İran - Azərbaycan münasibətlərinin həqiqətləri

22 Sentyabr 2020 12:00    658 Baxış   
İran - Azərbaycan münasibətlərinin həqiqətləri
Araz axır qıyğacı,
(Ay qız, ay qız, ay qız, amandır!)
Budur, gəlir cüt bacı, qadan alım!
Biri mənim öz yarım,
(Ay qız, ay qız, ay qız, amandır!)
Biri başımın tacı, qadan alım!

Arazı ayırdılar,
(Ay qız, ay qız, ay qız, amandır!)
Su ilə doyurdular, qadan alım!
Mən səndən ayrılmazdım,
(Ay qız, ay qız, ay qız, amandır!)
Güc ilə ayırdılar, qadan alım!

İran barədə danışmaq çox çətindir. İnsanlarımızın beyni riyakar təbliğatla, təhrif edilmiş tarixi məlumatlarla o dərəcədə bulandırılıb ki, bilmirsən, həqiqəti çatdırmaq üçün nədən və haradan başlayasan. Ancaq bu mövzu mütləq gündəmə çıxarılmalıdır, çünki Azərbaycan üçün İranla uğurlu münasibətlərin qurulması ən vacib məsələdir, desək, yanılmarıq.

Əvvəla İranın birmənalı olaraq “Fars dövləti” kimi səciyyələndirilməsi düz deyil. İranın və eyni zamanda Azərbaycanın tarixi qədim Midiya dövləti dövründən başlayır. Yeri gəlmişkən, bu yaxınlarda bizim Polşadakı səfirimiz Həsən Həsənov olduqca maraqlı elmi əsər çap etdirib: “Makedoniyalı İskəndər və Atropat”. Bu kitabda müəllif bir çox sənədlərə istinadən sübut edir ki, İran – Azərbaycan tarixi e.ə. 612-ci ildən, Assuriyanın paytaxtı Nineviya Midiya tərəfindən fəth edildiyi vaxtdan hesablanmalıdır.

Midiya xalqı 7 böyük tayfa birliyi əsasında formalaşıb. Dünya elmində görkəmli mediaşünas kimi tanınan akademik İ.Dyakonov yazır ki, bu tayfaların 6-nın dili birmənalı olaraq fars dilindən tam fərqlidir. Lakin məlumdur ki, bu ərazidə farslarla qonşuluqda, əsasən, türkdilli tayfalar yaşayıb. Dyakonov bunun üstündən ötəri keçir, çünki türk tarixinin qədimləşməsini elmi cəmiyyət həzm etməyəcəkdi.

Həmin dövrdə Midiya dövləti Zərdüştlük dini-ideoloji dəyərlər sistemi üzərində möhtəşəm sivilizasiyanın əsasını qoyub. Təxminən 1300 il - Babək hərəkatı sona yetənə və İslam dini Azərbaycanda tam bərqərar olanacan, möhtəşəm qədim bu sivilizasiya nəyinki regionda, hətta uzaq Baltik dənizi hövzəsi xalqlarının mədəni təfəkkürünə danılmaz təsir göstərib.

Midiya dövləti Assuriya kimi güclü “yırtıcı” bir superdövlətlə mübarizəyə başlayanda cənub tərəfdə qonşusu olan farsdilli tayfalar birliyini də müttəfiqliyə cəlb edir. Bu uğurlu ittifaq sonra əsrlərin sınağından keçərək bu günə kimi gəlib çatıb. Beləliklə, bu, bəlkə də, bəşər tarixində ilk ittifaq formalı dövlət nümunəsidir.

Bir məqamı qeyd etmək vacibdir: dini xidmətin icrasını Zərdüşt Midiya qəbiləsindən olan Maqlara həvalə etmişdi. Yalnız bu qəbilənin üzvləri kahin ola bilərdilər. Varislik isə istisnasız olaraq atadan oğula keçməli idi. Beləliklə, harada Zərdüştlük mövcud olubsa, o ölkədə mütləq (az da olsa) Azərbaycanla qan qohumluğu olması labüddür.

İslama qədər İranda əsrlər boyu şahların başına tac qoymanı yəni “inauqurasiya mərasimini” Maq əsilli Zərdüşt kahini həyata keçirib. Ahura – Mazda xeyir – dühası ilə şahlara “legitimlik” verilməsi Maq kahinlərdən asılı idi. Lakin bizim tarix kitablarında, tamamən, yanlış olaraq Midiyanın guya Fars dövləti tərəfindən işğal olduğu yazılıb. Bu fars-türk “düşmənçiliyinə” tarixi çalar vermək istəyənlərin uydurmasıdır.

Midiya-Fars ittifaqında bir neçə onilliklərdən sonra hakimiyyət bölgüsü baş verir. Dini-siyasi rəhbərlik Maqların əlində saxlanırdı (bunu yuxarıda qeyd etdiyimiz səbəbdən dəyişmək mümkün deyildi), icra hakimiyyəti – yəni iqtisadiyyat, asayiş, ordu, yolların vəziyyəti, su təchizatı və s. farslara həvalə olunurdu. Dövlət aparatı rəhbərliyinə Əhəməni tayfa başçısı Kambisin oğlu (dünya tarixində Kir adı ilə tanınan) Kuruş gətirilir. Bir sıra mənbələrdə onun anasının Midiya padşahı Astiaqın qızı olduğu bildirilir. Doğrudan da, 559-cu ildə (e.ə.) məmləkətin dövlət taxtına oturduqdan sonra Kir, Astiaqı əyalətə sürgün etməklə kifayətlənir, onun həyatına qəsd etmir.

O da maraqlıdır ki, “Midiya” və “Persiya” bu dövlətə yadellilərin verdiyi adlardır. Xalq öz yaratdığı dövlətinə ta əzəldən “İran” deyib. Kimliyini də İran xalqı kimi anlayıb. Daxildə etnik mənşəyi dəqiqləşdirmək üçün kimin fars, kimin azərbaycanlı – yəni türkəsilli – olması bildirilirdi. Çünki sadəcə o dövrdə “Türk” termini hələ mövcud deyildi. Azərbaycanlı anlayışı elə türk anlamının sinonimi olub.

Məlumdur ki, İran imperiyasını XV əsrdən XX əsrin əvvələrinəcən, 500 ildən artıq bir dövrdə, Azərbaycan əsilli sülalələr idarə edib. Birinci dünya müharibəsi sona yetdikdə, bütün imperiyalar, demək olar, çökdükdə İranda da “ara qarışır, məzhəb itir”. Hərbi çevriliş baş verir və İranda fars əsilli general Reza xan Pəhləvi hakimiyyəti ələ alır (1925 il). On il sonra, Reza şah dünya ictimaiyyəti qarşısında vəsatət qaldırıb istəyir ki, ölkəyə “Persiya” (farslar ölkəsi) deyil, “İran” deyilsin bütün rəsmi səviyyələrdə!

Məhz bu tarixdən başlayaraq Avropa və bütün dünya ictimaiyyəti ölkəni Persiya deyil İran olaraq təqdim edirlər. Bundan əlavə, Reza şah oğlu Məhəmməd Rezanı azərbaycanlı Fərəh-xanımla evləndirir... Bu gün İranda azərbaycanlılar bir çox vacib dövlət vəzifələrində işləyir. Orduda, hərbi sənayedə, iqtisadi-siyasi həyatda mühüm mövqelərə malikdirlər. İranda bu gün ən ali rəhbər vəzifədə azərbaycan əsilli şəxsin – Seyid Əli Xamneyinin – olması deyilənlərə bariz nümunədir.

Yeganə mübahisəli məsələ İranda Azərbaycan dilində məktəblərin açılmasına maneələrlə bağlıdır. Ümumiyyətlə mətbuatda, telekanallarda, ictimai həyatda Azərbaycan dilinin istifadəsi süni olaraq tormozlaşdırılır. Ancaq bu, heç də tək fars millətçiliyi səbəbi ilə baş vermir. Mühafizəkar azərbaycanlı dairələr də ehtiyat edir, əndişələnirlər: bu dil məsələsinin separatizmə zəmin ola biləcəyi İran elitasını qorxudur.

Bu istiqamətdə qarşılıqlı etimadın möhkəmlənməsi üzərində müvafiq danışıqlar aparmaq zəruridir. Sərhədlərin rəsmi delimitasiyası həyata keçməlidir. Digər tərəfdən, Respublikamız internet üzərindən virtual “Azərbaycan dili” məktəbi təşkil edə bilər İran vətəndaşları üçün. Yeri gəlmişkən, dilimizin başqa ölkələrdə də öyrədilməsi bu üsulla yaxşı olardı. “Youtube”da xüsusi televiziya kanalı da açmaq pis olmaz. İran azərbaycanlılarına bizim universitetlərdə güzəştli yerlər ayrılması da nəzərdən keçirilməlidir; bu, bizim özümüzə də olduqca vacibdir, çünki tariximizə, mədəniyyətimizə, folklorumuza, mətbəximizə, etnoqrafiyamıza və s. sahələrə aid tonlarla sənədlər İran arxivlərində istifadəsini gözləyir, bunlarsız biz öz tariximizi əsaslı öyrənə bilməyəcəyik!

Son 20-30 ilə qədər dil etnik mənsubiyyətin yeganə əlaməti kimi qəbul olunurdu. Lakin elmi tərəqqi yeni həqiqətləri üzə çıxarır. Genetika elmi artıq uşağın atasının kimliyini dəqiqliklə müəyyən etməyə imkan verdiyi kimi, onun milliyyətini də aydınlaşdıra bilir. DNT – genealogiya elminə görə bütün məlum xalqlar XX əsas genetik qrupa bölünür (qaploqruplar). Maraqlıdır ki, eyni atadan törəmiş xalqlar bir çox hallarda müxtəlif dildə danışır. Məsələn, rusların çox hissəsi (52 – 53 %) R1a qrupuna aiddir. Qəribədir ki, bu “rus gen grupu” qırğızlarda və taciklərdə, hətta 54-55% çatır. Yəni bu xalqların yarıdan çoxunun əcdadı eynidir! Ancaq min illər keçdikdən sonra onlar rus, türk və fars dillərində danışırlar.

Bu cür tədqiqatlar İranda farslar və azərbaycanlılar arasında aparılsa, nəticə necə olar? 2700 il birgə yaşayan eyni dinə sitayiş edən, qarışıq nikaha girən bu xalqlar bəlkə də qohum çıxacaq? Hər halda, müasir multi-etnik cəmiyyətdə millətçilik meyllərinin qabardılması yox, əməkdaşlığın inkişafı vacibdir.

Bir məsələni də unutmaq olmaz: Böyük Vətən Müharibəsi illərində SSRİ ordusu İran ərazisində olub. İngilis hərbçiləri də İran ərazisinə yerləşib, məqsəd alman təxribatlarının hücumlarının qabağını almaq idi. Vəziyyətdən istifadə edən sovet təbliğatı yerli Azərbaycan əhalisini xoşbəxt azad demokratik cəmiyyət yaratmağa səsləyir. Romantikliyə meylli xalqımız (şair xalq!) cuşa gəlib Demokrat partiyası təsis edir və 1945-ci ildə muxtariyyət qurmaq niyyətini ortaya qoyur.

Lakin vəziyyət dəyişir, SSRİ İrandan təcili çıxmalı olur və tək, əli yalın qalan demokrat qüvvələr mərkəzi hakimiyyətin repressiyasına uğrayır. Onlar separatçı, ölkəni parçalamağa çalışan qüvvə kimi ən sərt şəkildə cəzalandırılır. Təhrikçi sovet rəhbərliyi minlərlə aldadılmış insanların edam olunmasına etinasızlıq göstərir, qətliamı sükutla qarşılayır. Sonralar da İran Qərb orbitinə girəndə, SENTO bloku üzvü olanda SSRİ bu ölkəni zəiflətmək üçün daxildə etnik qarşıdurma törətməyə cəhdlər edir. İranda isə bu hadisələr unudulmayan iz qoyur.

Biz, azərbaycanlılar Qazaxstan, Özbəkistan, Türkiyə və digər bəzi türkdilli xalqlarla qardaşıq. Eyni atanın xələfləriyik, İrandakı soydaşlarımız ilə isə biz həm ata, həm ana tərəfdən doğmayıq. Birincilərlə biz əmi uşaqlarıyıq, İrandakılarla isə eyni ananın bətnindən dünyaya göz açmışıq. Bu ana – Ana torpaq, Ana vətəndir. O, bizi öz südü, öz nemətləri ilə qidalandırıb, körpəlik dövrümüzdə dişi canavar kimi, Tomris ana kimi yağılardan qoruyub. Onun laylası ilə yuxulamış, onun bahar ovqatlı səsi, deyimləri, gülüşü ilə səhərlər oyanıb həyat axarına baş vurmuşuq. Onun öyüdləri, nağılları, rəvayətləri, bayatıları ilə tarixləri, dini-imanı, əxlaqı-tərbiyəni, onun dilini mənimsəmişik. Bu Ana qocalmayan, daim gənc qalan, qız-gəlin kimi vəsf olunan Vətən obrazıdır.

Yuxarıda yada saldığımız xalq mahnısı da görünür, Rusiya imperiyası İranı tam məğlub edəndən və Araz çayı boyunca Azərbaycanın şimal hissəsini qoparıb qəsb edəndən - 1828-ildən sonra aşıqların dilindən səslənib...

İsmayıl Vəliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar