Türkiyənin ən “dərin adamı” Mübarizin FETÖ ilə əlaqəsindən xəbər tutmayıb?

11 İyun 2020 15:09    1719 Baxış   
Türkiyənin ən “dərin adamı” Mübarizin FETÖ ilə əlaqəsindən xəbər tutmayıb?
Türkiyənin ən “dərin adamı” bundan necə xəbərdar olmayıb?

Bu sualı Türkiyənin tanınmış köşə yazarı Mehmet Yılmaz “Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olduğu” şübhəsiylə martın 17-də İstanbul məhkəməsi tərəfindən həbs edilən Azərbaycan əsilli Türkiyə vətəndaşı, iş adamı Mübariz Mənsimovla bağlı yazdığı məqalədə verib.

Bildiyiniz kimi, Mübariz Mənsimovun həbsi Azərbaycanda da geniş əks-səda doğurmuşdu, tez-tələsik yaradılan internet televiziyaları həbslə bağlı günlərlə canlı yayımlar vermişdilər. Çoxluq Mənsimovun həbsində Azərbaycan Dövlət Neft Şirkətinin gizli rolunun olduğunu düşünsə də, işin pərdə arxasını öyrənməyə maraq göstərməmişdilər. Bəzi qruplar isə Mənsimovun həbsinə görə Türkiyə prezidenti Ərdoğanın oğlunu və yaxın qohumlarını günahlandırmışdır. Çünki bir neçə il əvvəl Türkiyədə də qalmaqala səbəb olan xəbərə görə, Ərdoğanın oğlunun və yaxın qohumlarının iştirakıyla 2006-cı ilin oktyabrında Man adasında 2 funt-sterlinq sərmayə ilə qurulan bir şirkət, bir neçə gündən sonra Mübariz Mənsimova məxsus “Pal Shipping Trader One” şirkətini 25 milyon dollara satın almışdı. Pulun 7 milyon dolları Mənsimova nağd şəkildə verilmiş, qalan miqdar üçün isə Latviyanın Parex bankından 18 milyon 400 min dollar kredit alınmışdı.

Daha sonra Mübariz Mənsimov satdığı “Aghdash” (Ağdaş) gəmisini şirkətdən 2015-ci ilə qədər icarəyə götürmüşdü. Və maraqlıdır ki, gəmini satdığı “BUMERZ” şirkətinin kredit borcunu faiziylə birlikdə ödəməyi də öz öhdəsinə almışdı. Hazırda T24 saytında yazan Mehmet Yılmaz keçən həftə müflisləşmə xəbəri yayılan “Palmali” holdinqin sahibi Mübariz Mənsimovun, satdığı gəmini kredit borcları və faizləriylə icarəyə götürməsini “Siyasət tariximizə düşəcək iflas xəbəri” kimi xarakterizə edib. Mehmet Yılmazın gündəmə gətirdiyi başqa bir məsələ isə bir neçə il Mübariz Mənsimovun müşaviri olmuş, Türkiyənin keçmiş Daxili İşlər naziri, hazırda prezident Ərdoğana çox yaxın olan Mehmet Ağarın (oğlu Tolga Ağar AKP Elazığ millət vəkilidir) bu proseslərdə susmasıdır. Çünki 1990-cı illərin əvvəllərində Baş polis idarəsinin rəisi olmuş Mehmet Ağar o dövrdə baş vermiş cinayət hadisələrində məsuliyyətinə görə həbsdə yatsa da, çıxandan sonra prezident Ərdoğan ilə yaxın əlaqə yarada bilib. Hətta Türkiyənin polis təşkilatını nazir Süleyman Soylu ilə Mehmet Ağarın birgə idarə etdiklərinə dair iddialar da var.

Yəni, Mehmet Ağar Türkiyə dövlətində pərdəarxası gücə malik olan bir şəxs kimi tanınır. Hətta 15 iyul 2016-cı ildə FETÖ-nün dövlət çevrilişi cəhdinə dəstək verməkdə günahlandırılaraq həbs edilən İstanbul polis idarəsinin keçmiş rəisi Hüseyin Çapkın 2 il həbsdə qalandan sonra məhkəmədə Mehmet Ağarın “Mən ona zaminəm, çevriliş cəhdində iştirak etməyib”- sözündən sonra azad edilib. Mehmet Yılmaz da hazırda dövlət içində bu qədər gücü olan Mehmet Ağarın bir vaxtlar müşaviri olduğu Mübariz Mənsimovla bağlı cərəyan edən proseslərdə niyə susduğunu soruşur.

Qeyd etmək yerinə düşər ki, “Hürriyet”qəzetində yazdığı vaxtlarda Mehmet Yılmaz Bodrum limanına gedən küçənin ilin son günlərində Mübariz Mənsimov tərəfindən böyük miqdarda pul xərclənərək çilçırağa büründürülməsinin səbəbini və xərclənən pulun mənşəyini də gündəmə gətirib. Maraqlıdıır ki,Mənsimovun Bodrumun Yalıkavak qəsəbəsində yerləşən yaxta limanı 2018-ci ilin avqustunda rəsmi şəkildə məhz Mehmet Ağarın oğlu Tolga Ağarın sahibliyinə keçib.

Həqiqətənmi Türkiyənin keçmiş Daxili İşlər naziri Mehmet Ağar gücünü qoysa, bir vaxtlar müşaviri olduğu Mübariz Mənsimovu da həbsdən azad etdirə bilər? Mehmet Yılmazın da soruşduğu kimi, Mübariz Mənsimovun FETÖ ilə əlaqəsi olubsa, Mehmet Ağar, təxminən, 5 il bundan necə xəbər tutmayıb?

Dominant.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar