Vəsatətin təmin olunmaması istənilib - Məhkəmə başqa vaxta təyin edildi

20 İyun 2022 15:30    2140 Baxış   
Vəsatətin təmin olunmaması istənilib -  Məhkəmə başqa vaxta təyin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Dominant.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış edən Vilyam Hacıyevin vəkili Elmar Kərimov sənədlərin tədqiqi zamanı elan edilən yoxlama aktları ilə bağlı məhkəməyə ekspert çağırılmasını istəyib.

Vəkil sənədlərdə görülən işlər zamanı mənimsəmə kimi göstərilən məbləğin ehtimallar üzərində müəyyən edildiyini deyib. Dövlət ittihamçısı vəkilin dediklərini təkzib edərək vəsatətin təmin olunmamasını istəyib:

"Bütün yoxlamalar düzgün aparılıb, yoxlama aktlarında da hər hansı qeyri-obyektivlik müşahidə olunmur".

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, vəsatətə növbəti prosesdə münasibət bildiriləcək. Proses iyunun 24-ə təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar