"Xəstəlik irəlilədikcə təngnəfəslik, ağciyərdə sancılar başlayır" - Evdə müalicə olunmuş koronaviruslu xəstə danışır

29 İyun 2020 10:34    864 Baxış   
"Xəstəlik irəlilədikcə təngnəfəslik, ağciyərdə sancılar başlayır" -  Evdə müalicə olunmuş koronaviruslu xəstə danışır
"Bu dövrdə izolyasiya olunmalıyıq və izolyasiyadan sonra ardıcıl 72 saat xəstəliyin heç bir simptomu olmasa, virus bədənimizdən çıxmış sayıla bilər"

Bunu indiyədək yaşadığı ən qorxulu təcrübə sayır. Qorxunun isə əsasən xəbər saytlarından gəldiyini deyir. Düşünür ki, koronavirus haqqında bilgisi olmasaydı, bəlkə bu qədər qorxu hissi keçirməzdi.

Dominant.az Lalə Musaqızının Kanadanın Toronto şəhərində yaşayan Elvin P.Əliyevlə COVID-19-a yoluxması, xəstəliyin əlamətləri, müalicəsi və s. barədə müsahibəsini təqdim edir.

Həmyerlimiz Moirai Reach şirkətində biznes immiqrasiya ilə məşğuldur.

- Elvin bəy, necə oldu ki, COVİD-19-a yoluxduğunuzdan şübhələndiniz?

- Mart ayının əvvəlində dostumla birlikdə Nyu-Yorka getdik. Həmin vaxt Kanadayla Amerika arasındakı sərhəd hələ bağlanmamışdı, Nyu-Yorkda vəziyyət o qədər də gərgin deyildi. Martın ortasında Nyu Yorkdaykən mənimlə dostumun temperaturumuz yavaş-yavaş qalxmağa başladı. Amma 37.2-dən çox olmurdu. O vaxt xəbər saytlarında, sosial şəbəkələrdə koronavirusun ilkin əlamətləri barədə elə də geniş məlumat getmədiyindən, elə bilirdik, yalnız nəfəsalmada problem yaranırsa, COVİD-19-dan şübhələnmək lazımdır. Fikirləşdik ki, adi qripdir, bir az da boğazımız quruyur, heç bir problem olmaz. Beləcə, bütün Nyu-Yorku gəzdik. 5-6 gündən sonra geriyə Torontoya qayıtdıq. Temperaturumuz qalxmağa başladı. Torontoya gələndən bir gün sonra həkimə getdik. Protokollara əsasən, hərarətimiz 38 dərəcəyə çatmadığı üçün bizi test etmədilər. Dedilər ki, temperaturunuz 38-ə çatsa, yenidən gəlin. İki-üç gün keçəndən sonra temperaturumuz qalxdı və dostumla birlikdə yenidən COVID-19 test mərkəzinə getdik. Bu dəfə test etdilər və onu da qeyd etdilər ki, cavab pozitiv çıxsa belə, bizi hospitala yerləşdirməyəcəklər. Səbəb kimi də göstərdilər ki, yaşımıza və xəstəlik tarixçəmizə əsasən, risk qrupuna daxil deyilik, xəstəliyi asanlıqla keçirəcəyik. Sabahısı gün günorta COVID-19-a yoluxmağımızla bağlı cavab gəldi və dedilər ki, evdə izolyasiya olunmalıyıq.



- Həkimlərin sizinlə davranışı necə idi? Panika var idi?

- Xeyr, həkimlərdə panika görmədim. Onlar sakitcə, israrla bizi inandırmağa çalışırdılar ki, bizim üçün koronavirus o qədər də qorxulu deyil. Çünki gəncik və şəkərimiz, ürəyimizdə problem və s. yoxdur. Buna görə nəfəsalmada problem yaşamayacağımıza bizi inandırdılar. Əlavə etdilər ki, yerlər kifayət qədər olmadığı üçün hospitala yalnız nəfəs yollarında problem yaşayan, oksigen aparatına ehtiyacı olan insanları qəbul edirlər. Sözün açığı, xəstəliyə yoluxduğuma o qədər inanmasam da, içimdə bir az qorxu hissi olduğundan, məni hospitala qəbul etmələrini israr etdim. Səbrlə başa saldılar ki, hospitalda yatmaqla evdə xəstəliyi keçirməyin heç bir fərqi yoxdur. Çünki xəstəliyin müalicəsi yoxdur, hospitalda da yatsam, heç bir dərman verilməyəcək. Dedilər ki, xəstəlik 14-18 gün çəkir. Bu dövrü, izolyasiya olunmalıyıq və izolyasiyadan sonra ardıcıl 72 saat xəstəliyin heç bir simptomu olmasa, virus bədənimizdən çıxmış sayıla bilər. Bir də həkimim başa saldı ki, bədənin hərarətini süni yolla aşağı salmaq məsləhət deyil. Temperatur bədənə daxil olan yad cismə qarşı bədənin reaksiyasıdır və qalxdıqca immunitet artır. İmmunitet nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Buna görə də həkimim məsləhət gördü ki, narahatçılıq törətməsə, bədənin hərarətini aşağı salan dərmanlara ehtiyac yoxdur. Bədənimin virusla mübarizə aparması üçün həkimin dediyinə riayət elədim və bir dəfə də qızdırma əleyhinə dərman atmadım.

- Koronavirusa yoluxduğunuza əmin oldunuz və ilk gördüyünüz tədbir nə oldu?

- Hospitaldan öz maşınızmızla evə qayıtdıq və özümüzü izolyasiya etdik, qablarımıza qədər hər şeyi ayırdıq. Düşündük ki, bəlkə birimiz çətin keçirəcəyik, heç nəyimiz bir-birinə qarışmasın.

- Xəstəliyin əlamətləri barədə ətraflı danışa bilərsinizmi? Etap-etap özünüzdə hansı əlamətləri hiss etdiniz?

- İlkin əlamət olaraq, baş gicəllənməsi, ağız quruluğu, çox zəif temperatur oldu. Bu, bir neçə gün davam etdi. 6 gündən sonra temperaturum 38-ə qalxdı, yavaş-yavaş sümüklərimdə ağrılar başladı. Sümüklərimin ağrısı getdikcə şiddətləndi. Növbəti etapda özümü çox yorğun hiss edirdim, 5 gün dalbadal yataqdan, demək olar, qalxa bilmədim. Duranda da yatağım su içində olurdu. Çox pis tərləyirdim. Ondan sonra ağ ciyərimdə sancılar və sancılardan sonra quru öskürək və bir azca təngnəfəslik başladı. Öskürəyim bir həftə çəkdi və sonra yavaş-yavaş azalmağa başladı. Özümü o qədər yorğun hiss edirdim ki, səhərlər durub adi yumurta qayğanağı etmək belə, ağır, yorucu gəlirdi. Elə bil, 15 saat fiziki işlə məşğul olmuşdum. Evdə 10 pilləsi olan bir mərtəbəni aşağıya enib yenidən yuxarı qalxanda, sanki 9-cu mərtəyə piyada çıxmış kimi hiss edrdim. Ürəyimin döyüntüsü 92-98 arasında olurdu. Hər dəfə ürək döyüntüm artdıqda "Qaynar xətt"ə - "Telehealth" xidmətinə zəng vururdum, onlar məni sorğu-sual edirdilər və Təcili yardıma zəng etməyimə ehtiyac olub olmadığını müəyyənləşdirirdilər. Telehealth xidmətinin nəticələrinə görə, 911-ə zəng vurası olmadım. Çox şadam ki, gərgin vəziyyətə düşmədim. Amma xəstəliyin bu mərhələsində çox adam nəfəs çatışmazlığından hospitala getməli olur. Bundan başqa, ağızda dadbilmə qabiliyyəti itir. Duzun, istiotun, limonun fərqini bilmirsən. Adi qripdə dadbilmə azca itir, yemək adama bir az dadsız gəlir. Amma koronovirisda bütün yediklərin eyni dad verir, elə bil "qupka" yeyirsən. Qoxu qabiliyyəti də itir. Ən ağır adekolonun qoxusunu da hiss etmirdim. Üstündən 21 gün keçib, hələ də dadbilməm və qoxu hissim qayıtmayıb. Onu da qeyd edim ki, xəstəliyin bütün etaplarında çoxlu su içirdim. Ağzım o qədər quruyurdu ki, elə bil damağımda çat yaranmışdı. Yuxudan ayılıb su içir, yatırdım. İştaham tamamilə öldüyündən 4-5 gün yemək yeyə bilmədim. Ondan sonra yavaş-yavaş iştaham qayıtdı.

- Feysbukda yazdığınıza görə, bu, indiyədək yaşadığınız ən qorxulu təcrübə olub. Xəstəliyin hansı etapı sizinçün dözülməz idi?

- Bu, həqiqətən mənim üçün ən qorxulu təcrübə idi. Doğrusu, qorxu mənə əsasən xəbər saytlarından gəlirdi. Mənə elə gəlir ki, əgər koronavirus haqqında bilgim olmasaydı, bəlkə də bu qədər qorxu hissi keçirməzdim. Bilməsəydim ki, bu xəstəlikdən ölənlər, nəfəs çatışmazlığından boğulanlar olur, qorxmazdım. Xəstəliyin ən qorxulu hissəsi təngnəfəlik problemini yaşayanda başladı. Bu, o etapdır ki, immunitetin zəifdirsə, nəfəsalma problemin şiddətlənir, şiddətləndikcə artıq özün nəfəs ala bilmirsən və səni oksigen aparatına qoşurlar. Şükürlər olsun ki, məndə vəziyyət o həddə çatmadı. Amma təngnəfəslik başlayanda həyəcan keçirməyə, TeleHealth xidmətinə tez-tez zəng etməyə başladım. Saatlarla sözügedən xidmətin tibb personalına təngnəfəsliyim haqqında danışırdım. Amma onların dediklərinə görə, adi təngnəfəslik idi. Yəni bizim yaş qrupundakı insanlar bu təngnəfəsliyi hiss edir, amma təngnəfəslik tez də aradan qalxır. Elə də oldu. 4-5 gündən sonra təngnəfəslik problemim yavaş-yavaş azalmağa başladı. KİV-dən əldə etdiyim informasiyaların sayəsində həmin 4-5 gün ərzində ən həyəcanlı, qorxulu hissləri keçirdim.

- Halsızlıqdan bir neçə gün ayağa qalxa bilmədiyinizi dediniz. Qulluq edən var idimi evdə?

- Xeyr, dostum da, mən də özümüz özümüzə qulluq edirdik. Halsızlıq 4-5 gün çəkdi. Səhər yeməyini yeyirdik, günorta yeməyini heç yemirdik. Elə günlər olurdu ki, ümumiyyətlə, yemək yemirdik, adicə suyla keçinirdik. Çünki iştahamız yox idi. Koronavirusdan qabaq soyuducumuzu doldurmuşduq, ərzağımız kifayət qədər idi. Buna görə köməyə o qədər də ehtiyacımız yox idi. Yalnız dostlarımız meyvə-tərəvəz alıb qapıya qoyub gedirdilər.

- Həkimlər xəstəliklə mübarizə aparmaq üçün nə etməyinizi məsləhət görürdülər? Və siz nələr etdiniz? Təcrübənizi bölüşərdiniz, zəhmət olmasa...

- Həkimlər immunitetimizin güclənməsi üçün gün ərzində imkan dərəcəsində çoxlu su içməyimizi tövsiyə edirdilər. Suyu onsuz da içməli olursan, ağız elə quruyur ki, istəsən də, istəməsən də içməlisən. Bütün günü sel kimi tərlədiyin üçün içdiyin su tər vasitəsilə çıxır və bədən yenidən su tələb edir. Buna səbəbdən suyu məcburən yox, ehtiyacdan içirdik. Həkim heç bir dərman, yaxud vitamin yazmamışdı. Xəstəliyin heç bir müalicəsi, dərmanı yoxdur. Xəstəlik qurtarandan sonra özümüzü zəif hiss etdiyimiz üçün vitamin kompleksi içirik.

- Elvin bəy, evdən çıxıb çıxmamağınızı öyrənmək üçün sizə hansısa formada nəzarət var idi? Ümumiyyətlə, tibb personalı mütəmadi olaraq sizinlə əlaqə saxlayırdı?

- Xeyr, tibb işçiləri özləri sizə zəng edib nəsə xəbər almırlar. Siz özünüz sualınız olanda zəng vurmalısınız. Onlar inanırlar ki, siz özünüz özünüzü izolyasiya edəcəksiniz və küçəyə çıxmayacaqsınız. Belə başa düşdüm ki, Kanada hökuməti bu işə çox liberal yanaşır və inanır ki, qarantin müddətində vətəndaş izolyasiyadan çıxmayacaq. Amma onu da deyim ki, koronaviruslu adam qarantin müddətində çölə çıxsa belə, heç kimin xəbəri olmaz.

- Nə qədər müddət çəkdi özünüzü izolyasiya etməyiniz?

- Amerikadan Torontoya qayıdandan iki gün sonra, martın 15-dən etibarən evdə oturduq. İzolyasiya müddəti 20-22 gün çəkdi, 4-5 gün əvvələ kimi heç yana çıxmırdıq. İndi də izolyasiyada sayılırıq. Çünki şəhərdə kafe-restoranlar, əksər yerlər bağlıdır. Çıxmağa yerimiz olmadığı, həm də onlayn qaydada işlədiyimiz üçün izolyasiyadakı kimiyik. Yalnız 3 gün əvvəl bazarlığa çıxmışıq.

- Sağalandan sonra həkim müayinəsindən keçdiniz? Ağ ciyərlərinizi yoxlatdınız?

- Həkimlərlə çox ünsiyyətdə olduğum üçün belə başa düşdüm ki, həkimlər adətən gənc yaşda olanları test etmirlər və testləri bu cür insanlara xərcləmirlər. İlk dəfə test üçün mərkəzə üz tutanda bizə izah etdilər ki, risk qrupuna daxil olmayan insanları adətən test etmirlər. İkinci dəfə gedəndə bizi Nyu-Yorkdan qayıtdığımız üçün test etdilər. Çünki xaricdən gəlmişdik və həmin vaxt xaricdən gələn adamları test edirdilər, Kanadada olan aşağı risk qrupuna aid insanları test etmirdilər. Bildiyimə görə, indi artıq xaricdən gəlmək də risk sayılmır. Əgər cavansınızsa, risk qrupuna aidiyyatınız yoxdursa, xaricdən gəlsəniz belə, artıq sizi test etmirlər. Sağalanda da heç bir test olmadı. Onların dediyinə görə, 72 saat simptomsuz olduğumuz üçün artıq sağalmış hesab olunuruq. Ağciyərlərimi yoxlatdırmağı planlaşdırıram. İnternetdən oxuduğum məlumatlardan belə başa düşdüm ki, ağ ciyərlərdə həmişəlik problem yarana bilər. Hazırda hospitallar xaric, kiçik klinikaların (walk-in clinik) hamısı bağlıdır. Həkimlə yalnız telefonla danışmaq olur. Gözləyirəm ki, vəziyyət bir az düzəlsin, ağciyərlərimi yoxlatdıracağam. Problem olsa, lazımi müalicə götürəcəm.

- Elvin bəy, yəqin həkimlərdən soruşmusunuz, sizin bir də bu virusa yoluxmağınız mümkündür?

- Həkimlərin dediyinə görə, ikinci dəfə sözügedən virusa yoluxa bilmərik. Çində 2-3 nəfərin yenidən tutulduğu haqda məlumat var. Amma o da deyilir ki, test düzgün, standartlara uyğun keçirilmədiyinə görə ola bilər. Bizim həkimlər virus anlayışını nəzərə alaraq,ikinci dəfə bu xəstəliyə yoluxmayacağımızı dedilər. Bu haqda bir az araşdırma etdim. Virus mutasiya etməsə, biz ikinci dəfə bu virusa yoluxa bilmərik. İndiyə qədər oxuduğum elmi xəbər saytlarına görə, virus hələ də mutasiya etməyib. Mutasiya etmədiyi üçün biz hazırda küçəyə sərbəst, əlcəksiz, maskasız çıxırıq.

- Çoxları düşünür ki, heç vaxt koronavirus onlara yaxın düşməz, siz necə, belə düşünürdünüz? Bir də virusa yoluxmamışdan əvvəl özünüzü ictimai yerlərdə qoruyurdunuzmu? Əlcək, maska və s. nəzərdə tuturam.

- Tövsiyə olunan bütün özünüqoruma metodlarına riayət edirdik. Maska, əlcək taxırdıq. Amma doğrusu, adam inana bilmir ki, virusa özü də yoluxa bilər. Testim pozitiv çıxanda belə, düşünürdüm ki, bəlkə testdə problem var, necə ola bilər ki, mən bu virusa yoluxum. Amma zaman keçdikcə, xəstəlik inkişaf etdikcə, təngnəfəslik, ağciyərdə sancılar... Artıq COVID-19-a yaxalandığını anlayırsan.

- Xəstəliyin ilkin əlamətlərindən nə qədər vaxt keçib və hazırda özünüzü necə hiss edirsiniz? Hansısa əlamət qalıb?

- Xəstəliyin ilkin əlamətlərindən, təxminən 26-27 gün keçib. Artıq özümü yaxşı hiss edirəm. Yeganə problem dadbilmə və qoxubilmə hissimin hələ qayıtmamağıdır. Amma indi duz, istiot və limonun dadındakı fərqi hiss edirəm. Ümumilikdə dadları ayırd edə bilmirəm. Başqa əlamətlər yox olub , özümü çox gümrah hiss edirəm.

- Sizinlə yanaşı, dostunuzun da COVİD-19-a yoluxduğunu dediniz. Xəstəliyin əlamətləri baxımından sizinlə onun arasında hansı fərqlər var idi?

- Bizdə xəstəliyin simptomları, inkişafı eyni gedirdi. Yeganə fərq, dostumda ağ ciyərdə sancılar və təngnəfəslik olmadı. Qalan bütün əlamətlər ikimizdə də eyni idi. Həkimlərimiz fərqli idi. İkimizə də eyni məsləhətlər verilmişdi. Yalnız ona həkim deməmişdi ki, narahatlıq keçirmədiyi halda temperaturu aşağı salan dərmanlara ehtiyac yoxdur. Buna görə də o, sakitcə temperaturu aşağı salan dərman qəbul edirdi, mən etmirdim.

- Son olaraq insanlara nə tövsiyə edərdiniz?

- Evdə otursunlar, qarantinə, özünü izolyasiyaya inansınlar. Virus gözlə görünmür. Buna görə də bir çox insan düşünür ki, bu, yalandır. Bu xəstəlik var, heç də yüngül xəstəlik deyil. Əgər 34 yaşımda mən bu xəstəliyi belə çətin keçirdimsə, o zaman immuniteti zəif olan, bir az yaşlılar, hansısa xroniki xəstəlikdən əziyyət çəkənlər çox pis keçirə bilərlər. Buna görə də yaşlı insanlara tövsiyəm budur ki, ümumiyyətələ, evdən bayıra çıxmasınlar. Anamla atam Azərbaycandadır. Onlara israrla demişəm ki, küçəyə çıxmasınlar, heç kimlə də gediş-gəliş etməsinlər, yeməyi, ərzağı da bacım onların qapısına gətirsin. Gənclər risk qrupuna daxil deyillər, amma çölə çıxıb virusun yayılmasına səbəb olurlar. Çünki virus küçədə, divarda, ağacın üzərində deyil, insanıarın içində yaşayır, insan bədəninin içində törəyir və virusu da yayan insanlardır. Buna görə də insanlar bir-birləri ilə nə qədər məsafə saxlasalar, bir o qədər virusun qarşısını almış olarlar. Tövsiyəm odur ki, hökumətin tədbirlərinə uyğun hərəkət etsinlər. İmkan dərəcəsində evdə otursunlar, vacib bir şey olmadıqca küçəyə çıxmasınlar.

Lalə MUSAQIZI


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar