Bu gün Azərbaycan Yüksəliş Partiyasının Başqanlıq Heyətinin genişləndirilmiş toplantısı keçirilib.
Toplantıya Başqan Anar Əsədli, Başqanlıq Heyətinin üzvləri Bəhrəm İsmayılov, Gülşən Hacıyeva, Sevinc Fədai, Rəşad Bakuvi, Nigar Sultanlı, İlahə Qurbanlı, Mətanət Həsənova, Nurel Kərim, Baş Məclisin sədri Şəmsəddin Rəhimli, müavini Rəqibə İsbiyeva, katibi Turac Hacızadə, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Dadaşzadə, üzvü Qüdrət Əsədov qatılıblar.
Yığıncaqda AY Partiya Başqanın yeni müavinləri təqdim olunub, onların fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Toplantıda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər, bölgələrə səfərlər, rayon təşkilatlarının sıralarının genişləndirilməsi və digər məsələlər də müzakirə olunub.
Yığıncaqda Azərbaycan prezidentii İlham Əliyevin Rusiyaya gözlənilən səfərinə dair Kremlə yaxın TASS agentliyinin yaydığı məlumata toxunulub. Qeyd edilib ki, Azərbaycan ictimaiyyətinin dövlət başçısının hər hansı xarici səfəri ilə bağlı məlumatı xarici KİV-dən alması müsbət hal deyil. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin indiyədək açıqlama verməməsi qəbuledilməzdir. Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində, Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində mütəmadi təxribatların törədilməsi, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda rəsmi səfərlə əlaqədar məlumat verilməməsi narahatlıq yaradır.
Azərbaycanın dövlət media agentliyinin məsələ barədə rəsmi məlumatı olmadan Azərbaycanda belə müzakirələrin aparılması manipulyativ haldır, hökumətin bununla bağlı açıqlaması gecikməməlidir.
İclasda həmçinin AY Partiyanın Analitik Təhlil Qrupunun yaradılmasına qərar verilib.