rahmon bildirir ki, Əfqanıstan əhalisinin 46 faizini etnik taciklər təşkil edir, hərçənd real olaraq taciklərin sayı 20 faizdən çox deyil. Bununla belə, hətta Rahmon belə taliblərlə açıq qarşıdurmaya getmir ə onların hakimiyyətlərini tanımaqdan imtina etmir.

Təhlildə deyilir ki, Əfqanıstandan qaçqın axınının Mərkəzi Asiya üçün təhdid təşkil etdiyi haqda proqnozlar da şişirdilib. Əslində Əfqanıstandan qaçqın axını on illərdir davam edir, onların bir hissəsi Mərkəzi Asiyaya keçsə də burada çox duruş gətirmirlər və İrana, Pakistana üz tuturlar. Bir çoxları isə inkişaf etmiş ölkələrə can atırlar.

Çünki Mərkəzi Asiya respublikalarının özlərinin əhalisi ölkələrini tərk edib dolanışıq dalınca başqa ölkələrə üz tuturlar. Regionda nə sanballı sosial proqramlar var, nə inkişaf etmiş bazar, nə də iş yerləri.

Bəs Əfqanıstandan qaynaqlanan radikal islam Mərkəzi Asiya ölkələri üçün nə dərəcədə təhlükəlidir? Mərkəzin təhlilində deyilir ki, bu təhdidi də şişirtmək lazım deyil. Doğrudur, regiondakı rejimlər öz populyarlıqları və effektivlikləri ilə fərqlənmir, amma bu o demək deyil ki, yerli cəmiyyətlər taliblərin uğurundan ruhlanıb öz ölkələrində də nəsə etməyə çalışacaqlar. Dini və etnik yaxınlığa baxmayaraq Əfqanıstan və Mərkəzi Asiya dövlətləri çoxdan tamam fərqli yollar tutublar, onların arasında bağlar çox azdır.

Digər tərəfdən Qırğızıstan istisna olmaqla region ölkələrinin hamısında dayanıqlı rejimlər hakimiyyətdədir, onların hakim elitaları sıx birləşib, dövlət zor üzərində inhisarını saxlayır, etirazların potensialı isə böyük deyil. Bu respublikaların əksəriyyətində radikal islamçılar uzun illərdir sərt təqib olunur, onlara baş qaldırmaq imkanı verilmir və nəticədə radikal islamçıların Əfqanıstanda baş verənlərdən ruhlanıb bu rejimləri təhdid etməsi imkanları çox aşağıdır.


(virtualaz.org)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar