Eldar Həsənovun düşündürücü həbsi...

13 Avqust 2020 22:43    491 Baxış   
Eldar Həsənovun düşündürücü həbsi...
Bu günün siyasi gündəmi Türkiyə ordusunun Azərbaycana gəlişi, Rusiyanın Ermənistana hərbi dəstəyidir.

Əsas xəbərlərdən biri Azərbaycan və Rusiya prezidentlərinin telefon görüşməsi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edərək, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra - iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu onun diqqətinə çatdırıb. Bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirərək Prezident telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Son yazılarımızda xüsusən Rusiya ilə bağlı təşvişimizi və şimal qonşumuzun imperialist siyasətini davamlı olaraq yürütdüyünü bildirirdik. Bu yazılara görə “Rusiya sevdalıları” bizi rus düşməni adlandırdılar.

İsrarla bildirirdik: Rusiya bizim ona münasibətimizdən asılı olmayaraq dost deyil və bizimlə əsla bir səngərdə durmayacaq!

Bu gün nəhayət prezidentlərin telefon danışığı bizim narahatlığımızın əsaslı olduğunu göstərdi. Bizi bütün resursları birləşdirib Rusiya ilə bərabər olmağa çağıran “tədqiqat” mərkəzləri və rəhbərləri hadisələri doğru təhlil edə bilmədiklərindən, görünür, dövlət başçısının diplomatik şəkildə əlini gücləndirmək üçün toplumun narazılığını və narahatlığını ifadə edən yazılar siyasi şəxslər tərəfindən mövqe olaraq ortaya qoyulmalıdır. Əks halda Prezident nəyə əsaslanıb deyəcəkdi ki, ölkə ictimaiyyəti narahatdır?

Öyrənin... dövlət və milli maraqlar necə qorunur, paslar necə verilir!

Bütün olaylar onu göstərir ki, Türkiyə ilə nəinki birgə hərbi təlimlər, hətta tezliklə birgə hərbi əməliyyatların keçirilməsi də məqsədəuyğun olar. Milli maraqlarımız və dövlət təhlükəsizliyi baxımından Türkiyə hərbçilərinin Azərbaycanda uzun müddətli fəaliyyət göstərməsi vacibdir. Ən azından Qarabağ problemi tamamilə həll olunana kimi... Azərbaycan ordusunun Ermənistanla savaşdan qalib çıxacağına heç bir şübhəmiz olmasa da, reallıq budur ki, Ermənistanın arxasında Rusiya var. Ona görə də Azərbaycan daim Türkiyə ilə bərabər olmalıdır.

P.S. Biz hələ yeni başlayırıq - söyüşsüz, şiddətsiz, nifrət dilindən uzaq yeni siyasi münasibətlər inşa etməyə çalışırıq. Bu baxımdan qeyd edək ki, Zahid Orucun yazısına olan cavabımız və bütün başqa yazılarımız da kiminləsə şəxsi-qərəzlik daşımır.

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar