Yaşar Demirbulak 12 minlik Azərbaycan Ordusunu hazır vəziyyətə gətirmişdi - Həmin ruhun düz özü

08 Noyabr 2020 22:39    3063 Baxış   
Yaşar Demirbulak 12 minlik Azərbaycan Ordusunu hazır vəziyyətə gətirmişdi -   Həmin ruhun düz özü

Əmin olun ki, Şuşanın azad edilməsi 1992-1994 və 2020 savaşlarında “tərtəmiz alnından vurulub torpağa düşənlərimiz” qədər onların da ruhlarını şad etdi: Ahmet Ağaoğlu, Sitare Ağaoğlu (Vezirzade), Süreyya Ağaoğlu, Gültekin Ağaoğlu, Samet Ağaoğlu, Ramiz Qəmbərov, İntiqam Abdullayev və....Yaşar Demirbulak.
20 aprel 1991-də axşam Dilarə Əliyeva ilə Aydın Məmmədovun ölüm xəbəri gələndə vurnuxmadan özümüzə yer tapa bilməmişdik. Ertəsi gün mehmanxana otağındakı söhbətin mövzusu Dilara xanımla Aydın bəy olsa da, həm SSRİ-dəki, həm də Azərbaycandakı siyasi vəziyyət barədə də ətraflı danışmışdıq. Professor Kamil Vəli onun suallarını cavablandırmışdı. Oğluyla Moskvaya, oradan Bakıya gəlmişdilər...

İstanbulun Çağlayan səmtindəki məhkəmə binasının işıqları FETÖ-nün prokuroru Zekeriya Özün təlimatıyla söndürülmüşdü. Zifri qaranlıqda uçurum kimi pilləkənlərdən enərkən göz-gözü görmürdü, ayağımız azacıq sürüşsə, ən az 50 metrlik boşluğa düşəcəkdik. Ümidsiz halda çıxdığımız məhkəməni izləməyə gələn yaşlı bir qadına, “Bura çox təhlükəlidir, qoluma girə bilərsiniz”- deyə təklif edəndə, “Əslində, mən sizə demək istəyirdim, məmnuniyyətlə”- deyərək qoluma girdi.

“Siz ordu generalı Bilgin Balanlının xanımısınız?”
“Bəli. Hardan bildiniz. Bəs siz kimsiniz?”
“Hava qüvvələri komandanlığına yeganə namizədin tutulması Türkiyə üçün dəhşətli nəticələr doğura bilər”.
“Ərim Moskvada hərbi attaşe olanda Bakıya bir neçə dəfə getmişdik. Lütfən, ərimə qarşı edilən ağlasığmaz haqsızlıqları siz də yazın, Azərbaycan oxusun”.


Böyük ehtimalla, Türkiyənin Moskvadakı hərbi attaşesi (1989-1992) Bilgin Balanlıyla görüşmüş, o vaxt polkovnik rütbəsndə olan Bilgin Balanlı 1988-ci ildə Hava qüvvələri komandanlığında pensiyaya çıxan general-leytenant Yaşar Demirbulakın önündə ayağını cütləyərək təzim etmişdi. 2009-cu ildə ordu generalı rütbəsinə yüksələn Bilgin Balanlı 31 may 2011-ci ildə həyasızca yazılmış bir ssenariylə həbs edilib hava qüvvələri komandanı olması əngəllənmiş, məhkəmə 20 il həbs cəzası verəndən 2-3 ay sonra, sanki heç nə olmayıbmış kimi azad edilmişdi...



İstefada olan general-leytenant Yaşar Demirbulak Azərbaycana ikinci dəfə 1992-ci ilin iyulunda gəldi. Prezident Əbülfəz Elçibəy Qara Dəniz İqtisadi Əməkdaşlıq Birliyinin quruluş iclasında iştirak etmək üçün iyunun 25-də İstanbulda olanda Yaşar paşa Ankaradan gələrək Elçibəyə “Vətən torpaqlarımızın azad edilməsi və yeni ordu qurulması prosesində könüllü iştirak etmək istəyirəm”- demiş, prezidentin razılığını alandan sonra iyulun əvvəlində Bakıya gəlmişdi. Böyük qardaşım kimi hörmətini saxladığım Selçuk Alkın ilə dövlət qonaq evinə gedib “Xoş gəldiniz”- dedik. General Demirbulak prezidentin qəbuluna gedib qayıdandan sonra Selçuk ağabəy mənə “Etibarlı adam azdır, Yaşar paşa səni özünə köməkçi götürəcək, etiraz etmə”- dedi.

“Etimadınıza görə çox minnətdaram, paşam. Ancaq mən doktorluq dissertasiyamı yazıram, hədəfim 5 ildən sonra professor olmaqdır”.
“Biz evimizi-eşiyimizi atıb könüllü xidmətə gəlmişik, etiraza icazə vermirəm”.

Müdaifə Nazirliyindən podpolkovnik İntiqam Abdullayevi seçib gətirdi. Şənbə-bazar, gecə-gündüz demədən çalışmağa başladıq. İlk hədəf - Milli Ordu Doktrinasını hazırlamaq idi. Bilgisayar otağında tək bilgisayar vardı, ondan təkcə Ulduz xanım istifadə edə bilirdi. Yaşar paşa Doktrinanın maddələrini yazdıqca mənə verir, Ulduz xanım bilgisayar otağına gələndən sonra qapını arxadan kilidləyərək Yaşar paşanın yazdıqlarını alçaq səslə Azərbaycan dilində ona diqtə edir, iş bitəndən sonra qapını möhkəm kilidləyib vərəqləri Yaşar paşaya aparırdım. Otağa Ulduz xanımla məndən başqa heç kim girə bilmirdi...

Masasının arxasında bir anda ayağa qalxınca, “Bəli, hörmətli prezident, əmr edin. Gözləyirəm, buyurub gəlsin”- dedi, çıxmamağım üçün mənə işarə etdi. Laçın könüllü batalyonunun komandiri Arif Paşayev gətirdiyi xəritəni masanın üstünə açıb, “Reyd briqadamla sərhədin o tərəfinə keçib bu tərəfə hücum etməyi, Laçını geri alandan sonra Şuşaya hərəkət etməyi planlaşdırmışam”- deyir, təfərrüatları izah edirdi.

“Düşmən o dağlara toplar yerləşdirib, əsgərləri qırğına verərsən. Milli ordu quruculuğuna başlayırıq, səbrlə gözləməliyik”.

Hərbi məsələlər üzrə prezidentin müşaviri olsa da, müdafiə naziri Rəhim Qazıyev onun gəlməsindən ən çox narahatlıq keçirən adam idi. Milli Ordu Doktrinasının Təhlükəsizlik Şurasındakı müzakirəsinə gedəndə mənə, “İclas gec qurtara bilər, məni gözlə”- dedi. Uzun sürən iclasdan otağına əsəbi şəkildə qayıtdı.

“Milli Ordu Doktrinamızda Türkiyə ilə sıx əməkdaşlıq nəzərdə tutulur. Rəhim dedi ki, siz NATO-nun köləsisiniz, biz sizin kimi kölə olmayacağıq. Ayağa qalxıb “kölə sənin o boş beynindir”- dedim, vurmaq istəyəndə araya İsgəndər girdi”.

Yaşar paşadan bir neçə gün sonra general Osman Ilgaz gəldi. Türkiyənin Bakıdakı səfirliyinin rəsmi hərbi attaşesi polkovnik-leytenant Hamid Moğolkoç idi, elə o günlərdə səfirliyə başqa bir hərbçi də vəzifəyə göndərildi: general-leytenant Halil Kalaycıoğlu (o da Karsın Kağızman rayonundan idi) Halil paşa mənə, “Baş qərargah rəisimiz, ordu generalı Doğan Güreş paşa Azərbaycan üçün ölür. Nə istəsək, verəcək” - demişdi, həftədə 1 dəfə təyyarə ilə göndərilən əşyaları almaq üçün aerporta birgə gedirdik. Yaşar paşanın və səfirliyin Ankaradan təcili silah-sursat tələblərinə hökumət başçısı Süleyman Demirel uzun müddət səssiz qalsa da ordu generalı Doğan Güreş bütün imkanları səfərbər edərək dəstək verirdi. General Demirbulakın planına görə, 1) Ön cəbhədə can-başla savaşan könüllü qüvvələr gedə bildikləri yerə qədər gedəcəklər; 2) Xarici işlər naziri Tofiq Qasımov diplomatik müzakirələr aparıb həm milli ordumuzun qurulması üçün vaxt qazandıracaq, həm də Qarabağ separatçılarını danışıqlar prosesindən qəti şəkildə uzaq saxlayacaqdı; 3) 4-6 ayda 10-12 min nəfərlik nizami ordu yaradılaraq həlledici hücuma keçiləcəkdi.

“Separatçıların, soyqırımçıların olduğu yerləri 1 həftə bombalayacağıq. Təyyarələrin birini özüm sürəcəyəm. Sonra quru qüvvələrimizin hücumu başlayacaq, sərhədin 20 kilometr o tərəfinə keçib orada dayanacaq, danışıqlar masasında o 20 kilometdən geri çəkiləcəyik, bu məsələ əbədi həll olunacaq” - bunu mənə övladı kimi demişdi...

O vaxt hərbi məktəblərdə oxumaq üçün ilk müdavim qrupu artıq Türkiyəyə göndərilmişdi. Şəhid generalımız Polad Həşimov da o ilk qrupda idi. Müdaifə naziri Rəhim Qazıyev sözə qulaq asmayıb “milli ordu” adı altında 18-19 yaşlı yeniyetmələri ön cəbhəyə göndərərək böyük itkilərə yol açır, topluma dezinformasiyalar sunurdu. Qazıyev Türkiyə-Azərbaycan münasibətlərinə ən böyük zərbəni 9 oktybrdakı parad ərəfəsində vurmağa çalışdı. 1919-cu ildən sonra Azərbaycan mili ordusunun keçirəcəyi hərbi parada hazırlıqları Türkiyə çox yaxından izləyirdi. Yaşar paşanın təlimatıyla Türkiyədən gələcək qonaqların protokol işləriylə mən məşğul olurdum. Müdafiə naziri Nevzat Ayazın gələcəyi gizli şəkildə bizə bildirilmişdi. Ziyafətdə Azərbaycanın müdaifə naziri də iştirak etməliydi, bundan başqa alternativ ola bilməzdi. Müdaifə Nazirliyinin müvafiq idarəsiylə əlaqə saxladım, həmin gün nazir Qazıyevin ziyafətdə iştirak etmək üçün irəli sürdüyü şərti mənə dedilər: “Zeynəb Xanlarova da dəvət edilsə, nazir iştirak edər”.

Azərbaycan müdafiə nazirinin protokoldakı yeri Türkiyə milli müdafiə nazirinin yanında idi, ancaq o yer boş qaldı, ziyafətdə iştirak edən Rəhim Qazıyev uzaq bir küncdə oturub çıxışçılara ordan söz atmağı tərcih etdi. Türkiyənin milli müdafiə Nevzat Ayaz isə yüksək dövlət mədəniyyəti nümayiş etdirərək axıra qədər təmkinini qorudu, ertəsi gün yola saldıq. Özünün imperiya və cümhuriyyət əsalətinə sadiq qalan Türkiyə həm Qarabağı, həm də Azərbaycanı düşünərək Rəhim Qazıyevin o hərəkətlərinin üstünü vurmadan Azərbaycana yardıma davam etdi.

Şuşamızın 8 may 1992-ci ildə işğal edilməsindən düz 1 il sonra - 8 may 1993-də 12 min nəfərlik Azərbaycan milli ordusu həlledici əməliyyata hazır vəziyyətə gətirilmişdi. Memarı Yaşar Demirbulak paşa idi. Türkiyəyə qayıdandan düz 6 il sonra hərbi hava kəşfiyyatçısı olduğunu bilmişdim: 21 oktyabr 1999-da professor Ahmet Taner Kışlalı bombalı sui-qəsdə qurban gedəndə TV-də danışan general-leytenant Yaşar Demirbulakın adının altında “Türkiyə hərbi-hava qüvvələri kəşfiyyat idarəsinin keçmiş rəisi” yazılmışdı. Bakıda olanda heç kim bilməmişdi...

Yazılması lazım olan çox şey var, vaxtı gələndə hamısı yazılacaq. İndilik isə əziz vətən torpaqlarımızın işğaldan azad edilməsinin bayramını yaşayaq, Şuşamıza qovuşmağın qüruruyla başımızı dik tutaq.
Ruhunuz şaddır, Yaşar Demirbulak, Osman Ilgaz, Halil Kalaycıoğlu...

Milli Müdafiə Doktrinamızın qəbul edilməsindən 2 gün sonra Yaşar paşa prezidentdən xahiş etdi ki, İntiqam Abdullayev polkovnik rütbəsinə yüksəldilsin. 1993-cü ilin axırında Murov dağında itkin düşdüyünə dair xəbər gəldi. Gülhane Hərbi Tibb Akademiyasında ürəyindən əməliyyat olan Yaşar paşaya zəng etdim, özünün yetişdirdiyi İntiqam Abdullayevin taleyindən xəbərdar idi...

Ordumuzun növbəti istiqaməti Murov dağınadır...

Ardı var...

Mayis Əlizadə, Dominant.az üçün




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar