Qəhrəmanlar unudulmur - FOTO

17 Yanvar 2024 11:24    1930 Baxış   
Qəhrəmanlar unudulmur -   FOTO
Tərtər rayonunda Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Hüseynovun anım günü keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, şəhid ailələri, qazilər və qəhrəmanın ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, qəhrəmanın büstü önünə tər çiçək dəstələri qoymuşlar. Tədbir iştirakçılarına öncə qəhrəmanın həyat və döyüş yolu haqqında geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olmuşdur. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Politexnik İnstitutunda ali təhsil almışdır. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət etmişdir. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışmışdır. Daha sonra o, Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Erməni quldurlarının yurdumuza hücumu, soydaşlarımızın doğma yurd-yuvasından qovulması, məcburi köçkün və qaçqınların dözülməz məişət şəraiti, oğullarımızın şəhid olmaları onu əlinə silah alaraq azgın düşmənə qarşı vuruşmağa sövq etmişdir. Məhz buna görə də, 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, müsbət cavab almışdır. 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub.



Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşmüşlər.



Daha sonra Tərtər Olimpiya İdman Kompleksində məşqçı Şamxal Rəfizadənin təşəbbüsü və təşkilatçılığı ilə təsis olunan Milli Qəhrəman Elman Hüseynovun adına idman klubunun rəsmi açılış mərasimi keçirilmişdir. Klubun rəhbəri Şamxal Rəfizadə qeyd etmişdir ki, yeniyetmə və gənclərin idman vərdişlərini artırmaq, onların peşəkar idmançı kimi yetişmələri üçün yaradılan bu idman klubu Tərtər rayonundakı gənclərin sağlam inkişafını təmin edəcək layihələrdən biridir. Milli Qəhrəmanımızın adını daşıyan idman klubu bu baxımdan gənclər üçün bir məktəb olacaqdır. Tədbirdə iştirak edənlər qeyd etdilər ki, Klubun fəaliyyəti yeniyetmə və gənclərin narkomaniya, zərərli vərdişlərdən uzaqlaşması və sağlam həyat tərzinə yönəldilməsi baxımından çox faydalı olacaq.



Çıxış edənlər bildirmişlər ki, Milli Qəhrəman Elman Hüseynovun adını daşıyan İdman klubu gələcəkdə Azərbaycan İdmanına öz töhfəsini verəcəkdir. Mərasim çərçivəsində İdman klubunun gənc üzvlərinin iştirakı ilə idman hərəkətləri nümayiş olunmuşdur.

PS: Xalqımızın qəhrəman oğlu, igid döyüşçü Elman Hüseynovu birinci Qarabağ savaşının ilk aylarından tanıyıram. Cəbhəyə növbəti səfərim Tərtər rayonuna idi. Könüllülərdən ibarət özünümüdafiə taboruna gedəndə həyətdə çoxlu insanlar vardı. Əksəriyyət də, qadınlar idi. Onlar Vəng yüksəkliyindəki döyuş zamanı şəhid olmuş igidlərin valideynləri idi. 13 şəhidin nəşi qalmışdı savaş meydanında. Onları götürmək üçün növbəti hücum planı hazırlanırdı. Elman müəllim də valideynlərə bizim yanımızda söz verdi ki, hökmən şəhidlərin nəşini götürüb ailələrinə təslim edəcəklər.



Yanvarın 13-də hücum oldu. Uğurla başa çatdırıldı. Yüksəklik düşməndən alınd. Çox təəssüflər ki, Elman Hüseynov snayperlə vuruldu. Canı bahasına, həyatı bahasına verdiyi sözü tutdu. Həmişə elə idi. Kişi sözünə dəyər verən idi. Yenə də elə oldu. Son nəfəsində də, əqidəsinə, xarakterinə xilaf çıxmadı. Nur içində yatsın igidlərimiz. Allah rəhmət eləsin qəhrəmanımızın. Əntiqə Qonaq, əməkdar jurnalist.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar