Vətəndaşdan Prezidentə müraciət: "Xahiş edirəm, məmurlar kimi, məni də qəbul edəsiniz"

24 Sentyabr 2021 21:17    617 Baxış   
Vətəndaşdan Prezidentə müraciət:  "Xahiş edirəm, məmurlar kimi, məni də qəbul edəsiniz"

Jurnalist Aygün Paşayeva Prezident İlham Əliyevə muraciət edib. A.Paşayevanın Dominant.az-a göndərdiyi müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Prezidenti İlham Əliyevə!

Hörmətli, Cənab Prezident!

İşlərinizin çox və gərgin olmağı, Vətənimizin bu günü və sabahı üçün davamlı və məsuliyyətli çalışmalarınız danılmazdır. Çox vacib və mənim üçün önəmli bir məsələyə görə Sizin mənə vaxt ayıra biləcəyiniz ümidindəyəm. Xahiş edirəm ki, məni qəbul edib dinləyəsiniz. Məmurları qəbul edib dinləyirsiniz, ölkə vətəndaşlarını da qəbul edib, dinləməyiniz arzuolunandır. Məmurlardan fərqli olaraq, vətəndaşların sizə doğru-dürüst məlumat verəcəyindən əsla şübhəniz olmasın!

Maliyyə Nazirliyi tərəfindən hüquqlarım artıq 22 ildir ki, kobudcasına pozulub! Sabiq nazir Fikrət Yusifovun mənimlə bağlı keçirdiyi kollegiya qərarı yoxa çıxıb, həmin səbəbdən də əmək kitabçamı bu vaxtadək ala bilməmişəm. Mənə tətbiq olunan qanunsuzluğun başında 1999-2019-cu illərdə aparat rəhbəri vəzifəsində işləmiş Namiq Süleymanov dayanıb! N.Süleymanovla mübarizə aparmağa gücüm çatmırdı! Sabiq nazir Əvəz Ələkbərovun vaxtında, N.Süleymanov məni Nazirliyin binasına buraxmırdı! Məni polislə, əbslə hədələyirdi!

2018-ci ilin sentyabr ayında nazir Samir Şərifovun qəbulunda oldum və N.Süleymanovun qanunsuz əməlləri barədə ətraflı məlumat verdim. Nazir, müraciətimi araşdırıb, yenidən kollegiya iclası keçirilməsi haqqında, hüquq şöbəsinin rəisinə göstəriş verdi. Hüquq şöbəsinin rəisi isə N.Süleymanovun qorxusundan işə obyektiv baxmadı! Təqdim etdiyim sübutları araşdırmadı! Maliyyə Nazirliyində nazir Samir Şərifovdan tutmuş, hər kəs mənim haqlı olduğumu bilir. Bütün instansiyalara şikayət etmişəm! Məhkəmələr Samir Şərifovdan qorxur! Hətta Dövlət Təhlükəsizlik Xidmətinə açıq mətbuat vasitəsilə müraciət etdim ki, Maliyyə Nazirliyində baş verən qanunsuz əməllər haqqında sizə məlumat versinlər. Lakin müraciətim nəzərə alınmadı. Bütün aidiyyəti qurumlar Samir Şərifovdan qorxaraq, mənim məsələmə obyektiv baxmırlarsa, mən nə etməliyəm?!

Cənab Prezident!

Sabiq nazir Əvəz Ələkbərov və N.Süleymanovun mənə qarşı etdikləri saxtakarlıqlar araşdırma zamanı tam sübuta yetirilib. İndi aidiyyəti qurumlardan tələbim odur ki, işlədiyim dövrə aid əmək kitabçam mənə təqdim edilsin, əmək müqaviləmin bağlandığı tarix, qanunsuz və əsassız olaraq işdən azad olunduğum gündən hesablansın. Nəzərə alın ki,mən bir anayam və övladıma yaşadığım ölkə, onun vətəndaşları, rəhbərləri haqqında xoş hisslər aşılayıb, onda xoş duyğular oyatmalıyam. Uzun illərdir ki, uğradığım bu qanunsuzluq həyatıma maddi və mənəvi zərbə vurub, sağlamlığıma mənfi təsir edib.

Cənab Prezident!

Xahiş edirəm, məni şəxsən qəbul edib dinləyəsiniz! Yeganə ümidim Sizədir, mənə az da olsa həqiqətləri deməyə vaxt ayırasınız. Müraciətimlə bağlı müstəqil işçi qrupu yaradılaraq, tam obyektiv baxılması haqqında göstəriş verəsiniz. Vətəndaşın müraciəti əsasında onu qəbul edib, dinləməyiniz ölkə tarixin də bir ilk olar. Bu, həm də Sizin apardığınız islahatlara gerçək bir nümunə olar. Postsovet ölkələrinə isə nümunə olacaq dövlət başçısı olarsınız. Güman edirəm, mən zənnimdə yanılmayacağam, istəyimə uyğun addım atacağınıza böyük inamım var".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar