Biz zəfərə inanırıq!

30 Avqust 2020 22:19    381 Baxış   
Biz zəfərə inanırıq!
Bu yazı 30 avqust Zəfər Bayramına və Qazı Mustafa Kamal Atatürkün anısına ithaf olunur!

Dünyadakı siyasi hərəkətliliyin hərarəti hər gün bir az da artır. Bizim regionda isə həm də savaş qoxusu var. Tovuz hadisələri zahirən sakitləşmiş görünsə də, hərbi aktuallığını saxlayır. Türkiyə ilə birlikdə hərbi təlimlər və buna cavab olaraq Rusiyanın hərbi və diplomatik nazirlərinin fəallığı Tovuz rüzgarının hələ də əsdiyindən xəbər verir.

Bu münaqişənin havasında Rusiya qoxusu varkən və Rusiya maşaları iş başındaykən toy kasetləri və ombudsman xanımın toy libası və bəzək əşyalarının qiyməti kimi səviyyəsiz söz-söhbətlər ortamın başını qatır. Haqsızı haqlı duruma düşürürlər. Bu məsələ barədə oxucularımıza qısa bir izah verim, kecək mətləbə. Ombudsman xanımın özünün və həyat yoldaşı olan millət vəkilinin aldığı maaş təxminən 10 min manat civarındadır və bəzi hallarda bunu da ötür. Yəni Novruzovlar ailəsinin büdcəsi özlərinə, təxminən, bir neçə minlik bahalı bir geyim və ya zinət əşyası almağa imkan verir. Əgər ailə büdcəsi imkan verirsə, adama “niyə almısan” demək etikaya sığmır. Doğrudur, Azərbaycan kimi vətəndaşı az maaş alan və sosial rifahı aşağı olan bir ölkədə məmurun, hətta ailə büdcəsi imkan verirsə belə, bu qədər bahalı geyinməsi də etik deyil. Amma bütün bu söhbətlərin də ortaya atılması ölkə ictimaiyyətini siyasi proseslərin mahiyyətindən yayındırır və çaşdırır.

Əsl mahiyyət isə Rusiya faktoruna güvənən siyasi elitanın çöküşüdür. O Rusiya ki, 200 ildir Türkmənçaydan başlayaraq 27 aprel cümhuriyyət işğalına qədər, Xocalı soyqırımından tutmuş ölkəmizin müstəqilliyinə təhdidə qədər, 20 yanvardan tutmuş torpaqlarımızın işğalına qədər hər yerdə aparıcı qüvvədir. Hələ bu yaxınlara qədər Arif Rəhimzadələrin, Araz Əlizadələrin, Zahid Orucların Rusiya, Rusiya! - çığırtısını eşidirdik.

Ancaq fakt odur ki, Mehdiyevin çöküşü bəzi politoloqların yazdığı kimi, təkcə hakimiyyətdaxili məsələ deyil. Diqqət etsək görərik ki, rəsmi Bakının Rusiya ilə bağlı siyasi ritorikasında sərt dəyişikliklər var. İş o yerə çatdı ki, rus matroslarının qarşısında o rəzalətli rəqsin təşkilatçılığını heç kim boynuna götürmədi.

Gəmilərin arxasınca Rusiya Müdafiə naziri Şoyqu Bakıya təşrif buyurdu. Xarici işlər nazirimiz Bayramov isə Moskvada Lavrovun qonağı oldu. Bütün bu görüşləri Rusiyanın ən azından “sülh planı”nı qorumağa cəhdi kimi qiymətləndirsək, daha doğru olar. Əslində, Rusiya “sülh planı” dedikdə işğalın hələ sürəcəyindən və bu vəziyyətin həm Rusiyanı, həm də Ermənistanı qane etməsindən bəhs edir.

Bu, sirr deyil. Hətta Ermənistana göstərilən hərbi yardımını “taxta-şalban” söhbətinə çevirməsi də şimal ayısının əsl üzünü gizlədə bilmədi. Prezident administrasiyasının sözçüsü Hikmət Hacıyevin mediaya müsahibələrində verdiyi mesaj “Rusiyanın izahatı bizi qane etmir, inşaat materialları başqa yollarla da daşına bilər” deməsi də rəsmi Bakının ritorikasının dəyişdiyinin göstəricisidir.

Bu gün cəmiyyətimiz Rusiya ilə bağlı həm də qorxu və həyəcan içərisindədir. “Rusiya bizə nə edə bilər” deyə fikir mübadiləsi ən müxtəlif təbəqələrdə müzakirə predmetidir.

Yaxşı bəs Rusiyanın faktiki durumu necədir?

Köşəyə sıxışmış Rusiya xarici siyasətində təsir edə biləcəyi postsovet ölkələri olan Belarusda, Qafqazda və Orta Asiyada çatlar verir. Rusiya Batkanı zorla nə qədər hakimiyyətdə saxlaya bilər, demək çətindir. Amma zorla xalqa sırımaq siyasəti daha yürümür. Köhnəlik yürümür. Əski əşyalar yığan adamlar kimi keçmişdə ilişib qalan Rusiyanın siyasəti yürümür.

Bazar iqtisadiyyatını reket iqtisadiyyatına çevirən, kapitalizmə keçməyə adaptasiya olunmayan iqtisadiyyatı çox öyündüyü kosmik tədqiqatların inkişafını belə, geridə qoyur. Elə bu səbəbdən də kosmosla bağlı məsələlərdə də Tereşkovada ilişib qalır. Məsələn, Amerika bu sahədə də çox irəlidədir, Marsın kəşfini davam etdirir. Rusiya isə anlamır və ya anlamaq istəmir ki, Brejnevsayağı qara bazar iqtisadiyyatının inkişafı, sistemsiz iqtisadi münasibətlər müvəqqəti olaraq vətəndaşların rifahını təmin edə bilər, gözlə görünəcək yaxşı həyat sərgiləyə bilər, ancaq Rusiya vətəndaşına işıqlı gələcək vəd edə bilməz.

Bu şəkildə ölkənin çöküşü qaçılmazdır. Necə ki, SSRİ çökdü. SSRİ-ni çökdürən əsas səbəblərdən biri də oğurluq və korrupsiya idi. Hazırkı Rusiya iqtisadiyyatı sovetin uğursuz variantıdır. Şişirdilmiş oliqarxlar, reketlər, Putin diktaturası “raşa-kaşa” əmələ gətiribdir. Sənaye zəifləyir, xaricə istehsal demək olar ki, yoxdur. Bazar isə Türkiyə, Çin istehsalı olan mallarla dolu. Yeganə gəlir gətirən sənaye demək olar ki, silah istehsalıdır, o da, xırda qan ocaqları susduqda, bu gəlir bulağının da quruyacağı bəllidir. Çünki Amerikanın təsir gücü artdıqca, əlbəttə ki, Amerika silahı daha çox satışa malik olacaq.

Bu qədər təbii sərvətə, böyük insan resursuna sahib, elmi potensialı güclü olan və geniş coğrafi ərazidə yerləşən bir dövlətin idarəçiliyində qaçaq-quldurun yer alması Rusiyanın bu qədər geridə qalmasına səbəb olur. İş O qədər acınacaqlıdır ki, Başqırdıstanda böyük narazılığa səbəb olmuş Quştauda zavodun özəlləşdirilməsini Rusiya hökuməti boynundan atır və “bunu edənlər ölkə qanunlarına zidd və Rusiyanın iradəsinin əleyhinə hərəkət etmişlər” kimi bəyanatlar verilir. Yaxşı, bəs o boyda zavodu özəlləşdirərkən icra başçısı səviyyəsindəmi qərar verilmişdir? Kimin nəyə sorumlu olması bəlli deyil. Xabarovskda baş verənlər başqa bir “Qırx quldur” nağılıdır. Rusiyada olduğu kimi, qanunların deyil, güclülərin idarə etdiyi ölkələrin hər biri öz ayağına daş bağlayıb suda boğulmağa məhkumdur. Cənubi Koreya, Yaponiya kimi təbii sərvətlərdən məhrum, sadəcə elmi və texnoloji yeniliyi bayraq edib dünyanın ən güclü dövlətlərindən birinə çevrilən ölkələrdən ən azından nümunə götürülməli idi.

Lakin Rusiya özünün imperialist siyasətindən əl çəkə bilmir deyə, hər gün bir az da geriləməkdədir. Düzdür, Rusiya müəyyən rıçaqlarla təsir imkanlarını əlində saxlayır - məsələn, son vaxtlar tez-tez eşidilən “Rusiya bazarlarında pul qazanan həmyerlilərimizə mane olmayın, barı oradan çörək pulu qazansınlar” fikirləri göstərdi ki, Rusiyanın strateji planlarına daxil olan “Rusiya bazarı - çörək pulu yeridir” - teoremi təhlükəlidir və birbaşa şantajdır.

Yaxın tarixdə pandemiya dövründə ölkəmizə keçmək istəyən həmyerlilərimiz Dağıstan sərhədində saxlanıldılar və ən sonda da alçaldıcı şəkildə OMON tərəfindən döyüldülər. Yəni Rusiyanın mesajı açıq idi - istəyərəm sevərəm, istəyərəm döyərəm. Eyni mesaji ermənilərə də verdi, bu dəfə azərbaycanlı iş adamlarının əli ilə. Tovuz hadisələrindən sonra haqlı olaraq hiddətlənən azərbaycanlı oliqarxlar bazarlara qısa müddətə erməni satıcılarını buraxmadılar. Rusiya bir neçə gün buna imkan yaratdı, çünki cərəyan edən hadisələr Rusiyanın strateji planına tam uyğun idi. Bununla ermənilərə mesaj verildi.

Yuxarıda dediyim kimi, Rusiya bazarında qazanılan çörək pulu əvvəl-axır bazar iqtisadiyyatı münasibətlərini qura bilməyən, korrupsiya və inhisarçılığın baş alıb getdiyi ölkələrin xarici siyasətində dirənən nöqtələrdən biri olur. Ölkəmizdə sənayenin inkişafı, qeyri-neft sektorunun irəliləməsi, həm də vətəndaşlarımızın qısa zamanda bizə şantaj yeri olan Rusiya bazarlarından çıxarılmasının əsasına zəmin hazırlaya bilər. Öz bazarlarını postsovet vətəndaşları üçün çörək pulu meydanı edib, sonra da bu xətdən həmin ölkələrə şantaj yapan Rusiyanın bu şantajından qurtulmanın yolu olmalıdır. Ömür boyu bu məsələnin üzərində xarici siyasət qurmaq olmaz.

Biz artıq yol aldığımız xarici kursumuzda - şimaldan qərbə doğru yolda qətiyyətli olmalıyıq. Necə ki, Rusiyanın barışmaq üçün yalançı “dostumuzsunuz və rus dilini qoruduğunuz üçün təşəkkürlər” mesajları da səssizcə qarşılandı və havada qaldı.

Ölkəmiz tolerantdır, burada istənilən xarici dil yüksək səviyyədə öyrənilə bilər, biz istənilən biliyə açığıq, amma bu Rusiya vassalı olacağımıza dəlalət etmir. Ənvəroviçlər bunu hesablayacaq qədər uzaqgörən olmadılar, şovinist Rusiyanı da rus dili məsələsi çaşdırdı. Daha nə Şoyqu, nə Lavrov yalanları işə keçmir. Batan gəmidə bizim işimiz yoxdur.

Öz gəmimizdə düzgün yelkənlər açaraq dünya siyasi okeanına səmt almışıq. Yeni qüvvələr, yeni parlament, yeni nəfəs gərəkdir ölkəmizə bu səfərində.

Bəs şimaldan qərbə doğru istiqamətlənməyimiz bizə nə vəd edir?

Qərb dedikdə, Amerika və bizi dünya siyasi okeanına çıxaracaq qardaş Türkiyənin son dövrlər atılan qətiyyətli addımları Rusiyanı narahat etməyə bilməz. Heç gözləmədiyi halda buradakı maşalar böyük zərbələr aldı. Türkiyənin Qarabağ məsələsində geri addım atmaması və rus təhdid və şantajlarının qarşısına sinəsini verməsi, əlbəttə bizim dövlət rəhbərlərinin də qoluna güc verir. Kiçik bir Ermənistan arxasındakı Rusiya ilə bizə illərdir meydan oxudu.

Amma Rusiyanın mövqeləri zəifləyir. Bunu görürük. Zaman bizə şans verir. Şansı düzgün dəyərləndirək. Bir zamanlar çox zəif vəziyyətində bizi erməni soyqırımından qurtaran Osmanlı türkləri artıq yeni dövlət, yeni cümhuriyyət və dünyanın ən güclü ordularından birinə malik bir ölkə kimi bizə hərbi dəstək verir. İki türk dövlətinin regionda birləşib barış naminə savaş etməsi və gələcəkdə ümumən regionda barış yaradan qüvvə kimi çıxış etməsi əsl zəfərə aparan yoldur.

Bizim o zaman nə Rusiyadan qorxacaq yerimiz olacaq, nə İrandan.

Böyük Atatürkün sözlərinin bizim bugünkü vəziyyətimizə tam uyğun olduğunu düşünərək yazını bu sözlərlə bitirmək istəyirəm: Zəfər zəfərə inananlarındır.

Biz zəfərə inanırıq!

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar