Millət vəkili şəhidlərimizin valideynləri ilə görüşüb

14 Yanvar 2021 19:30    388 Baxış   
Millət vəkili şəhidlərimizin valideynləri ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Xətai Həsənovun atası Xaliq Nəsrəddin oğlu Həsənovla görüşüb.

Komitə sədri şəhid atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Əziz Şəhid atası, sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Oğlunuz Xətai Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. Xətai Ağdərə, Cəbrayıl və Talış kəndi istiqamətində mərdliklə döyüşüb.

Biz bilirik ki, oğlunuzun hələ uşaqlıqdan hərbiyə həvəsi olub. Bu həvəs onunla böyüyüb, xarakterik xüsusiyyətlər doğurub və təsadüfi deyil ki, Xətai döyüşlərin gedişində öz komandirini xilas edən zaman qəhramancasına şəhid olub. Bu gün onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz.

Əziz şəhid atası, Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından məktub və simvolik hədiyyə təqdim edib.



Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Şərəfə kənd sakini, şəhid Ramazan Vəliyevin atası Hilal Vəliyevlə görüşüb.

Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası, Siz Vətən uğrunda igidliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Ramazan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

Tarixi zəfər münasibətilə şəhid atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar və simvolik hədiyyə təqdim edilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar